Hökumət düşməni necə razı salmaq istəyir?
YAP hakimiyyəti bütün fəaliyyəti dövründə “xalqa güzəşt etmək olmaz” prinsipinə sadiq qalıb. Əmək haqqı, təqaüd, təhsil haqqı, devalvasiya və digər məsələlərdə xalqa zərrə qədər güzəşt edilmədi. Əksinə, onsuz da ağır durumda olan xalqı daha ağır sınağa çəkdilər. Qiymətlər qalxdı, sosial-iqtisadi vəziyyət ağırlaşdı, işsizlik səviyyəsi artdı və.s
Amma hakimiyyət yadlara qucaq açmağa, yadlara güzəşt etməyə həmişə meylli olub. Məsələn, dünyanın müxtəlif ölkələrində xeyriyyə tədbirləri keçirdilər, erməni kilsələrinə pulsuz qaz verdilər, Afrikada təhsilin, İspaniyada futbolun, Qazaxıstanda iqtisadiyyatın inkişafına milyonlar xərclədilər.
Göründüyü kimi hakimiyyət yalnız xalqa qarşı prinsipial olub, yalnız xalqın qarşısına sədd çəkib.
Bugünlərdə isə məlum oldu ki, hakimiyyət Qarabağ məsələsində də Ermənistana güzəştə getməyə hazırdı.
“Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət verməyə və yerli erməni əhalinin hüquqlarına zəmanət verməyə hazırdır. Biz müəyyən güzəştlərə və problemin konstruktiv həllinə hazırıq”.
Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin The Jerusalem Post qəzetinə müsahibəsində bildirib.
İllərdi siyasi məhbus məsələsində güzəştə getməyən, dünyanın tələblərinə baxmayaraq insan haqları, demokrariya sahəsində güzəştə getməyən, dövlətin imicinin zədələnməsi bahasına bütün azadlıqları məhv edən hökumət, Qarabağ məsələsində güzəştlərə hazır olduğunu bildirir. Bəli, öz obyektlərini, miıyardlarını, vəzifə kürsülərini güzəştə getmək istəmirlər, amma düşmənə güzəşt üçün həvəslidilər. 24 il mənasız Qarabağ danışıqları apardılar, zərrə qədər uğur əldə edə bilmədilər, atəşkəs şəraitində minlərlə əsgərimiz həlak oldu və axırda da düşməni razı salmaq üçün yollar axtarmağa başlayıblar. Düşmənə zəmanət verəcəklərini söyləyirlər, amma vətəndaşın mülkiyyətinə, hüquqlarına, normal yaşayışına zəmanət vermirlər.
Müxtəsər, uzun illərdən sonra “lazım”ın əvəzinə, “güzəşt” gəldi.
Samir
Oxunub: 1790