“The Telegraph” yazır ki, İranda İnqilab Keşikçilərinin yarısilahlı Bəsic polis qrupunun bir üzvü onu dövrələyən qəzəbli etirazçılardan əlindəki elektrik dəyənəyi ilə müdafiə olunurdu.
Lakin Kirmanşahda baş verən bu hadisə zamanı kütlənin içindən kimsə, “bu bəsicdir, onu buraxmayın” deyə qışqırıb və nümayişçilər bəsicin dəyənəyini əlindən alaraq onu yerə yıxıblar.
Amma kütlə onu ölüncəyə qədər döyməyib və İran rejiminə daha dəhşətli mesaj göndərib. Onun şalvarını soyundurduqdan sonra özünü dekabr şaxtasında sərbəst buraxıblar.
“Etirazçılar bununla da göstərmək istəyiblər ki, onların aksiyası dincdir, lakin onlar zəif deyillər və qorxmurlar” – yazır İran təhlilçisi Raman Qəvami.
Məqalədə deyilir ki, Kirmanşahda və başqa şəhərlərdə etirazçılar cəsarətləniblər və hətta 2009-cu il etirazları zamanı da belə bir cəsarət ifadə olunmayıb.
Bazar günü gecəsinə olan məlumata görə ölkə boyunca azı 12 nəfər öldürülüb, lakin müxalifət hökumətin əsl rəqəmi gizlətdiyini, qurban sayının artmaqda davam etdiyini bildirir.
Bəzi məlumatlara görə ölkənin qərbindəki Tüysərkan kəndində təhlükəsizlik qüvvələrinin atəşi nəticəsində 6 nəfər öldürülüb. Daha iki nəfər cənubdakı İzə şəhərində güllələnib.
Bir yeniyetmə oğlan da daxil iki nəfər Dorud şəhərində etirazçıların qaçırdığı yangınsöndürən maşının altında qalaraq həlak olub.
İran hökuməti iddia edir ki, nümayişçilər polis idarələrini və hərbi bazaları ələ keçirməyə çalışıblar. Bu iddiaları təsdiqləyən başqa xəbərlər olmasa da, internetdəki videolardan birində adamların İnqilab Keşikçilərinin bir ofisini dağıtdığı və İran İslam İnqilabının banisi ayətüllah Xomeyninin portretinin aşağı salındığı iddia edilir.
Nümayişlər ötən cümə axşamı günü bahalığa etiraz şüarları ilə başlansa da, tezliklə 2009-cu ildən bəri İranın dini hökuməti üçün təhlükə yaradan hadisəyə çevrilib.
Lidersizlik
“The Telegraph” yazır ki, etirazlar əlaqələndirilməmiş və lidersiz kimi görünür. Amma ölkənin müxtəlif şəhərlərindəki aksiyaları hökumətə qəzəb birləşdirir.
ABŞ prezidenti Donald Trump öz tvitində yazır ki, İran bütün səviyyələrdə iflasa uğrayıb və indi dəyişiklik vaxtıdır”.
Müxalifət fəalları Avropa liderlərini, ələlxüsus da Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini-ni İranda fərqli düşüncə üzərinə hücum barədə susmaqda ittiham edirlər.
“Mogherini-dən hələlik səs çıxmayıb. O Zərifin yaxın, şəxsi dostudur və onunla görüşmək imkanının birini də buraxmır. Adamlar bundan çox narazıdırlar” – deyib xaricdə yaşayan iranlı dissident Əli Rza.
Britaniyanın xarici işlər naziri Boris Johnson isə deyib ki, İranda baş verənləri diqqətlə izləyir.
Ən ciddi toqquşmalar
Etirazlar Tehran da daxil bütün ölkə boyunca yayılsa da, ən ciddi toqquşmalar ölkənin qərbində baş verib.
Bu ərazilərdə kürdlər, ərəblər və azərbaycanlılar yaşayır və onlar adətən əsasən farslardan ibarət hökumətin əleyhinə aksiyaları dəstəkləyirlər.
Bəzi sosial media videolarında hökumətin ölkənin qərb ərazilərinə ağır texnika daşıdığı iddia olunur.
