Ağır şərtlər altında yaşayırıq. Cəmiyyət depressiya bataqlığına çapalayır. Maddi, mənəvi böhran insanları boğduqca boğur. Hüququn zorakılıq aləti kimi istismar olunduğu bir ölkənin qurbanlarıyıq. Bu qanunsuzluq cəmiyyətdə özünə elə yer eləyib ki, bir sabah oyanıb növbəti aya seçki salındığını eşidəndə də “gözlənilən idi” deməkdən başqa çarən qalmır. Qəzəbin içini dağıtsa belə, çevrədə böyük çoxluğun süstlüyünü görüb əlini yanına salmağın gəlir. Danışanda da çoxları sənə yadplanetli kimi baxır. Adamlar on illərdir özünü “biz nə edə bilərik” məhkumiyyətinə təslim edib oturub. “Belə yaşamaqdansa ölmək yaxşıdır” deyib deyinirlər arada, məsələ real işə gələndə isə qınlarına çəkilib görünməz olurlar. “Kim üçün yazırsınız, özünüzü niyə fəda edirsiniz, qiymət bilməyən toplum üçün dəyərmi?” deyən dostları da qınayırıq eləcə. Bu ölkə də dəyişməlidir axı. Qanunun hakim olduğu bir cəmiyyətdə yaşamaq bizim də haqqımız deyilmi? Biz özümüz dəyişməsək, kim dəyişəcək bu özbaşına gedişi? “Bu xalqa vəkillik sizəmi qalıb?” deyənlər də anlamalıdır ki, indiki halda xalqa vəkillik bir vicdan məsələsidir artıq. Əgər gerçəkdən xalqı dilsiz-ağızsız, əlsiz-qolsuz, heysiz-hərəkətsiz hala salıblarsa, onların haqlarını müdafiə edən biriləri olmalıdır. Bu özbaşına gedişi durdurmaq lazım, necə olursa-olsun…
Ötən əsrin ən yaxşı vəkillərindən biri olan Moe Levine məhkəmələrdə müvəkkillərinin müdafiəsi üçün “hekayə hipnozu”ndan istifadə edirdi. O, bu hekayələri ilə hakim və məhkəmə heyətinə təsir edərək, müvəkkilinə qarşı mərhəmətli qərar çıxarılmasına nail olan müstəsna bacarıq sahibi idi. Qəzada iki qolunu itirən bir müvəkkili üçün təzminat davası prosesində Levine məhkəməni çaşqın duruma salan belə bir çıxış etmişdi:
“Bildiyiniz kimi, təxminən bir saat öncə günorta yeməyi fasiləsinə çıxdıq. Yardımçınızın gəlib sizi qrup halında məhkəmə heyəti otağında hazırlanan yeməyə apardığını gördüm. Müdafiə vəkili cənab Horowitzin müvəkkiliylə birlikdə günorta yeməyinə getdiyini də gördüm. Mən də öz müvəkkilimlə küçənin qarşısındakı kiçik qəhvəxanaya gedərək yemək yedik. Amma fərq edilən bir durum var. Müvəkkilim qolları olmadığı üçün tabağını köpək kimi yalayaraq yemək zorunda qaldı. Başqa bir sözüm yox. Təşəkkür edirəm.”
Bu, Moe Levinenin Nyu-Yorkun əyalət məhkəməsi tarixində qazandığı ən böyük təzminat davalarından biri olmuşdu. Məzlumun, əzilənin, haqlının tərəfini saxlayıb, onun haqqının özünə qaytarılması üçün vəkillik etməyə dəyməzmi? Heç yorulmadan ədalətsizliyə qarşı dirənib, haqlının qazanması naminə dava aparmağa dəyməzmi? Bu gün yaşadığımız ölkənin insanları vəkil Levinenin əli-qolu kəsilmiş müvəkkilinin durumuna düşməyibmi? Hər gün çarəsizlikdən intihar edən neçə-neçə insanı ondan nə fərqləndirir ki? Haqları uğrunda mübarizəyə qoşulmayanları, özünə inamsızlıqdan çəkilib küncdə-bucaqda zillət çəkənləri, boynuna ip keçirənləri çox qınayırıq, şübhəsiz. Amma o insanları tərpədənə, özünə, öz gücünə inandırana qədər geri çəkilmək haqqımız da yox. Bizim danışdıqlarımızın, yazdıqlarımızın əsas məramı budur. Bu davalarda yazdığımız “hekayələr”in bir gün hökmən haqq qazanacağına inanclıyıq. Elə Levinenin hekayəsində olduğu kimi…
Oxunub: 198