Tehranın ABŞ-dakı səfiri Birləşmiş Ştatları İranın daxili işlərinə qarışmaqda suçlayıb. Qeyd edək ki, bundan öncə ABŞ prezidenti Donald Trump “uyğun zamanda” antihökumət etirazlarını dəstəkləməkdən danışmışdı.
İran-ın BMT-dəki səfiri Gholamali Khoshroo yanvarın 3-də axşam BMT-nin Təhlükəsizlik Şurasına məktubunda yazıb ki, ABŞ hökuməti “sporadik etirazlara dəstək göstərmək bəhanəsiylə İranın daxili işlərinə qəribə şəkildə müdaxilə cəhdlərini artırıb”.
Khoshroo deyib ki, Birləşmiş Ştatlar bununla beynəlxalq hüququ və BMT xartiyasının prinsiplərimi pozub və digər ölkələri Vaşinqtonun bəyanatlarını pisləməyə çağırıb.
“İRANLILARI POZUCU HƏRƏKƏTLƏRƏ TƏHRİK EDİBLƏR”
“Birləşmiş Ştatların prezidenti və vitse-prezidenti saysız absurd tvitlərlə iranlıları pozucu hərəkətlərə təhrik edib”, – Khoshroo təhlükəsizlik şurasına və BMT-nin baş katibi Antonio Guterres-ə məktubunda yazıb.
“ABŞ Dövlət Departamenti çox uzağa gedərək etiraf edib ki, ABŞ hökuməti etirazçıları hökumətlərini dəyişməyə həvəsləndirmək istəyir, ABŞ Facebook və Twitter vasitəsiylə İranın daxili işlərinə müdaxiləylə məşğuldur”, – səfir vurğulayıb.
Bu məktubdan öncə Trump iranlıların hökumətlərini “geri alınmasında” onlara yardım vəd edib, Ağ evsə nümayişçilərə qarşı hücumlarda əli olanlara sanksiyalar qoymağı nəzərdən keçirib.
Dekabrın 28-dən İranın bir neçə şəhərində antihökumət etirazçıları küçələrə çıxıb. Onlar ilkin olaraq yumurta və toyuq ətinin bahalanmasına etiraz etsələr də, tezliklə hökumətə qarşı şüarlar səsləndirilməyə başlayıb.
İndiyədək etirazlarda azı 22 nəfərin öldürüldüyü, yüzlərlə adamın saxlandığı xəbər verilir.
Yanvarın 3-də isə on minlərlə hökumət tərəfdarı küçələrə çıxaraq ali dini liderə dəstək şüarları qaldırıblar.
Oxunub: 248