Yeni bir əsəri tamamlamaq üzrəyəm. İndilik şərti adı belədir: “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969”. Maraqlı bir dövrdür. On il ərzində ölkəmizdə baş verən hadisələrin tarixi mənzərəsini yaratmağa çalışmışam. Həmin araşdırmanın istiqlal şairi, milli kimlik uğrunda böyük mübarizə yolu keçmiş Xəlil Rza Ulutürklə bağlı olan son bir epizodunu şənbə mütaliəsi üçün sizlərlə bölüşmək istədim. Həcmi bir az çoxdur. Bu sizi qorxutmasın, çətini oxumağa başlamaqdır. Sonrasın özünüz görəcəksiniz…
“Xəlil Rza kimləri 5 qəpik cərimələyirmiş?
60-cı illərin əvvəllərində olduğu kimi sonunda da Yazıçılar İttifaqında müzakirələr və mübahisələr Xəlil Rza ətrafında gedirdi. Hələ 1962-ci ilin yayında Xəlil Rzanın əsərləri artıq Moskvanın da diqqətini cəlb etməyə başlamışdı və Sov. İKP MK aparatının yerləşdiyi “Köhnə meydandan” verilən tapşırığına əsasən onun “millətçi” hesab edilən şerləri rus dilinə sətri tərcümə edilib Sovet Kommunist Partiyasının müttəfiq respublikalar üzrə partiya orqanları ilə iş şöbəsinə göndərilmişdi. Onun “Azərbaycan” jurnalının 1961-ci ildə çıxan 2-ci nömrəsindəki “Mənim muğamatım” , ondan öncə dərc edilmiş “Apardı sellər Saranı” şerləri, 1962-ci ilin mart nömrəsində dərc olunan “Ana dili”, “Sağlıq, yoxsa vəsiyyət”, “Az ömürlü ağ günlər” və Qlavlit tərəfindən nəşrinə icazə verilməyən “Məftilə sarınmış yaralar” poeması həmin dövrdə millətçilik kimi qiymətləndirildi. Məsələ böyüyüb Mərkəzi Komitənin müzakirəsinə çıxanda yazıçı Əbülhəsən və xalq şairi Rəsul Rza onu müdafiə etdilər. 1967-ci ilin mart ayında Şıxəli Qurbanovun müəmmalı ölümündən sonra Xəlil Rza onun haqqında “Bahar təranələri” adlı poema yazmışdı. O, poemanı çap olunmaq üçün “Azərbaycan” jurnalı vermiş, lakin Şıxəli Qurbanov haqqında çox tərifli misralar və milli özünəvurğunluq meylləri olduğundan jurnal poemanı geri qaytarmışdı. Həmin ikinci bir hadisə də baş vermişdi. Vəli Axundov böyük çətinliklərdən sonra 1968-ci ilin noyabr ayında böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 250 illik yubileyinin Şuşada, Bakıda və Moskvada keçirilməsinə nail olmuşdu. Bakıda keçirilən yubiley tədbirinə Sovet respublikalarından və bir sıra xarici ölkələrdən qonaqlar dəvət edilmişdi. Onların arasında türk yazıçısı Tahir Kamal, İraq şairi Şakir Zabit, Yuqoslaviya şairi Nicati Zəkəriyyə və digərləri də var idi. Xəlil Rza Tahir Kamal və Şakir Zabit ilə mehmanxanada görüşmüş, sonuncunu evinə dəvət etmiş və “Azərbaycan” jurnalı tərəfindən geri qaytarılmış “Bahar təranələri” poemasının əlyazmasını türk yazıçısı Kamal Tahir və İraq şairi Şakir Zabitə vermişdi. Bütün bunlar xarici qonaqları izləyən Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən qeydə alınmışdı. Eyni zamanda Xəlil Rzanın Vaqifin 250 illiyi şərəfinə Azərbaycan KP MK qəbul keçirərkən dəvət olunmamasına baxmayaraq xarici qonaqlar vasitəsi ilə tədbirdə iştirak etməsi respublika rəhbərliyini hiddətləndirmişdi. Millətçi əsərlərinə görə işdən çıxarılmış və əsərlərinin çapına qadağa qoyulmuş Xəlil Rza bu yubileylə bağlı daha bir məqamdan istifadə etmişdi. 1968-ci ilin noyabrında Moskvada Vaqifin 250 illiyi keçiriləndə Yazıçılar İttifaqının bütün rəhbərliyi Sovet paytaxtına getdiyindən Xəlil Rza İttifaqın Natəvan klubunda özünün ədəbi gecəsini keçirmiş və rəhbərliyi qıcıqlandıran şerlər oxumuşdu. Xəlil Rzanın ədəbi gecədə oxuduğu şerlər DTK tərəfindən “təhlil edilib respublika rəhbərliyinə məruzə edilmişdi. Eyni zamanda DTK Xəlil Rzanın yanında danışan adamların rus kəlmələri işlədiklərinə görə onun tərəfindən 5 qəpik cərimələnmələrindən də narahat olmuş, bunun yaxşı nəticə verməyəcəyindən rahatsız olmuşdu.
