İlkin İsmayılov adlı vətəndaş xəstəliyi ilə bağlı müraciət etdiyi xəstəxanada üzləşdiyi qanunsuzluqlarla görə redaksiyamıza şikayət məktubu göndərib. Biz də oxucularımızı məktubla tanış etmək qərarına gəldik.
“Mən – İsmayılov İlkin Məmmədrza oğlu 12 sentyabr 2017 ci il tarixində, sol tərəfli qasıq yırtığı diaqnozu ilə Daxili Qoşunların Hospitalına qəbul olundum. Aparılmış müayinə zamanı məndə hepatit c virusu aşkar edildi. 18 sentaybr 2017-ci il tarixində DİN-nin Arif Heydərov adına Respublika Hospitalında PZR analizi verdim vә hospitalda mənə analizin cavabını götürəndən sonra yenidən hospitala gəlmәyimi söylәdilәr. 09 oktyabr 2017-ci il tarixində PZR analizin laborotor müayinəsinin nəticəsi pozitiv + çıxdı və nəticəni götürüb 30 oktyabr 2017-ci il tarixində Daxili Qoşunların Hospitalına getdim. Hospitalın Terapiya şöbəsinin rəisi vəzifələrini icra edən Rauf Allahverdiyev əvvəl bildirdi ki, biz səni qəbul edə bilməyəcəyik, çünki hepatitin müalicəsi bizdə olmadığı üçün sən gedib öz hesabına mülki xəstəxanaların birində müalicə olunmalısan. Daha sonra mənə hospitalın komandirinin müalicə işləri üzrə müavini Şahin Şahmarovla telefon əlaqəsi yaradacağını vә bunun üçün dә mәnim dәhlizdә gözləmәyimi bildirdi. Rauf Allahverdiyev Şahin Şahmarovla telefon əlaqəsi yaradandan sonra məni yenidən otağına çağırdı vә mənə bildirdi ki, biz səni hospitalda saxlayacağıq. Səbəbini soruşduqda mәnә dedi ki, biz səni müayinələrdən keçirəcəyik və sonda sənədlərini rәy verilmәsi üçün göndərəcəyik Hərbi Həkim Komissiyasına. Sual verdim ki, məni təxris edəcəksiniz? Bildirdi ki xeyr, 6 ay sıradan kənar raportu verəcəyik vә müalicə olunacaqsan. Sәndә hepatit c xəstəliyinin yüngül formasıdır. 6 ay müalicədən sonra keçib gedəcək. Mən hospitala qəbul olundum, 2 gün keçəndən sonra hospitalın komandiri Şəmsəddin Heydərov şöbəyə yoxlamaya gəldi. Məni görən kimi hansı xəstəliklə yatdığımı soruşdu, sonra mənə kobudcasına (ə deyərək müraciət elədi) bildirdi ki, səni bu xəstəliyinə görə pensiyasız təxris edəcəyik. Səbəbini soruşanda isә dedi ki, sənin bu xəstəliyinə pensiya düşmür. Sәn xidmət edə bilmərsən. Daha sonra terapiya şöbəsinin rəisi vəzifəsini icra edən Rauf Allahverdiyev məni kənara çəkərək bildirdi ki, 5000 manat pul ver, səni xəstəliklә pensiyaya çıxaraq. Mən də etirazımı bildirdim və dedim ki, mən kasıb insanam, bu qədər pulum yoxdur. 10 noyabr 2017-ci il tarixində müayinəm bitdiyi üçün məni hospitaldan çıxardılar. Rauf Allahverdiyev məni otağına çağırdı və raport nümunəsi verdi ki, ora onun istәdiklәrini yazım. Məndən açıq şәkildә qaraciyər iynə biopsiyasından və müayinələrdən imtina etmәyimi yazıb imzalamağımı istәyirdilәr. Mən də nümәnә kimi göstәrilәn raportu oxudum, yazmaqdan imtina etdim və etiraz olaraq bildirdim ki, mən bura gələndə mənə bu barədə heçnə demədiniz, indi