Bu gün YAP hökumətinin xalqa sırıdığı qondarma günlərdən biri-Gənclər günüdür. Məlumdur ki, 25 ildə bu rejim Azərbaycan gəncliyinə düşmənin düşmənə yaşatmadığı günlər yaşadıb. Milyardların talandığı ölkədə minlərlə gənc işsizlikdən, repressiya və ümidsizlikdən ölkəni tərk edib. Yüzlərlə intellektual səviyyəli gənclər həbsxanalara salınıb, minlərlə təhsil haqqını ödəyə bilməyən gənc universitetlərdən xaric olunub. Gənclər arasında intiharların sayı durmadan artıb. Yüz minlərlə gənc işsizlik, evsizlik, yoxsulluq üzündən həyatını qura bilmir, ürək və əsəb xəstəlikləri gündən-günə gəncləşməkdə davam edir. Problem harda olduğu hər kəsə məlumdur. Bu gün sosial şəbəkələrdə müstəqil fikirli gənclərin yazdıqlarına nəzər salsanız, görərsiniz ki, onlar birmənalı olaraq ölkə üçün ən böyük problemin indiki hakimiyyət olduğunu deyirlər. Onların haqlı olduqlarını ölkənin real mənzərəsi də tam çılpaqlığı ilə ortaya qoyur.
Hökumət son 7 ildə “gənclərə qayğı” adı altında iki dövlət proqramı qəbul edib. Onlardan birincisi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, o birisi isə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” adlanan Dövlət Proqramıdır. İkinci proqramın məqsəd və vəzifələrini açıqlayan bölümündə “gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək” şəklində açıqlanır. Doğrudan da, qarşıya qoyulan məqsədlər çox gözəl səslənir! Amma reallıq tam əksini deyir axı, cənablar. Kimsəyə sirr deyil ki, son 10 ildə hökumətin gənclər siyasəti birbaşa azad fikirli, müstəqil, ölkədə yenilik istəyən gəncləri sıradan çıxarmaqla, yaltaq, ikiüzlü, qanun və müasirliyə qarşı olan manqurtlaşmış bir ordu yetişdirməyə yönəlib. Uzağa getmədən, buna son bir ildə hökumətin göstərişi və dəstəyi ilə yaradılan çoxminlik trol qruplarını misal gətirmək olar. Artıq məlum proqramda qeyd edilən “könüllülük hərəkatı”nın da buna bənzər işlərə istiqamətləndiyi hər kəsə bəllidir.
İndi baxın, böyük pulların xərcləndiyi həmin proqramlar nəticəsində ölkə gəncliyinin həyatında nələr baş verib? 15-19 yaşlarında olan gənclərin sayı 252 min 300 nəfər azalıb və bu, 26,7% azalma deməkdir. Bu məsələni bir az əvvəl iqtisadçı-ekspert Nemət Əliyev mətbuata çıxararaq, həyəcan təbili çalmışdı. “Qeyd edim ki, gənclərin strukturunu dağıdan bu təhlükəli proses 2008-ci ildən başlanğıcını götürüb və 2017-ci ilin əvvəlinədək ötən dövrdə 15-19 yaşlarında olan gənclərin sayının 945,3 min nəfərdən 693 min nəfərə qədər enməsinə səbəb olub. Hər il gənclərin sayında orta hesabla 28 min nəfərdən çox azalma yaşanıb”- deyə iqtisadçı bildirmişdi.
YAP rejiminin ölkədəki gənclər siyasəti bundan ibarətdir. Və bu gün onlara ağızdolusu “gənclərə qayğı”dan danışanda illərdir ölkə həbsxanalarında fərqli düşüncələrinə görə yatan Seymurları, Fuadları, Muradları, İlkinləri, Qiyasları, Bayramları, Elnurları da unutmasınlar…
azadliq.info
Oxunub: 176