Məlum olduğu kimi, ölkə başçısı Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.
Maraqlıdır, Azərbaycan kinosunun hazırkı durumu nə dərəcədə qənaətbəxşdir? Bu sahədəki ən böyük problem nədən ibarətdir?
Moderator.az-a açıqlama verən məşhur kinodramaturq və ssenarist Eldəniz Quliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bəli, Azərbaycan kinosunun 120 yaşı var. Nəzərə alsaq ki, dünya kinosunun yaşı 125-dir, deməli, fəxr etməli bir tarixdi. Nə qədər qəribə olsa da Lümer qardaşları ilk dəfə şəkilləri hərəkətə gətirəndən (1895-ci il) cəmi üç il sonra Bakıda bir neçə süjet çəkildi.
Azərbaycanda kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Buxar əmirinin qarşılanması”,”Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii-gülməli kinosüjetdən (“İlişdin ha”) ibarət idi.
Əlbəttə, milli Azərbaycan kinosu mövcud olduğu illər ərzində dəfələrlə siyasi, iqtisadi və maliyə kataklizmlərlə qarşılaşıb, yaradıcılıq və ideya diqtəsinə məriz qalıb. Amma hər zaman öz mövcudluğunu qoruyub və nəticədə milli mədəniyyətin, habalə milli-mental dəyərlərin tərkib hissəsinə çevrilə bilib.
Bu gün təəssüflər ki, kino sənətimiz öz növbəti tənəzzül dövrünü yaşayır. Bəlkə elə məhz buna görə də bu gün O, dövlət tərəfindən köməyə möhtac durumdadı. Bu baxımdan, məlum sərəncam milli kinomuzun dirçəlməsinə xidmət edəcəyi qənaətindəyəm. Biz öz mənəviyyatımızı, mədəniyyətimizi qorumağa məhkumuq. Deməli, Azərbaycan kinosunun yıxılmağına imkan verməməliyik.
Ən böyük problem isə kino idarəçiliyinin səriştəsiz adamlara həvalə olunması, istedadlı adamlardan daha çox “adamı olan adamlara” meydan verilməsidir. Çəkilən çoxsaylı teleseriallar, eləcə də sponsor hesabına çəkilən bəzi bədii filmlər, bu gün milli kinomuzu məhvə aparan psevdo-filmlərdi. Kino təhsili də aşağı, bir çox hallarda isə biabırçı vəziyyətdədir. “Azərbaycanfilm” kinostudiyasının bir texniki-yaradıcılıq bazası kimi diqqətdən kənarda qalması da filmlərimizin keyfiyyətinə neqativ təsir edir. Və bütün bu problemlər kompleks həll olunmalıdır. Amma təbii ki, bütün bunlar “çörəyin çörəkçiyə verilməsi”ilə başlamalıdı”.
Oxunub: 170