“Mən, İsmayılov İlkin Məmmədrza oğlu 12 sentyabr 2017- ci il tarixində, sol tərəfli qasıq yırtığı diaqnozu ilə Daxili Qoşunların Hospitalına qəbul olundum. Aparılmış müayinə zamanı məndə Hepatit C virusu aşkar edildi. 18 sentyabrda DİN-nin Arif Heydərov adına Respublika Hospitalında PZR analizi verdim, hospitalda mənə bildirdilər ki, analizin cavabını götürəndən sonra yenidən hospitala gələrsən. 9 oktyabrda PZR analizin laborator müayinəsinin nəticəsi pozitiv + çıxdı və nəticəni götürüb 30 oktyabrda Daxili Qoşunların Hospitalına gəldim. Hospitalın Terapiya şöbəsinin rəisi vəzifələrini icra edən Rauf Allahverdiyev əvvəl bildirdi ki, biz səni qəbul edə bilməyəcəyik, Hepatitin müalicəsi bizdə olmadığı üçün sən gedib öz hesabına mülkü xəstəxanaların birində müalicə olunacaqsan. Sonra mənə dedi ki, koridorda gözlə, mən hospitalın komandirinin müalicə işləri üzrə müavini Şahin Şahmarovla telefon əlaqəsi yaradım. Rauf Allahverdiyev Şahin Şahmarovla telefon əlaqəsi yaradandan sonra məni yenidən otağına çağırıb bildirdi ki, biz səni hospitalda saxlayacağıq. Səbəbini öyrəndikdə bildirdi ki, biz səni müayinələrdən keçirəcəyik və sonda sənədlərini göndərəcəyik Hərbi həkim komissiyasına rəy verilsin. Sual verdim ki, məni tərxis edəcəksiniz? Bildirdi ki, xeyr, 6 ay sıradan kənar verəcəyik müalicə olunacaqsan, Hepatit C xəstəliyi səndə yüngül formasıdır, 6 ay müalicədən sonra keçib gedəcək. Mən hospitala qəbul olundum, 2 gün keçəndən sonra hospitalın komandiri Şəmsəddin Heydərov şöbəyə “obxoda”gəlmişdi. Məni görəndə hansı xəstəliklə yatdığımı soruşdu, sonra mənə kobudcasına (“əə” deyərək müraciət elədi) bildirdi ki, səni bu xəstəliyinə görə pensiyasız tərxis edəcəyik. Səbəbini soruşanda dedi ki, sənin bu xəstəliyinə pensiya düşmür və belə də xidmət edə bilməzsən. Daha sonra Terapiya şöbəsinin rəisi vəzifəsini icra edən Rauf Allahverdiyev məni kənara çəkərək bildirdi ki, 5000 manat pul ver, səni xəstəliyinlə pensiyaya çıxaraq. Mən də etirazımı bildirdim və dedim ki, məndə bu qədər pul yoxdur, kasıb insanam. 10 noyabr 2017-ci il tarixində müayinəm bitdiyindən, məni hospitaldan çıxardırdılar. Rauf Allahverdiyev məni otağına çağırdı və raport nümunəsi verdi ki, bu raportu yazım (raportda yazılan mətn – mənə təklif olunan qaraciyər iynə biopsiyasından və müayinələrdən imtina edirəm). Məndə raportu oxuyanda yazmaqdan imtina elədim və etirazımı bildirdim ki, mən bura gələndə mənə bu barədə heç nə demədiniz, indi hospitaldan çıxardırsan, deyə bu raportu yazdırırsan. Rauf Allahverdiyev bildirdi ki, bu müayinələr Azərbaycanda olmadığı, yalnız Türkiyədə və Almaniyada olduğu üçün biz səni bu müayinəyə cəlb edə bilmirik. Sonra məni Şahin Şahmarovun qəbuluna apardı və Şahin Şahmarov mənim qarşıma 2 şərt qoydu: “Raportu yazacaqsan, bütün müayinə sənədlərini sənə verəcəyik, səni İctimai Səhiyyə və İslahatlar Mərkəzinə aparıb qeydiyyata salacağıq, dövlət tərəfindən müalicə olunacaqsan, ürəyin istəyən vaxt da hospitala gələcəksən qəbul edəcəyik. Yazmasan, bunların heç birisi olmayacaq və sənə 1 dəqiqə vaxt verirəm, fikirləş mənə bir söz de.” Mən yenə imtina edəcəyimi bildirsəm də, kobudluqla “bizim sənin atana borcumuz yoxdur, cibimizdən xərc çəkib səni Türkiyəyə göndərək” deyərək məni otağından qovdu. Məni kimlərinsə sifarişi nəticəsində hərbidən xəstəliklə pensiyasız tərxis etdilər. 18 noyabr 2017-ci il tarixində həyat yoldaşım Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanına şikayət məktubu göndərdi, amma şikayətimiz təmin olunmadı. Daha sonra isə mən Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya və Daxili İşlər Nazirinə məktub yazıb göndərdim. Mehriban xanımla Daxili İşlər Nazirinə ünvanladığım məktuba 26 dekabr 2017-ci il tarixdə Daxili Qoşunların Baş İdarəsindən cavab gəldi. Bir sözlə, şikayətim təmin olunmadı. Mən Daxili Qoşunların Hospitalının rəhbərliyindən şikayət elədim, onların cəzalandırılmasını, mənzillə təmin olunmağımı, xəstəliklə pensiyanın təyin olunmasını istədim, Daxili Qoşunların rəhbərliyi isə mənə tamam başqa bir cavab yazaraq göndərdilər. Ailəliyəm, bir övladım var. Atam Qarabağ müharibəsi veteranıdır, Bərdə şəhərində balaca daxmada yaşayır. Anam 2016-cı ildə vəfat elədi. İmkanımız çox aşağı səviyyədədir. Dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunmuşam, həftədə 3 dəfə iynə vurdururam. İynədən sonra vəziyyətim pisləşir, halsız oluram. Dövlətin verdiyi dərmanlarla 1 il müalicə olunmalıyam. Səhhətim işləməyə imkan vermir. Hal-hazırda Daxili Qoşunların yataqxanasında yaşayıram, evdən çıxmağıma bir ay vaxt veriblər. Məcburam burdan çıxandan sonra kirayədə yaşayım, amma həmin o kirayəni nə ilə verəcəyəm bilmirəm. Nə pensiya verirlər, nə də bir işlə məşğul ola bilirəm ki, ailəmi dolandıra bilim, kirayəni də vaxtlı -vaxtında ödəyə bilim. Bütün bu problemlərimin hamısını onlara yazıb göndərmişəm, əfsuslar olsun ki, onlar da mənim bu şikayətimi təmin etmirlər. Möhtərəm Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya ünvanladığım müraciətdən sonra Daxili Qoşunların rəhbərliyi Mehriban xanımın göstərişinə də məhəl qoymadı. Son ümid yerim Siz olduğundan xahiş edirəm mənim bu problemimi işıqlandırardınız ki, hamı Daxili Qoşunların rəhbərliyinin əsl üzünü görsün. Mehriban xanım da görsün ki, bunlar yalandan rəhbər şəxsi aldadırlar, onun göstərişinə heç bir məhəl qoymurlar.”
Azadliq.info
Oxunub: 1448