Məqsəd Ruhaninin ali rəhbər olmasına imkan verməməkdir
“The Guardian” qəzetində dərc olunmuş məqaləsində “Time” jurnalının keçmiş redaktoru Azadə Moaveni yazır ki, iranlıların nə tələb etdiklərini öyrənmək istəsəniz, müxtəlif media sizə qiymət bahalığından tutmuş hökumətdən narazılığadək ən müxtəlif səbəblər göstərəcək.
Məqalədə deyilir ki, İran İslam Respublikasında açıq etirazların nadir hadisə olduğunu yazan mediaya o qədər inanmaq olmaz.
Faktiki olaraq adamlar bu ölkədə daim açıq etiraz edirlər. Qadınlar baş örtüyünə, bir başqaları isə maaşlarının gecikdirilməsinə vətəndaş itaətsizliyi ilə tez-tez etiraz bildirirlər.
Lakin küçə etirazları İran üçün doğrudan da nadir hadisədir.
Bunu başa düşmək cəhdləri bir növ güzgülər salonu yaradır. Hökumət belə hallara görə xariciləri, regional rəqiblərin yaydığı şayiələri və hökumət hesabatsızlığını və korrusiyanı pisləyən müxalifəti günahlandırır.
Kirmanşahdakı insanlar inflyasiyadan, işsizlikdən başqa, həm də bu regionun baxımsızlığından narazıdırlar.
Şüarlar
Lakin Kirmanşahda Kirmanşahın problemləri ilə bağlı başlanan etirazlar Məşhəddən ölkənin başqa yerlərinə yayılıb.
Bu etirazlarda adamlardan bəziləri artıq “Ruhaniyə ölüm!” kimi şüarlar səsləndiriblər. Mühafizəkarlar belə şüarlardan məmnun olurlar.
Onlardan bir çoxları ümid edirlər ki, etirazlardan zəifləmiş Ruhani vaxtı çatanda Əli Xameneyinin postuna sahiblənə bilməsin.
Lakin sükutunu qəfil pozan İran cəmiyyətinin etirazları çox sürətlə böyümək xüsusiyyətinə malikdir. Adi vətəndaşlar, xüsusilə də cavanlar iqtisadiyyatdan faydalana bilmiş kiçik bir qrupun getdikcə daha açıq sərgilənən sərvətindən qəzəblidirlər.
Maraqlıdır ki, Ruhani Kirmanşahda elektoratın əksər səslərinə sahib olmuşdu və məhz buna görə də bu regionun ayağa qalxıb həm də ona etiraz etməsi prezidentin ikinci müddəti üçün yaxşı xəbər deyil.
Ruhaninin iqtisadiyyatı və maliyyə sistemini islah etmək üçün bütün cəhdləri mühafizəkar sistem, habelə bank islahatından ziyan çəkə biləcək ruhani və hərbi çevrələr tərəfindən bloklanır.
Rəqibləri onun vitse-prezidentinin qardaşını həbs ediblər, mühüm qaz və neft sazişlərinin imzalanmasını əngəlləyiblər. Ruhani adamlar üçün yalnız cüzi faydalı işlər görə bilib. Elə isə İran barədə nə düşünmək olar?
Baş verənləri kimsə sadə bir dildə izah edə bilərmi?
Moaveni yazır ki, iqtisadi çətinliklər etiraz alovlarını körükləsə də, iranlıların böyük əksəriyyəti sünni dövlətlərdən gələn düşmənçiliyin fövqündə daha millətçi olub.
Adamlar İranın regiondakı fəaliyyətinə münasibətdə ikiyə bölünüblər, amma onları antiərəb ksenofobiyası birləşdirir.
“Diktatora ölüm!” şüarı indiki etirazlar zamanı eşidilir, lakin iranlılar son qırx ildə nifrət etdikləri nə varsa hamısına “ölüm” deməyə öyrəncəli olublar.
Ona görə də bu şüari iki cür başa düşmək olar: bəziləri, “zəhmət olmasa bütün bu sistemi dəyişin”, digərləri isə “bu sistemdəki spesifik insanı dəyişin” demək istəyirlər.
“Filankəsə ölüm” şüarı artıq bir mədəniyyətə çevrilib və legitim tələbləri səsləndirməyin mümkün olmadığı şəraitdə yüksəlir.
Ruhani “etiraz etmək insanların haqqıdır” deyəndə məhz buna işarə edib. O etirazı dəstəklədiyini, amma xaosun əleyhinə olduğunu ifadə edib.
Oxunub: 954