Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun “Nübar” qəsəbəsində (“At yalı” adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə sürüşmə prosesinin dinamikası aktivdir, yəni burada sürüşmə prosesi davam edir və stabillik yoxdur.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
R.Həsənov bildirib ki, sadalanan ərazilərdəki mövcud çatlarda genişlənmə gedir. Suraxanı rayonu Zığ qəsəbəsində ayrı-ayrı sahələrdə qrunt sularının yer səthinə çıxışı, bəzi ərazilərdə lokal sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilir.
Nazirlik rəsmisi əlavə edib ki, Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində Günəşli yaylası küçəsindən tektonik qırılma xətti keçir: “Burada təbii və texnogen amillərin təsirindən aktivləşmə baş vermişdi. Hazırda torpaq qatında gözlə görünən çatlar müşahidə edilir, lakin bu günlər ərzində orada vəziyyət stabildir, ciddi aktivləşmə müşahidə edilməyib”.
Oxunub: 146