hospitaldan çıxarırsınız deyə bu raportu yazdırırsınız. Rauf Allahverdiyev bildirdi ki, bu müayinələr Azərbaycanda yoxdur. Yalnız Türkiyədə vә Almaniyada olduğu üçün biz səni bu müayinəyə cəlb edə bilmirik. Sonra məni Şahin Şahmarovun qəbuluna apardı və Şahin Şahmarov mənim qarşıma 2 şərt qoydu. Ya raportu yazacaqsan vә bütün müayinə sənədlərini sənə verəcəyik, ya da səni İctimai Səhiyyə və İslahatlar Mərkəzinə aparıb qeydiyyata salacağıq, dövlət tərəfindən müalicə olunacaqsan, ürəyin istəyən vaxt da hospitala gələcəksən, səni qəbul edəcəyik. Yazmasan bunların heç biri olmayacaq. Fikirlәşmәyin üçün sənə bir dəqiqə vaxt verirəm. Yaxşı-yaxşı fikirləş vә mәnә qәrarını bildir. Mən yenə imtina etdim. Mənə kobudluq edərək bildirdi ki, bizim sənin atana borcumuz yoxdur ki, cibimizdən xərc çəkib səni Türkiyəyə göndərək. Bunları dedi vә məni otağından qovdu. Bir sözlə, kimlərinsə sifarişi ilә mәni hərbidən xəstəliklə pensiyasız təxris etdilər. 18 noyabr 2017-ci il tarixində həyat yoldaşım Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanına şikayət məktubu göndərdi, amma şikayətimiz təmin olunmadı. Daha sonra mən Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya və daxili işlər nazirinə məktub yazdım. Mehriban Әliyevaya vә daxili işlər nazirinə ünvanladığım məktuba 26 dekabr 2017-ci il tarixində Daxili Qoşunların Baş İdarəsindən cavab gəldi. Tәәssüf ki, şikayətim təmin olunmadı. Məktubumda Daxili Qoşunların Hospitalının rəhbərliyindən şikayət etdim, onların cəzalandırılmasını tәlәb etdim. Ailәmin mənzillə təmin olunmasını, xəstəliklə tәxris olumduğum üçün pensiya təyin olunmasını istədim. Daxili Qoşunların rəhbərliyi isə mənə tamam başqa bir cavab göndərdi. Ailəliyəm, bir övladım var. Atam Qarabağ müharibəsi veteranıdır, Bərdə şəhərində balaca daxmada yaşayır. Anam 2016-cı ildə vəfat edib. İmkanımız çox aşağı səviyyədədir. Dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunmuşam, həftədə 3 dəfə iynə qәbul edirәm. İynədən sonra vəziyyətim pisləşir, halsız oluram. Dövlətin verdiyi dərmanlarla 1 il müalicə olunmalıyam. Səhəttim işləmək imkanı vermir. Hal-hazırda Daxili Qoşunların yataqxanasında yaşayıram, evdən çıxmağım üçün bir ay vaxt veriblər. Məcburam burdan çıxandan sonra kirayədә yaşayım, amma həmәn o kirayəni nə ilə verəcəyəm, onu da bilmirəm.
Nə pensiya verirlər, nə də ailәmi dolandıra bilmәyim üçün bir işlə məşğul ola bilirәm. Bütün bu problemlərin hamısını onlara yazıb göndərmişəm, əfsuslar olsun ki, onlar da mənim bu şikayətimi təmin etmәdilәr. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığım müraciətdən sonra da Daxili Qoşunların rəhbərliyi Mehriban xanımın göstərişinә məhəl qoymadı. Son ümid yerim sizsiniz. Xahiş edirəm mənim bu problemimi işıqlandırın. Hәr kәs Daxili Qoşunların rəhbərliyinin əsl simasını görsün.”
Azadliq.info
Oxunub: 520