Rəyasət Heyətinin iclasında Xəlil Rzanı nədə ittiham etdilər?
Xəlil Rza Azərbaycan Pedaqoji İnstitutunda partiya qeydiyyatında olduğu üçün məsələsi əvvəlcə institutun partiya komitəsində, sonra isə 1969-cu ilin mart ayının 26-da Yazıçılar İttifaqının Rəyasət Heyətində geniş müzakirə edilmişdi. İclasda Rəyasət Heyəti üzvlərindən Mirzə İbrahimov, İmran Qasımov, Əhməd Cəmil, Rəsul Rza, Məmməd Cəfər, Kamal Talıbzadə, Qılman Musayev, Sabit Rəhman, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Əli Vəliyev, “Azərbaycan” jurnalının redaktoru Cəlal Məmmədov, “Literaturnıy Azerbaydjan”dan İvan Tretyakov, “Ulduz” jurnalından Cabir Növruz, “Ədəbiyyat və incəsənət” qəzetindən Hüseyn Abbaszadə, yazıçılardan Hüseyn Şərifov, Süleyman Vəliyev, Məmməd İbrahim, Azər Mustafazadə, Xəlil Rza iştirak edirdilər. İclasa sədrlik edən Mirzə İbrahimov bildirdi ki, Cəlal Məmmədov yoldaş Azərbaycan Pedaqoji İnstitutunun partiya təşkilatı yığıncağında Xəlil Rzanın məsələsinin müzakirəsində iştirak etdiyi zaman eşitdikləri haqqında məlumat versin. C. Məmmədov dedi ki, onunla birlikdə həmin iclasda şair Məmməd İbrahim (Məmməd Araz) də iştirak edib Xəlil Rzanı müdafiə etmişdir. Cəlal Məmmədov əlavə etdi ki, Xəlil Rza sovet yazıçısına və vətəndaşına yaraşmayan bır sıra nalayiq hərəkətlərinə görə APİ-də müəllimlik vəzifəsindən kənar edilmişdir. O, özünü ifrat dərəcədə sərbəst apararaq, şöhrətpərəstlik hissinə uymuşdur. Onun ictimai yerlərdəki çıxışları ideoloji nöqteyi-nəzərdən yanlış və zərərlidir. Xəlil Rza millətçilik əhval-ruhiyyəsinin təsirinə qapılaraq öz tələbələrini də bu yanlış yola sövq etməyə cəhd göstərmişdir. APİ-nin partiya təşkilatı bürosu Xəlil Rzaya şəxsi işinə yazılmaqla şiddətli töhmət verilməsin qərara almışdır. Ümumi yığıncaqda həmin qərar təsdiq edilmişdir. Müzakirə əsnasında APİ-nin partiya bürosunun üzvü Mürsəl Əliyev qeyd etmişdir ki, Xəlil Rzanın belə hərəkətləri onu göstərir ki, Yazıçılar İttifaqında gənclərin tərbiyəsi işi yaxşı deyil.” Bu məqamda iclasa sədrlik edən Mirzə İbrahimov üzünü Xəlil Rzaya tutaraq dedi: “Mən sənə üç sual verəcəyəm. Mənim bu üç sualıma cavab ver: 1) Xəlil Rza dövlət qəbuluna sən necə və nə üçün gəldin? 2) Tahir Kamal a hansı kitab və əlyazmalarını verdin? 3) Natəvan klubunda sənin gecəni kimin icazəsi ilə və necə təşkil etdin?
“Xəlil sən Azərbaycan xalqının dostusanmı?”
