Səadət Cahangir
Hər şey məktəbdənmi başlanır? Hər şey olmasa belə, çox şey məktəbdən başlanır. İnsanın öyrənmə bacarığı burdan istiqamətləndiyinə görə, burda tədris olunan dərsliklərin verdiyi bilgi önəmlidir. Yəqin bir çoxunuz həyatda qarşınıza çıxan dolaşıq işlərin içində “kitablarda belə yazılmamışdı” deyə düşünmüsünüz də, mənim kimi. Həyat dərsləri fərqli olsa da, əsas bilikləri verən məktəb dərslikləridir. Onların kim tərəfindən yazılması, necə tədris edilməsi böyük əhəmiyyət daşıyır, şübhəsiz. Təəssüflər olsun ki, indi hər kəs məktəblərdə tədris olunan dərsliklərin əlindən qan ağlayır. Müəllimlər də, şagirdlər də, valideynlər də kitabların dilindən, məzmunundan şikayətçidir. Bunu qonşumuz Lalə xanımın 4-cü sinif şagirdi olan nəvəsinin dərs hazırlığına kömək etdiyi zaman çəkdiyi əziyyətdən bilirəm. Hər kəs dərsliklərin qarışıq, mürəkkəb, baş-ayaq yazıldığından gileylənir. Kiminsə qərəzimi var kitab yazanlarla? Xeyr, təbii ki, bir həqiqət var bu qədər narazı insanın söylədiklərində…
Yaxın günlərdə sosial şəbəkədə müəllim və valideynlərə dərsliklərin vəziyyəti ilə bağlı bir sual ünvanladım. Xahiş etdim ki, rastlaşdıqları nöqsanları yazsınlar. Sualla bağlı bir xeyli cavab gəldi, onların arasında iki önəmli qüsuru diqqətinizə çatdırıram. Bölgə məktəblərinin birində çalışan Salam Mahmudov yazır: “Mən riyaziyyat müəllimiyəm. Kurikulum üsulu ilə dərs keçilən uşaqların kitabına baxdıqda gördüm ki, bu üsul uşaqlara nəsə öyrətmək yox, öyrətməmək üsuludur, 5, 8, 9 və 10-cu siniflərin “Riyaziyyat” dərsliklərini yazan üç müəllifdən birinin – Nayma Qəhrəmanovanın pedaqoji təcrübəsi və riyaziyyat təhsili yoxdur. Cavid demişkən “rəqsi təlim ediyor axsaqlar”. 8-ci sinifdə Pifaqor teoreminin isbatı səhifə 73-də verilib, bu teoremdə istifadə olunan fakt səhifə 106- da.”
Salam müəllimin yazdığı ikinci fakt: “Bir də sizə bir fakt deyim, bütün məktəb kitabxanalarında “Koroğlu dastanı”nın Paris nüsxəsi var. Bu dastanın yeddinci məclisində erməni Koroğluya qalib gəlir və Koroğlu ermənini “ərəb atlı, dəmir donlu, ac aslan”, “hazar dərdin dərmanı, qızıl gülün xərməni” kimi tərifləyir. Bu kitab İlham Əliyevin sərəncamı və Azərbaycan büdcəsinin hesabına 25 min nüsxə tirajla çap edilib və ölkə kitabxanalarına pulsuz hədiyyə edilib.”
Bənzər misalları istənilən qədər artırmaq olar. Amma əlavələrə nə ehtiyac? Onsuz da, dərsliklərlə bağlı durumun nə yerdə olduğunu hər kəs bilir. Hər kəs bilir ki, dərsliklərin nəşrinə məsul olan nazirlik və qurumlar işinin öhdəsindən gələ bilmir. Müəlliflərin seçilməsinə və dərsliklərin çapına ciddi nəzarət mexanizmi yoxdur. Bu prosedurları kim, necə, hansı əsasda icra edir, şübhəli məsələdir. Şübhə doğuran məsələlər də sonda düzəldilməsi uzun zaman alan ağır fəsadlara yol açır. Məsələn, tarix dərsliyinə saxta xəritələrin salınmasına, Nizaminin fars şairi kimi təqdim olunmasına imkan yaradır. Ümid edirik ki, son zamanlar ölkə gündəmini zəbt edən dərsliklərlə bağlı qalmaqallı məsələlər hamıya dərs olacaq. Heç olmasa, bu biabırçılıqlardan dərs alıb, dərsliklərin hazırlanmasını peşəkarlara tapşıracaqlar…
Oxunub: 402