Nəsimi Məmmədli
Ölkəmizin bir çox sahələrində vicdanla çalışan, bu günədək ləyaqətlə yaşayan, cəmiyyətimizin dəyərli insanları sırasında daim rəğbətlə adı çəkilən xeyli dostlarım və tanışlarım var. Xüsusilə də bu insanlar siyasət, elm-təhsil, hüquq, media, mədəniyyət, incəsənət və digər sahələrin tanınmış və sayğı göstərilən nümayəndələri hesab olunur.
Bu gün onlardan birinin, ölkəmizdə və çağdaş dünyada elmi ictimaiyyətin görkəmli nümayəndələrindən sayılan tarixçi-professor, ictimai-siyasi xadim, Milli Şuranın sədri dəyərli Cəmil Həsənlinin doğum günüdür. Onu Xalq Hərəkatının ilk günlərindən BDU-da tələbələrin ən çox rəğbət bəslədiyi savadlı, əqidəli və mübariz müəllimlərdən biri kimi tanımışam. Cəmil müəllim təkcə ictimai-siyasi xadim, onlarla elmi kitabın və yüzlərlə elmi məqalənin müəllifi olan böyük alim deyil, o, həm də çox sadə, səmimi, mehriban, təvazökar insandır. Onunla görüşüb bir neçə saat söhbət edəndə zamanın necə sürətlə keçdiyini hiss etmirsən. Sanki dünya və Azərbaycan milli ensiklopediyasının ən maraqlı səhifələrini vərəqləyirsən. Cəmil müəllim ölkəmizin elə öndər şəxsiyyətlərindəndir ki, bilgilərini xəsislik etmədən paylaşmağa, hər kəsə təmənnasız öyrətməyə çalışan, habelə, tələbələrinə, silahdaşlarına, sadə insanlara qarşı səmimi və mehriban olduğu qədər də, haqsızlığa, ədalətsizliyə, qanunsuzluğa qarşı sərtliyi, barışmazlığı, cəsarətli və prinsipiallığı ilə seçilir.
Xatırladım ki, vaxtilə keçmiş sovet respublikalarının aparıcı universitetlərində çalışan onlarla tarixçi alim dünya miqyasında tanınsa da, onlardan heç birinə dünyanın ən nüfuzlu universitetlərindən sayılan ABŞ-ın Harvard Universitetində nəşr olunmaq nəsib olmayıb. Ancaq Cəmil müəllim keçmiş sovet ittifaqından olan yeganə tarixçi alimdir ki onun Harvardda 2 kitabı nəşr olunub. “At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941-1946” və “Stalin and the Turkish Crisis of the Cold War, 1945-1953” kitabları dünya elm-tarix kitabxanalarının nəhəng tədqiqat əsərlərindəndir. Bundan əlavə onun “The University of Utah Press” də yeni nəşr olunan kitabı da dünya alimləri tərəfindən eyni maraqla qarşılanıb. Harvard seriyasında nəşr olunacaq qiymətli əsərləri isə hələ sonuncu deyil.
Bu kiçik qeydimlə zəmanəmizin böyük alimi Cəmil müəllimin elmi yaradıcılığına əhatəli işıq salmaq mümkün olmasa da, ölkənin bir fəal vətandaşı kimi öz mənəvi borcumu yerinə yetirmək istədim. O, sözün həqiqi mənasında müəllim adına şərəf gətirən bir aydındır.
Hörmətli professoru səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, hüzurlu uzun ömür və daha böyük uğurlar arzulayıram. Allah yardımçınız olsun, Cəmil müəllim!
Oxunub: 242