ABŞ-ın vitse prezidenti Mike Pence hökumətə qarşı küçə etirazlarına çıxmış gənc iranlıları azadlıq və demokratiya mücadilələrində Birləşmiş Ştatlara “təbii müttəfiq” kimi baxmağa çağırıb.
Yanvarın 3-də Ağ evdə Amerikanın Səsi-nə müsahibə verən Pence deyib ki, “Amerika xalqı İranda və bütün dünyada azadlıq sevənlərin yanındadır və düşünürəm ki, bu, çox ümidverici məqamdır”.
“İRAN XALQI ANLASIN Kİ…”
“Məqsədim budur, əslində dua edirəm ki, İran xalqı, gənc, yaxşı təhsil görmüş əhali Amerika Birləşmiş Ştatlarının, bu ölkənin xalqının onların təbii müttəfiqi olduğunu anlasınlar. Onların azad və demokratik gələcəyə nail olmasını görmək istəyirik. Dünyanı hədələməkdə olan rejimdən geri çəkildiklərini görmək istəyirik”, – Pence deyib.
Vitse prezident dəfələrlə hazırda ABŞ prezidenti Donald Trump-ın İranda etirazçılara verdiyi dəstəyi 2009-cu ildə Barack Obama-nın prezidentliyinin ilk dövründə İrandakı antihökumət etirazlarıyla bağlı susqunluğu ilə müqayisə edib.
“2009-cu ili yada salıram, o zaman İranda saxta seçkidən sonra küçələrə çıxan, inanılmaz cəsarət sərgiləyən gənclər” Mahmud Ahmadinejad-ın yenidən prezident seçilməsinə etiraz edirdilər.
“O günlərdə onlar Ağ evə baxır, Amerikadan liderlik istəyirdilər, ancaq ortada heç nə yox idi. Obama administrasiyası susurdu”, – Pence deyib.
2009-cu ildə Konqresin üzvü olmuş Pence vurğulayıb ki, həmmüəllifi olduğu qətnamə ABŞ Senatı və Nümayəndələr Palatasında yekdilliklə qəbul olunub, sənəd İrandakı etirazçılara dəstək təklif edib. Dediyinə görə, bundan sonra Obama administrasiyasından da dəstək eşidilməyə başlayıb.
TRUMP-IN QƏTİYYƏTİ
“Axırıncı administrasiyanın susqunluğu və azadlığı dəstəkləməsi ilə Prezident Trump-ın cəsarətli İran xalqının yanında durmaq qətiyyətini müqayisə edin. Bilirəm ki, bu, küçələrə çıxmış adamlara ümid verir. Onlara dəstək verməyə davam edəcəyik…, ancaq sözdə deyil, ölkələrində dəyişiklik edəndə də”, – vitse-prezident sözlərinə əlavə edib.
Pence-nin fikrincə, Trump-ın İranda azadlıq adına danışması “Amerikanın aparıcı azadlıq çempionu roluna çox uyğundur”. Ancaq onu da deyib ki, Birləşmiş Ştatlar etirazçılara dəstəkləmək üçün hərəkət etməyə hazırdır.
“Sizi əmin edə bilərəm ki, Birləşmiş Ştatlar İranda daha yaxşı, daha firavan və daha azad gələcək istəyən xalqın yanındadır”, – Pence bildirib.
İranın BMT-dəki səfiri yanvarın 3-də deyib ki, Pence və Trump-ın etirazçılara dəstək bildirməsi İranın daxili işlərinə qarışmaqdır.
Pence təkid edir ki, Vaşinqton etirazçıların adından hərəkət etməyə hazırdır, ancaq administrasiyasının nə edə biləcəyindən konkret danışmayıb.
“İran xalqı azadlıqları, dəyişiklik uğrunda mübarizəni davam etdirər, onillər boyunca ölkəni idarə etmiş radikal ideologiyanı rədd edərsə… Birləşmiş Ştatlar və dünya ölkələri onlar üçün çox iş görə bilər”, – o deyib.
Oxunub: 256