ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli çərşənbə axşamı bildirib ki, dünya İran hökümətinə qarşı siyasi etirazlara səssiz qalmamalıdır və etirazçıların səslərini ucaldmalarına yardım etməlidir.
Qəflətən təşkil olunan mətbuat konfransında nümayəndə Heyli deyib ki, Birləşmiş Ştatlar BMT-də İranla bağlı addım atılmasına çağıracaq.
“Biz susmamalıyıq. İran xalqı azadlıq çağırışı edir. Azadlıq-sevər bütün insanlar onlara dəstək olmalıdır,” o deyib.
İran hökümətinin sərt tənqidçisi olan Heyli vəziyyət ilə bağlı BMT və İnsan Haqları Şurasında fövqəladə iclasların keçirilməsinə çağıracağını deyib.
BMT Təhlükəsizlik Şurasının etirazlarla bağlı iclas keçirməyə razı olub-olmayacağı isə bəlli deyil, çünki şura daxili məsələlərə deyil, beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə baxır.
Onun İnsan Haqları Şurasına yönəlməsinə də bəzi suallar doğurur, çünki daha öncə Heyli şuranı İsraili tənqid etdiyinə görə, “siyasət, riyakarlıq və boyun qaçırma forumu” adlandırıb.
Amerikanın Səsinə müsahibədə milli təhlükəsizlik müşaviri H.R. Makmaster deyib ki, İran xalqı diqqətini insanların ehtiyacını qarşılamaq əvəzinə terror ixrac etməyə yönəldən rejimə qəzəblidir.
“Bu rejimin ölümcül kampaniyalarını davam etdirmək üçün ehtiyacı olduğu resurslara çıxışının qarşısı alınmalıdır. Bu diplomatiyadır, bu sanksiyalardır. Biz görürük ki, İran xalqı bu rejimlə, onların insanlara, eləcə də bütün dünyaya qarşı rəftarı ilə bağlı narazılığını ifadə edir,” MakMaster söyləyib.
Nəticə belə olacaq ki, İran vətəndaşları və xalqı təməl insan haqları ilə təmin olacaq. Prezident İranın terrora sponsorluq etməyə son qoymasını istəyir. Məncə, elə bütün dünya bunu görmək istəyir.Sara Hakabi-Sanders
Bu ayın sonu 2015-ci il nüvə sazişinin yenidən təsdiq olunmalı olduğu vaxt Tramp administrasiyasının Tehrana qarşı yeni sankiyalar tətbiq etmək imkanı yaranacaq.
Prezident Tramp Obama dövründə əldə olunan razılığı oktyabr ayında təsdiqləməyib və razılığı Konqresə göndərib ki, onlar sankiyaları nəzərdən keçirsin, lakin Konqres bununla bağlı heç nə etməyib. İndi isə qanunvercilər İran rəsmilərinə qarşı siyasi təzyiq göstərməyə daha həvəsli ola bilərlər.
Amma nə dərəcədə təzyiq oluna bilər?
Ağ Evin sözçüsü Sara Hakabi Sandersdən Vaşinqtonun Tehranda rejim dəyişikliyi görmək istəyib-istəmədiyini soruşublar.
“Nəticə belə olacaq ki, İran vətəndaşları və xalqı təməl insan haqları ilə təmin olacaq. Prezident İranın terrora sponsorluq etməyə son qoymasını istəyir. Məncə, elə bütün dünya bunu görmək istəyir,” deyə o cavab verib.
Bu nümayişlərin nə kimi uzun-müddətli təsirlərinin olacağı isə hələ ki, tam aydın deyil.
Oxunub: 216