AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, yanvarın 2-də ali rəhbər Ali Khamenei kütləvi etirazlara görə “İranın düşmənlərini” ittiham edib, lakin bəzi xəbərlərə əsasən ölkənin sərt xətt-hərəkət tərəfdarlarından ali rəhbərin müttəfiqi, ayətüllah Ahmad Alamolhoda izahatı alınmaq üçün qüdrətli Milli Təhlükəsizlik Şurasına dəvət edilib.
Alamolhoda prezident Rohaninin qatı tənqidçisi kimi tanınır.
The New York Times qəzeti yanvarın 2-də bu məlumatı anonim İran təhlükəsizlik rəsmisinə istinadən yaysa da, Alamolhodanın ofisi bu xəbəri “şayiə” adlandıraraq təkzib edib, hətta lazım gələrsə sosial mediada belə “yalanları” yayanlara qarşı hüquqi müstəvidə hərəkət olunacağı ilə hədələyib.
Bir çox iranlılar bilirlər ki, Alamolhoda Khamenei-nin nümayəndəsidir və İranın ikinci böyük şəhəri olan Məşhəddə cümə namazlarına rəhbərlik edir. İranı bürüyən etirazların da dekabrın 28-də bu şəhərdən başlandığı məlumdur. Məşhəd etirazları “Rohaniyə ölüm!” şüarları ilə başlanmışdı.
Bu da məlumdur ki, Alamolhoda seçkidə Rohaniyə məğlub olmuş Ebrahim Raisi-nin qaynatasıdır. Raisi İranın ən böyük dövlət fondlarından birinin rəhbəridir.
Alamolhoda ötən həftə etdiyi çıxışında adamların etiraz haqqı olduğunu, amma bəzilərinin də bu hüquqdan sui-istifadə etdiklərini demişdi.
Vise-prezident Eshaq Jahangiri də daxil Rohaninin tərəfdarları iddia edirlər ki, Məşhəddəki etirazı prezidentin rəqibləri başlatsa da, sonradan bu nümayişlər onların nəzarətindən çıxıb.
Parisdə yaşayan İran təhlilçisi Morteza Kazemian deyir ki, Məşhəddəki etirazlarda Alamolhoda-nın hər hansı rol oynadığını müəyyən etmək çətindir. Lakin ekspert bunu da bildirir ki, İranda hər hansı etiraz qatı mühafizəkarların xeyir-duası olmadan başlanmır.
Kazemian əlavə edib ki, Məşhəd “İran mühafizəkarlarının ən mühüm istehkamıdır”.
Alamolhoda keçmişdə Rohani hökumətinin təşkil etdiyi konsertin Məşhəddə keçirilməsinə qarşı çıxmışdı.
Mühafizəkar ruhani bəyan etmişdi: “Müğənni oxuyanda və musiqiçilər çalanda, oğlanlar və qızlar cuşa gəlib qışqırırlar və bu da günahla nəticələnir”.
Alamolhoda bunu da deyib ki, “iranlıları lazım gələrsə behiştə zorla aparmağa da əl atıla bilər”.
Ayətüllah həmin vaxt Rohaninin “siyasət adamların həyatına müdaxilə etməməlidir” bəyanatına cavab olaraq demişdi: “Biz bütün gücümüzlə adamlarımızın cənnətə getməsinə mane olan tədbirlərin qarşısını alacağıq”.
Alamolhoda deyib ki, Məşhəd İmam Rzanın piridir və bu şəhərdə turizm və əyləncə ola bilməz.
Oxunub: 234