Prezident İlham Əliyev fevralın 1-də Türkiyənin Əmək və Sosial müdafiə naziri Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib ki, “Azərbaycan-Türkiyə münasibətləri dünya miqyasında nümunəvi xarakter daşıyır.” Bu sözləri eşidən ilk anda insanın ağlına iki ölkə arasındakı viza məsələsi gəlir. Uzun illərdir Türkiyə tərəfindən birtərəfli qaydada ləğv ediən, Azərbaycan hökuməti tərəfindən indiyəcən ləğvinə qərar verilməyən viza məsələsi. Türkiyə Azərbaycan tərəfindən viza rejiminin ləğv edilməsi arzusunu dəfələrlə dilə gətirib. Bu istəyi keçən ilin dekabr ayında ölkənin İqtisadiyyat naziri Nihat Zeybekçi belə ifadə edib: “Qardaşlar arasında viza olarmı? Vizaları ləğv etdiyiniz anda turizmin necə inkişaf etdiyini görəcəksiniz. Milyonlarla Türkiyə vətəndaşı sizin ölkəyə axacaq. Turizm böyük iqtisadiyyat, böyük inkişaf deməkdir, pul deməkdir. Bu sahələrdə də razılığa gələcəyik, şübhəm yoxdur. Bir az səbrlə işləmək, addım-addım irəliləmək lazımdır”. Amma nazirin çağırışına Azərbaycan hökuməti tərəfindən heç bir reaksiya verilməyib və indiyə qədər də bu sahədə real addım atılacağına dair hər hansı fikir yoxdur. Əliyev hökuməti nədən Türkiyə ilə viza rejiminin aradan götürülməsindən qaçır? Problemin əsl səbəbləri nədədir? Bu suallara Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli aydınlıq gətirir:
– Təbii ki, mövqelərdə ciddi ziddiyyət var və Azərbaycan prezidentinin fikirləri ilə Türkiyənin İqtisadiyyat nazirinin açıqlamaları bu ziddiyyəti açıq şəkildə ortaya qoyur. Türkiyəli nazirin bu israrı hətta diplomatik etiketin üzərindədir və onun fikirlərindən aydın görünür ki, Türkiyə vətəndaşlarının Azərbaycana viza ilə gəlişi qardaş ölkə rəhbərliyini qane etmir.
Əslində, bu bizi də qane etmir və Azərbaycanın milli maraqlarına uyğun deyil. Türkiyə və Azərbaycan bir millətin iki dövlətidir və bütün obyektiv məqamları nəzərə alsaq belə, Türkiyə ilə Azərbaycan arasında birtərəfli qaydada viza rejiminin saxlanılmasının heç bir ciddi və məntiqi əsası ola bilməz. Ölkəmiz ağır iqtisadi böhran içindədir, lakin turizm sektoru inkişaf edə bilmir və inkişaf perspektivləri də zəifdir. Bu şəraitdə nazir Zeybəkçinin də qeyd etdiyi kimi, ölkəmizə daha çox Türkiyəli turistin gəlməsində maraqlı olmalıyıq. Türkiyə Azərbaycana ən həssas, ən doğma, mənəvi bağlarla, eyni zamanda taleyüklü strateji maraqlarla bağlı olan dövlətdir, o baxımdan Türkiyədən Azərbaycana heç vaxt ziyan gəlməz.
Azərbaycan hakimiyyəti öz viza siyasətini daha çox bir neçə məqamla əsaslandırmağa çalışır. Birinci arqument Türkiyədən Azərbaycana dini ekspansiyanın artması ehtimalıdır. Dövlət institutları öz vəzifələrini yetərincə icra edəcəkləri halda, belə bir təhlükə ciddi sayıla bilməz. İkinci məqam, Türkiyə ilə viza rejimi ləğv olunacağı halda, İranın eyni tələblə çıxış etməsilə bağlıdır. Təbii, İran da qonşu dövlətdir və biz ortaq mədəniyyətə və tarixə malik olduğumuz cənub qonşumuzla dostluq münasibətlərinin inkişafında maraqlıyıq. Ancaq Qarabağın işğalı faktına görə hətta Avropa Birliyi ilə konfrontasiyanı göz önünə alıb Ermənistanla sərhədlərini 24 ildir bağlı saxlayan Türkiyə və Rusiya ilə birlikdə Ermənistanın siyasi-iqtisadi mövcudluğunun əsas təminatçısı olan, Ermənistanın ən çətin günlərində ona ikinci nəfəs verən İranın istənilən müqayisəsi qüsurludur.
Göründüyü kimi, hakimiyyətin sığındığı başlıca arqumentlərin ciddi əsası yoxdur. Bəs viza rejimi nədən qaldırılmır?! Azərbaycan siyasi rəhbərliyi bütün məsələlərdə olduğu kimi burada da dar hakimiyyət və biznes maraqlarından çıxış edir. İlk öncə, mahiyyət etibarilə milli olmayan Azərbaycan hakimiyyəti hətta Ərdoğan iqtidarı ilə çox yaxın və dərin əlaqələri olsa belə, Türkiyəyə heç vaxt tam güvənmir, Türkiyə cəmiyyəti və xalqı ilə həmişə məsafə saxlamaqda maraqlıdır. Çünki Azərbaycan xalqının Türkiyəyə olan gerçək həssaslığını bilir və Türkiyənin xalqımıza potensial təsir imkanlarından ehtiyatlanır. Buna görə də Türkiyə ilə münasibətlərində səmimi deyil. İkinci səbəb isə daha bəsitdir. Türkiyə vətəndaşları Azərbaycana gəlmək üçün Türkiyədəki konsulluq idarələrimizdən viza almaq məcburiyyətindədirlər. Azərbaycana gələn türklərin sayını nəzərə alsaq, kifayət qədər böyük bir gəlir mənbəyindən söhbət getdiyi bəlli olacaq. Və Azərbaycan tərəfi sözsüz ki, korrupsiya elementinin də daxil olduğu bu gəliri itirmək istəmir. Bundan əlavə, Azərbaycan iqtisadiyyatının ən işlək mexanizmi olan korrupsiya və monopoliya rejimi daha öncədən Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarını əksəriyyət etibarilə ölkədən didərgin salıb. Siyasi idarəetmə sahəsində problemləri olsa da, açıq bazar iqtisadiyyatı və sərbəst rəqabət üzərində bərqərar olan Türkiyə iqtisadiyyatı Azərbaycan hakimiyyəti üçün təhlükə mənbəyidir və bu nümunədən mümkün qədər məsafə saxlamağa çalışırlar.
azadliq.info
Oxunub: 882