Ekspert Nəriman Ağayev “Exo” qəzetinə istehlak səbəti, yaşayış minimumu ilə bağlı fikirlərini bildirib.
Ekspert deyib ki, istehlak səbətinin tərkibini yaxşılaşdırmağa ehtiyac var və bu məsələ birbaşa yaşayış minimumu ilə bağlıdır. Amma onun fikrincə, 173 manat müəyyən edilən yaşayış minimumu zəruri olan məhsul və ərzağın əldə edilməsinə imkan vermir:
“Məsələ budur ki, son vaxtlar istehlak səbətinin tərkibi dəyişmir. İstehlak səbəti birbaşa yaşayış minimumu ilə bağlı olsa da çoxdandır ki, bu mövzu unudulub. Həm də bunu demək lazımdır ki, maliyyə baxımından istehlak səbətinin həcmi hazırda mövcud olan 173 manat yox, 276,96 manat təşkil edir”, – deyə N.Ağayev vurğulayıb.
Ekspert qeyd edib ki, Avropada istehlak səbəti insanın istirahətinə bağlı məsrəfləri də əhatə edir. Azərbaycanda isə heç İnternet, kinoya gediş də burada əksini tapmır:
“İstehlak səbəti tərkibindəki ərzağa gəlincə, bu tərkib işləyən şəxsin və ya yeniyetmənin sutkalıq kalori normasını belə təmin edə bilmir. Buna görə də, istehlak səbətini tamamlamağa, ərzaq məhsullarının çeşidini artırmağa və bir qədər istirahət xərclərini təmin etməyə ehtiyac var. Həm də ölkədə yaşayış minimumu 300 manata çatdırılmalıdır”.
2018-ci ildə yaşayış minimumu 173 manat müəyyən edilib.
İstehlak səbəti tərkibinə 12 adda ərzaq məhsulu, 10 adda qeyri-ərzaq malları və 10 ödənişli xidmət daxildir.
Oxunub: 624