Bu suallara cavab olaraq Xəlil Rza bildirdi ki, “mən gündəlik aparıram. İndi 21-ci cild üzərində işləyirəm. Ədəbiyyatı izləyirəm. Vaqifin yubileyinə qonaq gəlmiş Şakir Zabitin fikri xoşuma gəldi. Biz Xalidə (Hasilova) xanımgilə getmişdik. Şakir Zabitin əl çantası təsadüfən Xalidə xanımgildə qalmışdı. Mən Şakir Zabitə bizim evdə gedib gözləməsin təklif etdim. Özüm də Xalidə xanımgilə getdim. Xalidə xanım mənə inanmadı. Şakir Zabit bizdən ona zəng vurdu, danışdı, mənimlə Şakir Zabitin arasında mehriban əlaqə yarandı. Sabahı günü mən ondan iki məktub aldım. Birinci məktubda o, məni onunla bərabər Mərkəzi Komitənin Vaqifin 250 illiyi ilə bağlı təşkil etdiyi ziyafətə getməyə dəvət edirdi. Mən ona xəbər verdim ki, məni ziyafətə dəvət etməyiblər. Buna cavab olaraq o, ikinci məktubunda məni qonaqlığa çağırdı və biletini də həmin məktubda mənə göndərdi. Şakir Zabit məndən kitab istəmişdi. Mən kitabın üstünü yazdım və mehmanxanaya apardım. Şakir otaqdan çıxmışdı. Mən Kamal Tahirin otağında oldum. Mən Kamal Tahirə “Yetginləş, Xəlil!” şerimi oxudum, Kamal Tahir məndən bu şerimi istədi. Mən ona verdim. Şeri oxuyandan sonra mən Məmməd Rahimin fikrini öyrənmək istədim. O, mənə dedi ki, şerim haqqında fikrini sonra deyər. Bu sözdən sonra mən stolun üstündən yavaşca öz şerimi götürdüm. Mən Kamal Tahirə əl yazması verməmişəm. Natəvan klubunda gecə təşkili haqqında: Mənim haqqımda danışılan bir sıra dedi-qodulara nəhayət vermək üçün yazıçılar klubunda şer gecəmi keçirməyi məsləhət bildim. Bu haqda qabaqcadan gəlib İmran Qasımov yoldaşla danışdım. İmran Qasımov (bu noyabr ayında olmuşdu) gecə keçirməyi məsləhət bilmədi. Mən fürsətdən istifadə edib Natəvan çıxış etmək istədim. Yazıçılar İttifaqının rəhbərləri Bakıda deyildilər. Afişanın yazılmasından mənim xəbərim yoxdur. Onu mən təşkil etməmişəm, mən yazdırmamışam.” Bu məqamda İmran Qasımov müzakirəyə müdaxilə edib soruşdu ki, “institutda Əli bəy Hüseynzadə haqqında nə danışmısan, Xəlil Rza?” Xəlil Rza cavab verdi ki, institutda yox, Səlyanda Əkrəm Cəfər ilə bir yerdə olanda ona sual veriblər. O, da şairin yaxşı və pis cəhətlərindən danışıb.” Rəyasət Heyətinin üzvü Rəsul Rza sual verdi ki, “Xəlil sən Azərbaycan xalqının dostusanmı?” Xəlil Rza –bəli deyə cavab verdi. Onda Rəsul Rza dedi ki, “bəs nə üçün bizim başımızı aşağı salırsan?”
Mirzə İbrahimov Xəlil Rzanın afişasında bir epiqrafa toxunaraq “Şəmşad, bu epiqraf haradandır və kim yazıb?” Şəmşad Rza dedi ki, “gecənin təşkili barəsində Xəlillə danışdım, epiqrafı isə özüm seçmişəm. Gözə çarpandır.” Müzakirəyə qoşulan “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru Hüseyn Abbaszadə izahat verdi ki, “qonaqlığa gəlmək barəsində Xəlil Rza düzgün demir. Vəli Axundov yoldaş məni çağırıb sual verdi: Bunu kim çağırıb? Xəlil Rza dedi ki, özüm gəlmişəm.” Mirzə İbrahimov əlavə etdi ki, “Vaqif plenumundan sonra Xalidə xanım məni bir neçə qonaqlarla evlərinə dəvət etdi. Tahir Kamal, Nicati, Mikayıl Rzaquluzadə və başqaları. Bir qədər oturduqdan sonra Xalidə xanım hövlnak mənə yaxınlaşdı: Şakir Zabit və Xəlil Rza gəlirlər, Mirzə müəllim, mən onları qovummu? Mən ona dedim ki, qonağı qovmazlar, qoy gəlsinlər, otursunlar. Bu sənə layiq işdirmi? Nə üçün özünü alçaldırsan? Krılov gecəsində məndən çıxış üçün söz istədin (rus şairi İ. Krılovun