MDB dövlət başçılarının dekabrın 26-da Moskvada keçirilən qeyri-rəsmi görüşünün üzərindən bəlkə sükutla da keçmək olardı. Çünki bu qurumdan ölkəmiz adına heç bir müsbət gözlənti yoxdur və yaxın illərdə olacağı da mümkün deyil. Ancaq ölkə prezidentinin Rusiyanın 2017-ci il ərzində MDB-yə sədrliyinə münasibət bildirərkən söylədiyi bəzi fikirlərin birmənalı qarşılanmadığını nəzərə alaraq, səthi fikirimi bildirmək istəyirəm.
Ölkəmizin yetkin vətəndaşları MDB barədə dolğun təsəvvürlərə malik olduğundan bu barədə geniş yazmağa zərurət görmürəm. Arxada qalan 26 il sübut etdi ki, bu qurum nə nüfuzlu beynəlxalq və regional quruma çevrilə bildi, nə də qarşısına qoyduğu məsələlərdə ciddi uğura imza atdı. Sadəcə olaraq bu Birlik SSRİ dağıldıqdan sonra Rusiyanın keçmiş sovet respublikalarına yeni nəzarət mexanizmi kimi nəzərdə tutulmuşdu və bu gün də o funksiyanı daşımaqdadır.
Rəsmi olaraq nizamnaməsində insan hüquq və azadlıqlarının təmin olunması, xarici siyasət fəlaiyyətinin əlaqələndirlməsi, ümumi iqtisadi məkanın formalaşdırılması, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, əhalinin sağlamlığının və ətraf mühitin qorunması, sosial və immiqrasiya siyasəti məsələləri, habelə mütəşəkkil cinayətkarlıqla mübarizə, müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq kimi birgə fəaliyyət sahələri öz əksini tapsa da, reallıqda bu istiqamətlərdə təminatlı və işlək mexanizmlər yaranmadı.
Ancaq zaman keçdikcə Rusiya hökumətinin aqressiv siyasəti bu qurumun daha da zəifləməsinə və etibarlı Birlik funksiyasının tamamilə itirilməsinə gətirib çıxardı. Birliyin qaşısında duran vəzifələrin bərabərhüquqlu həlli əvəzinə Rusiya yeni işğalçılıq siyasəti ilə üzv ölkələri tam nəzarətinə almağa cəhd etdi. 2005-ci ildən Türkmənistan MDB-də müşahidəçi kimi fəaliyyət göstərməyə qərar verdi. Ardınca 2008-ci ilin avqust ayında Rusiya ordusunun Gürcüstana daxil olmasından sonra Gürcüstan qurumun üzvlüyündən çıxdı, 2014-cü ilin mart ayında isə rus ordusunun Krıma daxil olmasından sonra MDB-ni ilk təsis edən üç dövlətdən biri olan Ukrayna da qurumun üzvlüyünü tərk etdi. Faktiki olaraq keçmiş sovet ərazilərinə Rusiyanın yenidən nəzarət etmək iddiası açıq-aşkar ortadadır.
Rusiya çox böyük və güclü qonşumuzdur. Onunla normal münasibətlərin qurulması önəmli olsa da, bu əlaqələri milli maraqlarımızı təhlükəyə ataraq davam etdirmək ölkəmizə yaxşı gələcək vəd etmir. Avropa Birliyinə inteqrasiya istiqamətində Cənubi Qafqazda yalnız Azərbaycan hökuməti Rusiyaya hədsiz sədaqət nümayiş etdirməklə ölkəmizin siyasi-iqtisadi maraqlarını təhlükəyə atır.
Prezident İlham Əliyevin, “bu gün Rusiya sabitləşdirici amildir” fikiri, habelə Putinə xitabən, ”sizin beynəlxalq hüququn normalarına şəxsi sədaqətiniz beynəlxalq hüququn normalarının pozulmasından zərər çəkən bütün ölkələrə ədalətin bərpa olunacağına böyük ümid verir” tezisi ortaya bəzi ritorik suallar çıxarır.
Bu yanaşma ölkəmizin milli maraqlarına nə dərəcədə uyğundur? Heç uzağa getməyək, bu günədək keçmiş sovet ərazilərində hökm sürən bütün qanlı münaqişələrin birbaşa müəllifi Rusiya deyilmi? Rusiya nəinki sabitləşdirici faktor, əksinə öz siyasəti ilə qızışdırıcı, dağıdıcı, pozucu faktor olduğunu təsdiq etməyibmi? Beynəlxalq hüququn ən üstün prinsiplərini və normalarını tapdayaraq Gürcüstanın ərazi bütövlüyünü pozan, Ukraynanın ərazisini işğal edən, Azərbaycanın Qarabağ və ətraf rayonlarının 25 ildir işğalda qalmasını açıq himayə edən Rusiya deyilmi? Son illər Rusiyanın beynəlxalq hüquqa etinasız münasibəti az qala qlobal siyasi böhrana çevrilməkdədir.
Ölkə başçısının bu fikirləri Rusiya auditoriyasına, konkret olaraq prezidentliyə yenidən namizəd olan Putinə birbaşa dəstək məqsədi daşısa da, beynəlxalq müstəvidə də izsiz ötüşməyəcək. Qarşıda yeni sanksiyalarla üzləşəcək olan Rusiya hökuməti ilə ölkəmizin bu qədər yaxın mənəvi-siyasi ittifaqı, təəssüflə qeyd edim ki ölkəmizə yalnız zərər gətirəcək.
Oxunub: 116