Bu gün çox təəssüflər olsun ki, İranda baş verən siyasi proseslərdən narahatçılıq keçirən, hadisələrin böyüyüb Milli Azadlıq Hərəkatına keçməsindən ehtiyatlanan, bunu arzu olunmaz hal kimi dəyərləndirən insanlar var. Əslində, narahat olmağa dəyməz. Təki, bu siyasi təlatümlər Azərbaycanımızın Güneyində Hərəkata çevrilə bilsin. Dünya Vahid Azərbaycan dövlətini bizə yalvara-yalvara yorğan-döşəyimizdə verməyəcək. Bu, bizim müqəddəs arzularımızdan biridir. Deməli, bu ideyanın da hərəkət verici qüvvəsi Özümüz olmalıyıq. Bu qüvvəni Azərbaycan xalqından kənarda axtarmaq yanlışlıqdır. Gəlin, Özümüzü yanlış düşüncələrimizə qurban verməyək. Yəqin ki, xatirinizdədir. Planetin az qala bir nömrəli dövlətinin uçqunları altından salamat çıxmağımız. Yadınızdadırsa, 1988-91-ci illərdə dövlət məmurları, deputatlar, siyasətşünaslar, iqtisadçılar sübut etməyə çalışırdılar ki, iqtisadi və siyasi baxımdan Azərbaycan Respublikası müstəqil olmağa hazır deyil. Bir qisim isə hesab edirdi ki, Qarabağda hüquqi fəaliyyətimizi bərpa etməyincə Müstəqillik barəsində danışmaq tezdir. Ancaq, Xalq olaraq Müstəqilliyimizi qazandıq. Milli dövlətçiliyimizi Prezident Aparatı, Milli Məclis, Nazirlər Kabineti, digər nazirliklər istəməsə də (hələ vaxtı çatmış məsələ olmadığını düşünürdülər) bu TARİXİ AN baş verdi. BU TARİXİ ANI Meydan gətirdi. Bəli, bu , bir həqiqətdir ki, bizim Azadlığımız Prezident Aparatından, Milli Məclisdən Meydanlara getmədi. Əksinə, Müstəqilliyimiz Prezident Aparatına,Milli Məclisə Meydanlardan gəldi. Xalq o zamankı idarəçiliyi müstəqil olmağın mümkünlüyünə inandıra bildi. Əgər Azərbaycan Xalqı müstəqilliyini “hələ vaxtı deyilnən” hesablasaydı qonşu Rusiyanın sərhədləri tarixi torpağımız olan Dağıstanımızda bitməzdi ki ! Hələ də Rusiyanın bir subyektiydik. SSRİ dağılsa da Rusiyadan qopmayan Azərbaycan indi dünya “nümunəsiydi”Yəqin ki, ildə bir dəfə “nümunəvi” Xalq olduğumuzun bayramını keçirirdik. Deməli, Güneyimizdə baş qaldıra biləcək Hərəkatdan “diksinmək” lazım deyil. Bütün zamanda- günündən, ayından, ilindən asılı olmayaraq hər an bu mübarizənin vaxtıdır. Hələ gecikirik. Təbii, İranın bir neçə yerə bölünməsi onun dövlət kimi süqutu olmayacaq. O, ÇABALAR EDƏCƏK, qəsb etdiyi torpaqları təzədən özünə qaytarmaq uğrunda mübarizə aparacaq. Ancaq, unutmayaq ki, dünya hər bir sabahını tam fərqli siyasi diaqramda açır. Siyasi baxımdan bu günün dünyası dünən, sabahkı dünya da bu gün deyil. Sadəcə. Siyasi gedişləri düzgün müəyyən etməliyik. Yanlışlığa yol verməməliyik. Təbii, dediyim və deyəcəklərim yalnız və yalnız bu proseslərin hamıya bəlli olan tərəfləridir. Qələbə siyasətin görünməyən tərəfində gizlənir, görünən tərəf aldadıcıdır. Təbrizimizin günü sabah Müstəqillik qazanmasının ərazi bütövlüyümüzə də faydası var. Ən azından Ermənistanla İran bir daha qonşu olmayacaq. Hələ münasib vaxt deyil fikirləşən politoloqlara deyirəm. Bu gün də, sabah da münasib vaxtdır. Təki bu qığılcım Hərəkat mərhələsinə keçmiş olsun. Biz də ürəyimizin bir yarısı olan Soydaşlarımıza borclu qalmarıq. Əlimizdən gələn köməyi edərik. Azərbaycanın bütövlüyü bu gün Azərbaycan xalqının tələbidir, istəyidir. Xalqımız istəsə bu istəyə, bu tələbə qarşı hansı qüvvə duruş gətirə bilər ki!
Oxunub: 1018