anadan olmasının 200 illiyi barədə gecə nəzərdə tutulur – C.H.). Mən sənə nə dedim? Dedim ki, planda yoxsan. Bu nə hərəkətdir, niyə camaatı çaşdırırsan? Mən hələ Qulu Xəlilovla olan əhvalatdan danışmıram ( “Yaşamaq istəyirəm” povestinin ilk jurnal variantı Qulu Xəlilov və Xəlil Rzanın birgə müəllifliyi ilə nəşr olunmuşdu. Sonra Xəlil Rza öz müəllifliyindən imtina etmişdi. Lakin povest Qulu Xəlilovun müəllifliyi ilə kitab kimi nəşr olunanda Xəlil Rza onu məhkəməyə vermişdi – C.H.). Özünüz bilirsiniz.” Qocaman yazıçı Əli Vəliyev söz alaraq bildirdi ki, “mən bilmirəm niyə bu adam özü bilə-bilə öz evini yıxır, istedadlı şair və elmi dərəcəli bir müəllim olduğu halda niyə bizi ləkələyir? Cəlal obyektiv danışdı. Xəlil xalqımızın, təşkilatımızın və özünün düşmənidir. Bu nə gündəlikdir aparırsan? APİ-də mən sənə nə qədər nəsihət etdim. Gündəliyini aparırsan apar, amma yaxşı apara bilmirsənsə niyə onu dəqiqədə bir dəfə əlinə götürüb bizə cürbəcür sitat oxuyursan? Filarmoniya gecəsində, əzizim, adama nə qədər gül dəstəsi gətirərlər? Bu sənin tərəfindən təşkil olunmuşdur. Zalın yarısı sənin tələbələrin idi. Burada sən şer oxudun. Nələr dedin? Niyə yalan danışırsan? Sən bir şerində deyirsən ki, Şıxəli Qurbanov İsmayıl Şıxlının çiyində məzara getdi. Axı, İsmayıl Şıxlı o vaxt bizimlə Moskvada idi. Bu uydurmanı haradan düzəltdin? Filarmoniyada özünü çox pis apardın. “Mənim böyük qardaşım Xəlilbəyli bu gül dəstəsini aparıb Şıxəli Qurbanovun qəbri üstə qoysun…” Filarmoniyanın direktoru Niyazi əhvalatdan xəbərdar olub sərəncam verdi ki, çırağı keçirsinlər. Bu təhqirdir. Gül dəstəsi, çəpik, istedadın yüksəlişi deyil, niyə sovet hökuməti sənin düşmənin olur? İstanbulla, Türkiyə ilə bizi niyə bağlayırsan? Çox təəsüf ki, Əliağa Kürçaylı burada yoxdur. O, deyir ki, sən adamlara çox tez inanırsan və təsir altına düşürsən. Sənin evini yıxan Əkrəm Cəfər və Qulamhüseyn Beqdeli kimi adamlardır. Özünü çox pis aparırsan. Sən hələ az yazmısan, yetgin şair deyilsən. Qulu Xəlilovla olan məhkəmə məsələsi…Biz bunu ərköyün böyütmüşük. Qabağını almamışıq. Ona görə iş gəlib bu yerə çıxıb.” Yazıçılar İttifaqının katibi İmran Qasımov əlavə izahat verdi ki, “mənim Xəlil Rza ilə bir neçə dəfə söhbətim olub. Bu söhbətlər nə qədər ədəb dairəsində olubsa, o, çalışıb ki, çox dumanlı ifadələrlə öz əməllərini doğrultsun. Qonaqlıq məsələsində yalan danışır. O, deyib ki, məni dəvət etməyiblər, amma mən gedəcəyəm və çıxış da edəcəyəm. Hələ Xəlil Rzanın alnından öpənlər də vardır. O, başqalarına da pis təsir edib. Ağdama gedəndə o, çağırılmadan vağzala gəlmişdi. Çox inadla getmək istəyirdi. Güclə onu bu işdən qaytarmışıq. Kamal Tahirə əl yazması da verib. Kamal Tahir bunu danmayır. Çap olunmamış bir poemasın Xəlil Rza Kamal Tahirə verib. O, deyib ki, bizim sovet mətbuatında bu poema dərc olumayacaq. Ona görə ona verib. Əsil mətləbi o, duman içində batırır. Buna son qoymaq lazımdır.” Rəyasət Heyətinin üzvü Əhməd Cəmil eşitdiklərindən təəccübləndiyin bildirdi və dedi: “Qulaqlarıma inana bilmirəm. Mən Xəlil Rzanın şerlərindən bir çoxunu oxumuşam. Ona məsləhət görmüşəm, amma qalan sözləri burada eşitmişəm. Biz gərək nizamnaməyə tabe olaq. Əgər mütərəqqi mətbuat xaricdə bizim kommunist ruhunda şerlərimizi çap edirsə, bu başqa məsələ. Belə yoldaşlar xaricdən qonaq