14 ildən bəri “Azərbaycan prezidenti” adını daşıyan İ.Əliyev indiyədək dönə-dönə demişdi: “Rusiya bizim strateji müttəfiqimizdir”. Bunu bugünlərdə onun Rusiyadan orden alan vitse prezident xanımı da ayrıca vurğuladı: “Rusiya bizim strateji müttəfiqimizdir”.
İstər-istəməz ortaya belə bir soru çıxır: iki yüz ildən bu yana qanlı qırğın yoluyla öncə Dəmirqapını tutub Azərbaycandan alan, sonra Azərbaycanı iki yerə bölən (Quzey, Güney), sonra Azərbaycan coğrafiyasında erməni dövləti yaradan, ermənilərin əlilə Azərbaycanç qırıbn-çatan, Borçalını alıb Gürsütana qatan, bunlar azmış kimi ermənilərlə birgə Xocalı soyqırımını törədən, Qarabağı əlimizdən alıb erməniləşdirməyə çalışan bir dövləti “strateji müttəfiqimiz” adlamdırmaq olarmı? Olarsa, onda bizim strategiyamız nədir?
Anlayışlardan başlayaq. “Müttəfiq” ərəbcədir, bizm dildə BAĞLAŞIQ – BAĞLAŞIM deməkdir. Dilimizə fransız dilindən keçmiş (kökü yunancadır) “strategiya” sözünün açıqlama sözlüyündəki anlamına baxaq: “Strateji. 1. Strategiya ilə bağlı olan, strategiyaya aid, strategiya tələblərinə cavab verən, ümumi hərbi məqsədləri həyata keçirmək üçün əhəmiyyəti olan. 2. Hərbi əhəmiyyəti olan, müharibənin ümumi məqsədlərinin həyata keçirilməsi baxımından əhəmiyyəti olan. 3. məc. Siyasi, inqilabi mübarizənin hər hansı bir mərhələsində ümumi əsas məqsədlərin həyata keçirilməsi üçün çox böyük əhəmiyyəti olan” (Azərbaycan dilinin izahlı lüğəti, Bakı – 1987, səh. 107-108).
Strategiya anlayışının sözlükdəki üçqat anlatması iki yüz ildən bəri özünün Azərbaycana düşmən inperiya strategiyasına bütünlüklə bağlı qalan Rusiya ilə bizim “strateji müttəfiq” ola biləcəyimizə azacıq da yer qoymur. Yeri gəlmişkən, sözügedən sözlük dəyişiklik-yenilik edilmədən İ.Əliyevin “sərəncamına” uyğun olaraq yenidən çap edilib. Sözün anlamı dəyişməyibsə, eləcə də Rusiyanın Azərbaycanla bağlı iki yüz illik aqressiv imperiya strategiyası dəyişməyibsə, nədən bu ölkənin prezidenti ilə vitse prezidenti Rusiyanı bizim “strateji müttəfiqimiz” adlandırır? Bu gün “Ermənistan” adlı qondarma dövləti Rusia ordcusu qoruyur, Rusiya “Ermənistan”ın Azərbaycandan güclü olması üçün hər il erməniliyə böyük yardımlar edir, erməniliyin Qarabağda yerləşib bərkinməsi üçün onlara ardıcıl olaraq ekonomik, politik, diplomatik (sonu görünməyən yalançı “dinc barış danışıqları”) arxadurmalarda bulunur. Başqa bir yandan, imperialist Rusiya dövləti Azərbaycanın çöküşü, erməniliyə hər baxımdan yenilməsi – Rusiyadan asılılığı üçün əlindən gələni edir.
Aqressiv imperiya strategiyasının acınacaqlı ekonomik sonucunu bircə fakt bütün çılpaqlığı ilə göstərir: doğal resurslardan yoxsul “Ermənistan”da minimum donluq 130 dollar, doğal resursları aşıb-daşan, 350 milyard neft gəlirlərinin gəlib getdiyi Azərbaycanda 76 dollardır. Belə bir yoxsulluq-yolsuzluq görsənişinə baxmayaraq, Əliyevlər milyonlarla pul tökərək Kislovodsk, Həştərxan şəhərlərində yenidənqurma projeləri gerçəkləşdirir, Rusiyanın bir çox yerlərində kilsələr, məbədlər, məktəblər tikdirir, təmir etdirir, bayram törənləri düzənləyirlər. Bütün bunlar nə üçün edilir: ermənilərin əlində olan qadınlı-kişili, böyüklü-balacalı çoxlu sayda əsiri geri qaytarmaq üçün deyil, Qarabağı geri almaq üçün deyil, yalnız, yalnız, yalnız Rusiyanın yardımı ilə qurduqları despotik hakimiyəti, korrupsiya-repressiya rejimini qoruyub saxlamaq üçün!
Ortaya hansısa aşılması çətin əngəl çıxmasa, Putin özünü yenidən prezident seçdirəcək. Milyonlardan, milyardlardan keçməli olsalar belə, bunlar sonadək Putinin prezidentliyinə çalışacaqlar, sonra isə Putin sonunadək bunların prezidentliyinə çalışacaq – budur ortadakı FENOMENAL STRATEJİ MÜTTƏFİQLİK nədəni!
Oxunub: 362