Yaxın Şərqdəki sülh prosesində vasitəçilik rolunun dalana dirəndiyini görən ABŞ prezidenti Donald Trump yanvarın 2-də Fələstin Hakimiyyətinə ABŞ-ın maliyyə yardımının dayandırılacağı ilə hədələyib.
Prezident bu barədə yazdığı tvitlərdə sual edir ki, “sülh danışıqları aparmaq istəməyən fələstinlilərə gələcəkdə də bu böyük pul yardımlarını etməyə dəyərmi?”
Trump tvitlərindən birində yazır: “ABŞ fələstinlilərə ildə YÜZ MİLYONLARLA DOLLAR ödəyir, əvəzində nə dəyər, nə də hörmət görmür. Onlar hətta İsraillə çoxdan vaxtı çatmış sülh sazişi barədə danışıqları da istəmirlər”.
Birləşmiş Ştatlar BMT-nin Qərb sahilində və Qəzzada apardığı proqramların maliyyələşdirilməsi üçün Fələstin hakimiyyətinə ildə 300 milyon dollarlıq yardım göstərir.
Trump seçki kampaniyası zamanı İsrail və fələstinlilər arasında sülh vəd etsə də, onun ötən ay Yerusəlimi İsrailin paytaxtı kimi tanıması bu məqsədə sarsıdıcı zərbə vurub.
Fələstin lideri Mahmud Abbas onun bu hərəkətini “cinayət” adlandırıb və deyib ki, Trump bununla da Yaxın Şərq vasitəçisi kimi etimadını məhv edib.
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley müxbirlərə deyib ki, Trump, fələstinlilər danışıqlar masasına qayıtmağa razılaşanadək onlara heç bir vəsait verməyəcək.
Oxunub: 194