gələndə onlarla görüşməyə can atırlar. Mən isə heç vaxt bu fikirdə olmamışam. Mən də sənin kimi vətənim üçün qələm işlətmişəm. Xaricdən gələn qonaqların yanına özüm getmirəm. Bu adamı alçaldır. Hər yerdə çıxış üçün söz istəmək düzgün deyil. Hamı bir gecədə çıxış edə bilməz. Məmməd İbrahimin gecəsinə mən getdim. Onun şerləri mənə xoş gəldi. Xəlil Rza da çıxış etdi. Amma Xəlil Rzanın çıxışlarında əlvanlıq yox idi. Ertəsi günü mən onunla bu barədə danışdım. Bizə gəlmək istədi və gəldi. Mən ona şerinin gecənin ruhuna uyğun olmadığın dedim. Yoldaşlar hamı sənə kömək etmək istəyir. Sənə acıdıqları üçün bü cür kəskin deməyə məcburdurlar. Sən tənqidlərə ciddi yanaş. Niyə öz hərəkətlərini intizama sala bilmirsən?” Rəyasət heyətinin üzvü kimi dramaturq Sabit Rəhman da Xəlil Rzanın hərəkətlərin pislədi. O, dedi: “40 ildən artıqdır ki, mən yaradıcılıqla məşğulam. Amma belə şeyə indi təsadüf edirəm. Xəlilin belə hərəkətlərinə inana bilmirəm. Sən xalqını, bizi zərbə altına salırsan. Biz Xəlil Rzaya İttifaq qarşısında hesabat verməli olduğunu bildirməliyik.” Vəziyyəti bir az yumşaltmağa çalışan İsmayıl Şıxlı qeyd etdi ki, “mən Xəlil Rza ilə tez-tez söhbət etmişəm. Onun hərəkətlərində səhvlər olub…Xəlil səni əhatə edən pis adamlar sən işsiz qalanda sənin balalarına çörək verəcəklərmi? – deyə mən ona müraciət etdim. O, dedi ki, yox. Xəlil Rzanın məhkəmə əhvalatı. Biz nə qədər bu işi özümüz həll etməyə çalışırdıqsa mümkün olmadı. Bilsəniz ki, Xəlil Rza məhkəməyə nə qədər bağlama gətirmişdi. Mən çox çalışdım ki, bu məsələni Yazıçılar İttifaqında həll edək. Mümkün olmadı. Onun qeyri-ciddi şerləri çoxdur. Mən onu şair kimi qəbul edirəm. Ali məktəbdə müəllim kimi qəbul edirəm. Amma öz hərəkətləri ilə və gərəksiz çıxışları ilə sovet vətəndaşını təhqir edir. Xəlil Rza gündəlik aparır. Sən bu məsələni lap xırdalaşdırmısan. Bəzən evlərə də göndərirsən ki, bura bir şey yaz. Zapiskaları da o gündəliyinə yapışdırırsan. Sən yaxşı şairsən. Biz səni sıralarımızdan itirmək istəmirik. Yazıçının şəxsi həyatı, hərəkəti onun yaradıcılığına uyğun olmalıdır.” Cəlal Məmmədov bir daha söz alaraq dedi ki, “yazıçı, kommunist səmimi olmalıdır. Xəlil isə məsləkdaşlarına, kommunist yoldaşlarına yalan danışır. Qeyri-səmimidir. Bu onun ən pis cəhətidir və açıq demək lazımdır ki, siyasi riyakarlıq dərəcəsinə gəlib çatıb. Əgər o, bunlardan xilas olmasa fəlakətə uğrayacaq, özünü bizim ürəyimizdən çıxaracaq. Xəlil Rza APİ-də ona çox qayğıkeşliklə yanaşan kommunist yoldaşlarına yalan dedi, İraqlı qonağı evinə dəvət etməsini dandı. Halbuki bu qonaqlığı olmasını hamı bilir. Sonra Xəlil Rza APİ partiya təşkilatına düzgün məlumat verməyərək dedi ki, guya onun “Bahar təranələri” poeması “Azərbaycan” jurnalı redaksiyasında ona görə qalır, çap olunmur ki, müəllif haqqında belə dedi-qodular dolanır. Mən məcbur oldum məlumat verim: Xəlil Rzanın poeması çox qüsurlu olduğu üçün özünə işləməyə qaytarılmışdı. “İşlədikdən” sonra da oxuyub müzakirə etdik, dedik ki, əsərdə Şıxəli Qurbanov allaha, bütə çevrilib, biz buna yol verə bilmərik. Xəlil Rza buna cavab olaraq dedi ki, əgər Şıxəli Qurbanovun adını pozsam çap edərsiniz, ya yox? Bu, əqidə adı altında əqidəsizlikdir. Xəlil Rza üçün görünür, heç bir müqəddəs şey yoxdur. O, öz davranışları, görüşləri haqqında ciddi düşünməlidir.”
