Dekabrın 23-də Quba rayonunda itkin düşən alpinistlərin axtarışı nəticə verməyib.
“Gilavar” hava və ekstremal idman növləri klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadov dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən çıxaraq Tufandağa gediblər.
Axtarış işlərinə üç gündən sonra, FHN-ə alpinistlərin yoxa çıxması barədə məlumat daxil olduqdan sonra başlanılıb.
Axtarışa FHN-in aviasiya dəstəsinin “Mi-17” helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə cəlb olunub.
Bununla yanaşı FHN könüllü axtarış qruplarının yaradılması üçün sosial şəbəkələrdəki çağırşlarla bağlı xəbərdarlıq edib. Nazirlik axtarışların mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını, eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edib ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir. (Turan)
Oxunub: 184