Qobu sakinlərini etiraza çağıran cəbhəçi gəncə 30 sutka həbs verildi
AXCP Gənclər Komitəsinin üzvü Natiq Kazımova 30 sutka inzibati həbs cəzası kəsilib. Abşeron Rayon Məhkəməsi bu haqda qərar çıxarıb. Gənc fəal ictimai qaydanı pozmaqda və onu intizama dəvət edən polislərin qanuni tələbinə tabe olmamaqda günahlandırılır.
Yaxınları isə bildirir ki, Natiq Kazımov yanvarın 4-də Qobu qəsəbəsində yaşadığı evdən Abşeron Rayon Polis Şöbəsinə aparılıb. Amma onlara Natiqin hansı səbəbdən aparılması haqda heç bir söz deyilməyib. Yanvarın 5-də vəkil vasitəsi ilə məlumat alıblar ki, ona 30 sutka həbs verilib.
AXCP-nin mətbuat xidmətindən isə isə “Azadliq.info”ya bildirilib ki, N.Kazımov həbsindən öncə yaşadığı Qobu qəsəbəsinin sakinlərinə etiraz çağırışına görə cəzalandırılıb. Natiq Kazımov qəsəbədəki qaz problemi ilə əlaqədar sakinlərə çağırış edib. Onlara birlikdə toplaşıb qaz idarəsinin qarşışına gedib, şikayətlərini bildirməyi təklif edib.
Partiyadan bildirilib ki, vəkil Əsabəli Mustafayev yaxın günlərdə N.Kazımovla görüşüb, həbsin təfərrüatlarını öyrənəcək., hüquqi müstəvidə növbəti addımları atacaq.
AXCP-nin Binəqədi şöbəsinin üzvü Rəşid Fərəclinin də Bakı Şəhər Baş Polis İdarəsinə çağrıldığı bildirilir.
Azadliq.info
Oxunub: 1090