Müzakirələrin gedişində “Azərnəşr” direktoru, Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü Qılman Musayev Xəlil Rzanı vaxtı ilə müdafiə etdiyini, lakin onun islah olunmadığın vurğuadı. O, Məmməd İbrahimə üzünü tutaraq dedi ki, “mən Xəlil Rzanın bu yerə çıxacağını bilirdim. Vaxtı ilə onu çox müdafiə edirdilər. Sən niyə yoldaşcasına vaxtı ilə onun qüsurlarını deməmisən ki, o, özünü düzəltsin. İndi də onu müdafiə edirsən. Məncə Rəyasət Heyəti Xəlil Rzaya ən ağır cəza verməlidir.” İlyas Əfəndiyev isə əlavə etdi ki, “mən bütün bu eşitdiklərimə inana bilmirəm və bütün bunları qeyri-normal hesab edirəm. Filarmoniya haqqında mənə başqa bir adam nəql etdi. Niyə iş bu səviyyəyə çatmalıdır? Necə yəni rus sözü işlətdinmi beş qəpik verməlisən. Bu cür yüngüllüyə yol vermək olarmı? Bunlar ikrah hissi doğuran hərəkətlərdir, xalqı zərbə altına aparmaqdır. Bəzən bir adamın buraxdığı səhvi bayraq edirlər. Xəlilin hələ stol üstündə oynamağı və auditoriyalarda bəzən qızışması halları da olubdur. Qulu Xəlilov altı dəfə bıçaq altında olubdur. Sən belə bir adama hətta özün belə yazdığı əsəri bağışlamalı idin. Xaricdən gələnlərin qarşısında özünü aparmağın. Bəlkə öz yerində o, sənin yarın da deyil. Öz ölkəndə çapa qəbul olunmayan əsəri xaricdə niyə çap etdirmək xəyalına düşdün? Mən bunları anormal hal hesab edirəm.” Xəlil Rzanın namizədlik dissertasiyasının elmi rəhbəri olmuş Məmməd Cəfər öz tələbəsini yaxşı “tərbiyə” edə bilməməsindən təəssüfləndiyini bildirdi. O, qeyd etdi ki, “Xəlil Rzanın şöhrətpərəstliyi insanı anormallıq dərəcəsinə çatdıran şöhrətpərəstlikdir. O, öz hərəkətlərində gülünc dərəcəsinə çatır. Onun ikinci nöqsanı həddindən ziyadə mənfi təsirə qapılmasıdır. O, elə adamlarla oturub-durur ki, onlar köhnə mühiti bəyənirlər…Əli bəy Hüseynzadə haqqında danışırsan, sən onu oxumamısan, bilmirsən, niyə bilmədiyin şeyləri danışırsan? O, gərək başa düşsün ki, başqalarının təsiri altında qalmaq pisdir. Əksinə, özü gərək başqalarına yaxşı cəhətdən təsir etsin. Ücüncü, onun öz səhvlərini başa düşməməsi, etiraf etməməsi, yalanla özünə bəraət qazanmasıdır. O, cavandır, istedadlıdır. Bizim məqsədimizsə onu bataqlıqdan xilas etməkdir. Xəlil Rzada özünü hərəkətə gətirən qəribəliklər vardır. Mənə elə gəlir ki, biz ondan ümidimizi kəsməyək, amma ona ciddi irad bildirək.” Tənqidçi Kamal Talıbzadə Məmməd Cəfərin sözünə qüvvət verib bildirdi: “Mən fikirləşirdim ki,belə cavan istedadlı adam nə üçün özünü belə hala salır? Xəlil Rza bu günlərdə mənim yanıma gəlmişdi. Biz söhbət etdik. Mən onun hərəkətlərinə nəzərini cəlb etdim, ailəsi, uşaqları və özü üçün nəticəsi pis olar dedim… Yoldaşların çıxışını, söylədikləri faktları düzgün hesab etdim. Qoy o, bir-bir düşünsün, yoxsa o, bataqlıqdan çıxa bilməz. Səməd Vurğunun yubileyi zamanı mən Qazaxa Xəlil Rza ilə ezam olunmuşdum. O, Qazaxda çıxış etdiyi zaman məni təəccübləndirdi. Qazaxdan biz Marneuli rayonuna getməli idik. Mən Xəlil Rzanı qabaqcadan xəbərdar etdim ki, Qazaxda özün bildin necə çıxış etdin, amma indi biz başqa respublikaya gedirik, bizi hörmətdən salma. Marneuli rayonunda gecə keçirən zaman mən onu zorla səhnədən aşağı saldım. Xəlil buraxdığı səhvlərdən nəticə çıxara bilmir, çıxarmır. Başqalarının arasında da artıq-əskik danışır. Biz bunların qarşısını almaq üçün ölçü götürməliyik. Xəlil, sən cibində müqəddəs bir təşkilatın biletini daşıyırsan. Sən həmişə, hər yerdə fikirləşməlisən ki, böyük bir xalqın şairisən. Xəlil Rzanın səhv istiqamətdən uzaqlaşması üçün tədbir görməliyik.” Müzakirələrə qoşulan yazıçı Hüseyn Şərifov da Xəlil Rzanı məzəmmət etdi və dedi ki, “Şuşaya getmək üçün (Vaqifin 250 illiyinin Şuşada keçirilməsi nəzərdə tutulur – C.H.) vağzala gəlməyin və qonaqlıq evindəki hərəkətlərin çox pisdir. Vağzalda İmran Qasımov mənə yanaşdı, mən sənə nəsihət etdim, olmadı. Belə hərəktlər bizi hörmətdən salır. Bizim təşkilatımız sağlam təşkilatdır. Biz onu ləkələməyə imkan verməyəcəyik. Mən yoldaşların fikri ilə şərikəm ki, bir çoxları haqqında ciddi ölçü götürməliyik, fikirləşməliyik.”
