İlham Əliyev bildirib ki, 2017-ci ildə 221 min yeni iş yeri açılıb və onların 177 mini daimi iş yeridir…
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan “10 yanvar” müşavirəsində səsləndirib bu fikirləri dövlət başçısı. Deyim ki, il boyu ölkədə iqtisadi fəallığın zəiflədiyi bir dövrdə bu qədər iş yerlərinin açılması haqqında səslənən fikirlərin bir tənqidlik canı yoxdur.
Tutalım ki, dövlət başçısının dediyi kimi, doğrudan da ölkədə 177 min daimi iş yeri açılıb. Əgər həqiqətən də, o iş yerləri açılıbsa və daimidirsə, o zaman həmin iş yerlərində işə qəbul olunanlar hesabına ölkədə muzdla çalışanların sıra sayı bir o qədər artmalıydı. Buraya DSK-nın muzdla çalışanların sayına dair açıqladığı məlumatları da əlavə edək və bir neçə sadə hesablama aparaq.
Muzdla çalışanların sayı:
-2016-cı il dekabr ayının 1-nə: 1514,4 min nəfər (DSK-nın məlumatı) ;
-2017-ci il ərzində açılmış daimi iş yerlərində işləyənlər: 177 min nəfər (İlham Əliyevin məlumatı);
-2017-ci il dekabr ayının 1-nə: 1521,2 min nəfər (DSK-nın məlumatı);
Çıxan nəticə: İl ərzində iş yerlərini itirib: 170,2 min nəfər (1514,4 + 177 – 1521,2 = 170,2).
Bu məlumatların müqayisəsindən məlum olur ki, dövlət başçısının haqqında danışdığı daimi iş yerləri hesabına muzdlu işçilərin 2016-cı ilin sonuna olan sayı 2017-ci il ərzində 1691,4 min nəfərə qədər (1514,4 + 177=1691,4) artmalıydı. Lakin 2017-ci ilin sonunda məlum olub ki, onların sıra sayı 1521,2 min nəfərə düşüb. Deməli, 2017-ci il ərzində bağlanmış daimi iş yerlərinin hesabına 170,2 min nəfər (1521,2 – 1691,4 = -170,2) öz daimi iş yerini itirib. Yəni, ölkədə 2017-ci ildə 170 mindən çox daimi iş yeri bağlanıb.
Nəticə budursa, o zaman 177 min iş yerinin açılmasından danışmağın heç bir anlamı yoxuydu. Belə bir şəraitdə iş yerlərinin davamlı şəkildə bağlanmasının köklü səbəbləri haqqında danışmaq, ictimaiyyətin, elə həm də müşavirədə iştirak edənlərin nəzərini o səbəblərin üzərinə yönəltmək daha doğru olardı.
Oxunub: 348