Bu ilin iyul ayının 5-dən sentyabrın 13-nə qədər Azərbaycandan Monteneqroya birbaşa çarter reysləri həyata keçiriləcək. Çarter reyslərini Bakıdan birbaşa Tivat şəhərinə “AZAL” yerinə yetirəcək. Səyahətlərin təşkilatçısı “PASHA Holidays”dir (“PASHA Travel”in struktur bölməsi).
İndidən səyahətlərin reklamına başlayan “PASHA Holidays” arzulayanlara Monteneqroda Becici sahilində yerləşən 3 ulduzlu “İrena” otelində 7 günlük istirahət təklif edir.
Bu səyahətlərin reklamı artıq Monteneqroda böyük sərmayə hesabına qurulan biznes layihələrinin kimə məxsus olduğunu bir daha təsdiqləyir. Bu layihələrin təfərrüatları ilə bağlı araşdırmalar bir az əvvəl mətbuatda gedib. Araşdırmalardan məlum olduğuna görə, bu ölkədə ümumi dəyəri 650 milyon avro olan “Portonovi” biznes layihəsi həyata keçirilir. Həmin layihəyə Tivat şəhərində tikilən böyük bir turizm kompleksi də daxildir ki, onun inşasının 2018-ci ildə başa çatdırılacağı qeyd olunurdu. Bunu ötən ilin avqust ayında “Azmont İnvestments” MMC-nin DŞ üzvü Rəşad Əliyev özü bəyan etmişdi. İndi səyahət reklamı gedən məkan da R. Əliyevin qeyd etdiyi həmin istirahət kompleksidir.
Xatırladaq ki, Monteneqroda “Portonovi” dəbdəbəli otel və lüks villalar kompleksini inşa edən “Azmont İnvestments” şirkətinin əsasını 2012-ci ildə SOCAR – Azərbaycanın dövlət neft şirkəti qoyub. Sonradan şirkətdəki payları “Azerbaijan Global İnvestments” (AGİ) MMC alıb. Bu şirkətin qurucuları isə “Paşa Holdinq” (hazırda onu layihədə “Paşa Development” MMC təmsil edir), “Ataholding” və “Synergy Group”dur. Keçən il “Ataholding” şirkətin payçıları arasından gedəndən sonra AGİ-də iki ortaq qalıb. Amma yeni ortağın “Ata Holdinq”lə əlaqəsi var.
“Azmont İnvestments” MMC həm də Monteneqrodakı “Portonovi Hospitality Management”, “Rare Developments”, “Portonovi Resort Management Company” və “Nova Bank” şirkətlərinin sahibidir.
Azərbaycan neftindən gələn pulların kimlərin cibinə axdığını və nələrə xərcləndiyini ortaya qoyan daha bir fakt səyahətləri təşkil edən şirkətin adından ortaya çıxır. Necə deyərlər, sərmayə də, şirkət də, obyekt də, turist də özlərinindir…
Azadliq.info
Oxunub: 348