Yenidən müzakirəyə qoşulan Rəsul Rza Xəlil Rza ilə bağlı bəzi məsələlərə aydınlıq gətirdi və qeyd etdi ki, “bizdə bir məhduudiyyət var. Bu yaxşı deyil. Yadınızdadırmı bir dəfə “Dil” şeri haqqında məsələ gedib Mərkəzi Komitəyə çatmışdı, müzakirə edilmişdi. Mən o zaman Xəlil Rzanı müdafiə etdim ki, səs yayılmasın, deməsinlər ki, Azərbaycan yazıçıları millətçilik məsələləri irəli sürürlər. Sənin xalqını sevməyin məgər “Azəri yerişi” deməyindən ibarətdir? Məmməd Cəfər deyən kimi, bütün səhvlərin təvazökarsızlığından, şöhrətpərəstlikdən əmələ gəlir…Niyə sənə toxunmur ki, xaricdən gələn qonaq öz biletini sənə verir, çünki sən ona demisən ki, məni çağırmayıblar. Sensasiya axtarırsan? Belə əhval-ruhiyyə cavanlar arasında var. Məmməd İbrahim yaxşı şairdir, amma ikinci dəfədir ki, Xəlil Rzanın pis hərəkətlərini müdafiəyə çalışır. “Mənəm-mənəm”, “mənim xalqım” və i.a. kimi ifadələrdən əl çəkin. Xidmət haqqında qışqırmaq lazım deyil. Bütün bu danışıqlardan sonra mən istərdim ki, aydınlaşdıraq: Xəlil Rza bizim fikrimizlə razıdır, ya o, Əkrəm Cəfərlədir?”
Üç saatdır Rəyasət Heyəti mənim nöqsanlarımı müzakirə edir
Üç saatlıq müzakirəyə yekun vuran Mirzə İbrahimov şöhrət məsələsinin haqlı qeyd olunduğunu vurğuladı və dedi? “Xəlil Rza bilməlidir ki, milli məhdudiyyət siyasi nadanlıq və siyasi korluqdan başqa bir şey deyildir. Təvazöslük, şöhrətpərəslik, riyakarlıq, ucuz şöhrət və hay-küylük dalınca qaçmaq sovet yazıçısına, sovet vətəndaşına yaraşmaz. Xəlil Rza kimi adamlar bizim düşmənlərimizin əlində kor bir alətə çevrilirlər. Şöhrətpərəstlikə heç vaxt həqiqi sənət əsəri yaranmamışdır. Fırıldaqçılıq, avantüra bizim yolumuz deyildir. Xəlil Rza öz şöhrətpərəstlik hisslərini cilovlaya bilmir, kobud, alçaq hərəkətlərə yol verir. Bu gün Cənubi Azərbaycan problemini Xəlil Rza kimilərin etdiyi kimi ucuzlaşdırmaq, bayağılaşdırmaq olmaz. Cənubi Azərbaycana, qonşu İran dövlətinə münasibətimizin əsasını buğun xırda, məhdud fikirlər və hisslər deyil, Araz üzərində qurulan dostluq bəndi kimi böyük və tarixi amillər təşkil edir və etməlidir. Vətənə, xalqa məhəbbət, vətənpərvərlik duyğuları sağlam iddianın məhsuludur. Xəlil Rza yad təsirlərdən özünü tezliklə xilas etməlidir. Qoy o, bilsin ki, 37-38-ci il hadisələrində məhz Xəlil Rza kimi dəyanətsiz adamlardan istifadə olunmuş, qiymətli xadimlərimizin həyatında faciələr baş vermişdir. Qorki kitabxanasında onun çıxışı məni narahat etdi. Sən istifadə etdiyin ritorik sözlərdə deyil, Arazın üzərində tikilən hidrostansiyada mən patriotik hiss görürəm. Sən işini avantürni fikirlər üzərində qurursan. Sən qarşına qoyduğun patriotik fikirlər barədə düşünmürsən. Başqasının təsiri haqqında: Nə vaxt sən sərbəst olacaqsan? Sən öz təfəkkürünü köhnə düşüncələr səviyyəsinə qoyursan. İnsanda ləyaqət olmalıdır. Sənin yalan danışıqların da yaxşı deyil. Bundan sonra sənə necə etibar edə bilərik?” Xəlil Rza replika verdi ki, “Üç saatdır Rəyasət Heyəti mənim nöqsanlarımı müzakirə edir. Bu mənim üçün çox ağırdır. Çıxış edənlərin çoxu səmimi danışdı, o birilər isə