Yanvarın 13-də Müsəlman Birliyi Hərəkatının təsis olunmasının üç ili tamam oldu. Təşkilat üzvləri hərəkatın üç illiyi ilə əlaqədar bu gün konfrans keçirməyi planlaşdırıb. Tədbirin keçirilməsi üçün əvvəlcədən yer də müəyyənləşdirilib, məkanın sahibi ilə razılıq əldə olunub. Konfransın bu gün səhər saat 11-də keçirilməsi nəzərdə tutulmuşdu. Amma hakimiyyət Müsəlman Birliyi Hərəkatının illik konfransına da imkan verməyib. Bu haqda “Azadliq.info”ya təşkilatın üzvləri məlumat verib.
Konfransa yarım saat qalmış məkanın sahibi təşkilat üzvlərilə əlaqə saxlayaraq, razılaşmanın pozulduğunu söyləyib. Bildirib ki, onun özünə də bununla bağlı xəbərdarlıq edilib. Deyilib ki, əgər orada konkfrans baş tutsa, ciddi tədbirlər görüləcək.
“Buna görə də Müsəlman Birliyi Hərəkatının üç illiyi qeyd olunmadı”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, onun müavini Elçin Qasımov, təşkilatın İdarə Heyətinin üzvləri də daxil, bu qurumun onlarla təmsilçisi həbsdədir.
Müsəlman Birliyi Hərəkatı təsis olunandan sonra onun dövlət qeydiyyatından keçməsi üçün iki dəfə Ədliyyə Nazirliyinə müraciət olunub. Amma nazirlik təşkilatı qeydə almaqdan imtina edib.
Azadliq.info
Oxunub: 232