“The Independent” qəzetinin yazdığına görə, 2 aydır ki, bahalı oteldə “mehmanxana məhbusu” edilmiş Səudiyyə Ərəbistanı milyarderi, şahzadə Əlvalid bin Təlalın səbir kasası daşır və o azad olunması üçün, deyəsən hakimiyyətlə danışıqlara razılıq verib.
Neftlə zəngin Səudiyyənin şahzadəsi Əlvalid bin Təlaldan azad olunması üçün milyardlarla dollarlıq sərvətindən keçməsi istənir.
Forbes jurnalının məlumatına görə, Əlvalidin sərvəti 17 milyard dollar civarında təxmin edilir. Ölkəsinin ən məşhur biznesmenlərindən biri olan şahzadə Kinhdom Holding şirkətinin sahibidir.
“O bir məbləğ təklif edib, amma bu məbləğ ondan istənən məbləğ qədər deyil və baş prokuror bu günə qədər bu təklifi qəbul etməyib” – deyib adının çəkilməsini istəməyən bir Səudiyyə rəsmisi.
Şahzadə Əlvalidin məsələsi ilə tanış başqa bir mənbə isə Reuters agentliyinə deyib ki, o, Səudiyyə hökumətinə “ianə” vermək istəyir. Bununsa mənası o deməkdir ki, Əlvalid heç bir korrupsiya və büdcə oğurluğu ittihamı ilə üzləşmək istəmir.
O həm də mülkiyyətindən nəyi verib, nəyi verməmək seçimini də özü etmək niyyətindədir.
Ötən ilin noyabrından bəri şahzadə Əlvalid də Səudiyyə Ərəbistanı siyasət və biznes elitasının onlarca başqa üzvü kimi Riyadın dəbdəbəli Ritz Carlton otelində faktiki olaraq həbsdə saxlanır. Onlara indiyədək yığdıqları sərvətdən keçib azadlığa çıxmaq təklif edilib.
Səudiyyə rəsmiləri bildirirlər ki, dövlət bu adamlardan onun xəzinəsindən oğurlanmış 100 milyard dollaradək pulun qaytarılmasını tələb edir.
Bu repressiyaya komanda verən vəliəhd şahzadə Məhəmməd bin Salman qarşıdurmanın tez bir zamanda bitməsini və bahalı oteldə məhbus edilənlərin yola gəlmələrini istəyir.
Şahzadə Əlvalidə qarşı çirkli pulların yuyullması, rüşvət və rəsmilərin reket edilməsi kimi ittihamlar irəli sürülüb. Nə onun özü, nə də şirkəti ona qarşı irəli sürülmüş ittihamlar barədə açıq bəyanat verməyib.Maraqlıdır ki, Reuters-in sorğularını cavabsız buraxan Kingdom Holding-in öz fəaliyyətini normal şəkildə davam etdirdiyi xəbər verilir.
Bu arada ölkənin tikinti nəhəngi Saudi Binladin Group bildirib ki, haklimiyyətlə razılaşmanın əldə edilməsi üçün mülkiyyətlərinin bir hissəsini dövlətə transfer etməyə hazırdır. Ritz Carlton otelinin dəbdəbəli zallarında “məhbus” olanların arasında qrupun sədri Bəkr bin Laden və bu ailənin bir neçə üzvü var.Bir vaxtlar Səudiyyə taxt-tacına sahiblənəcəyi gözlənilən şahzadə Miteb bin Abdullah-ın artıq əmisi oğlu ilə razılığa gəldiyi xəbər verilib. O sərvətinin 1 milyard dollarından keçdikdən sonra atasının qardaşı oğlu onu bahalı və dəbdəbəli “həbsxanadan” azad edib.
Oxunub: 230