şayiələr, dedi-qodularla əlaqədardır. Məndə şöhrətpərəstlik var. Bəlkə ondan ötrü ki, mən çap olunmuram. Mən işləmirəm.” Mirzə İbrahimov dedi ki, “sənə iş vermək barəsində Mərkəzi Komitədə fikirləşirlər, amma gəncliklə əlaqədar iş verməyəcəklər.” İclas qərar aldı ki, 1) Xəlil Rzanın nəinki sovet yazıçısına, hətta sovet vətəndaşına layiq olmayan hərəkətləri pislənilsin. Və ona şiddətli töhmət elan edilsin; 2) Xəlil Rza öz səhvləri haqqında yazılı şəkildə izahat versin; 3) Rəyasət Heyəti Xəlil Rza yoldaşı xəbərdar edir ki, o, kobud-yaramaz səhvlərini təkrar edərsə, onun İttifaqda qalıb-qalmamaq məsələsinə baxılacaqdır. Protokoldan çıxarış Mirzə İbrahimovun imzası ilə iclasdan sonra Azərbaycan KP MK-ya göndərildi. Toplantıdan iki gün sonra “Azərbaycan Yazıçılar İttifaqının birinci katibi Mirzə İbrahimov yoldaşa Xəlil Rza tərəfindən təşəkkür məktubu” göndərildi. Orada deyilirdi: “Martın 26-da mənim məsələm ilə bağlı olaraq yığıncaqda çıxış edən hörmətli yazıçı yoldaşlara öz təşəkkürümü bildirməyi vacib sayıram. Burada mənim yaşlı, təcrübəli, ağsaqqal qələm dostlarım, xalqımızın yetkin sənətkarları çox səmimi çıxış etdilər, gəncliyin və yeni ədəbi nəsildən olan cavanlarımızın təlim-tərbiyəsi, layiqli yazıçı-Vətəndaş kimi yetkinləşməsi üçün öz ürək sözlərini dedilər və bu baxımdan mənim bir sıra hərəkətlərimi pislədilər, xarakterimdə, görünür dərin kök salmış şöhrətsevərlik duyğusunu, çox tezliklə nüfuz qazanmaq meyllərini qırmacladılar. Araz və ana dili mövzusunda tez-tez, yerli-yersiz çıxış etmək halları da xalqın zəif damarına toxunmaq və bununla ucuz alqış qazanmaq vasitəsi kimi pislənildi: əslində çox qiymətli olan bu mövzular siyasi cəhətcə yetkinləşməmiş şairi milli lovğalıq bataqlığına da yuvarlada bilər. Əgər xəbislikdən, şayiə və mühafizəkarlıqdan bir sıra haqsız hücumları nəzərə almasam, deməliyəm ki, yuxarıdakı fikirlərin çoxusu doğrudur, səmimidir, mərd, müdrik sənətkarlarımızın ürəyindən qopan nəcib diləklərin ifadəsidir. Buna görə də əminəm ki, yalnız sərt, obyektiv həqiqətlər deyil, hətta haqsız tənqidlər belə bugünkü və gələcək fəaliyyətimdə mənə böyük yardım edəcəkdir. Mən dahi Leninin adını daşıyan APİ-də on il dərs demişəm və əminəm ki, bu ada layiq müəllim olmuşam. Hələ işdən çıxarılandan sonra belə rektorluğun, kafedramızın və partiya özəyimizin mənə bəslədiyi etimadın, məhəbbətin soyumadığın dərk etməyim mənə böyük qüvvət verir. Hələ az qala hər gün evimizə baş çəkən tələbələrimi demirəm. Çox təəssüf ki, yığıncağımızdakı səmimi və qeyri-səmimi tənqidlərə cavab vermək üçün mənə lazımınca vaxt, imkan verilmədi. Eybi yoxdur. Bu vaxtacan yazdığım və yazmaqda olduğum əsərləri dərc etdirə bilsəm, ümidvaram ki, mənə bəslədiyiniz etimadda yanılmadığınızı sübut edə biləcəyəm.”
Xəlil Rza ilə bağlı qalmaqal yenicə səngimişdi ki, 1969-cu ilin iyun ayında tanınmış şair Bəxtiyar Vahabzadənin “Azərbaycan” jurnalının redaksiyasında məsul katib Ağacavad Əlizadəni döyməsi məsələsi Azərbaycan Sovet Yazıçılar İttifaqı Rəyasət Heyətinin müzakirəsinə çıxarıldı.
Oxunub: 846