“Özünə arxayın olan prezident seçkilərdə rəqabət aparmaqdan, hətta hakimiyyətini itirməkdən qorxmamalıdır”
“Ümid edərdim ki, prezident İlham Əliyevin bunu necə həyata keçirdiyini nəzərə alaraq, beynəlxalq ictimaiyyət seçkilərin legitimliyini sual altına alacaq kəskin bəyanatlarla çıxış edəcək”. Freedom House təşkilatının sabiq prezidenti və hazırda Florida Beynəlxalq Universitetinin aparıcı elmi əməkdaşı David Kramer Azərbaycanda növbədənkənar seçkilərin elan olunmasını “Amerikanın Səsi”nə şərh edərkən belə deyib.
Onun sözlərinə görə, İlham Əliyevin növbədənkənar seçkilər keçirmək qərarı beynəlxalq miqyasda qınanılmalıdır. “Belə seçki keçirməzlər”, – deyə Kramer ölkə boyu “illərdir davam edən” repressiyalara, siyasi məhbus probleminə diqqət çəkib.
Freedom House təşkilatının sabiq prezidenti İlham Əliyevin bu əməlindən təəccüblənmədiyini vurğulayıb.
“Seçkiləri erkən keçirmək qərarı pis qərardır. Bu, müxalifətə hazırlaşmaq üçün vaxt, rəqabət aparmaq imkanı vermir.”, – deyə Kramer bildirib.
Kramer prezident İlham Əliyevin idarəçiliyi altında müşahidə etdiyi mürtəce siyasi proseslər fonunda Azərbaycanın prezidentinin son addımında bir qanunauyğunluq görür:
“Eşitdiyim xəbərlərə görə, prezidentin müşaviri Əli Həsənov deyir ki, onlar seçkilərin mühüm daxili və xarici olaylara qarışmasını istəmir. Mən ölkə üçün prezident seçkilərindən mühüm hadisə təsəvvür edə bilmirəm. Təəssüf ki, Həsənov və Əliyev məsələyə belə baxmırlar. Onlar səsverməyə prezident Əliyevin mandatının yenidən təsdiqi kimi baxırlar. Bu isə yanlış yanaşmadır.”
David Kramer Əliyevin referendumdan istifadə edərək konstitutsiyada dəyişikliklər həyata keçirdiyini, prezidentlik dönəmini uzatdığını, xanımını vitse prezident təyin etdiyini və güman ki, “övladlarına yol açmaq üçün prezidentliyə yaş məhdudiyyətini azaltdığını” önə çəkir. Onun fikrincə, bu addımları atmaqla İlham Əliyev Azərbaycanda “sülalə hakimiyyətinin bünövrəsini qoyur.”
“Özünə arxayın olan prezident seçkilərdə rəqabət aparmaqdan, hətta hakimiyyətini itirməkdən qorxmamalıdır. Hakimiyyətin demokratik qaydada təhvil verilməsi prosesin normal hissəsi olmalıdır” deyən Kramer növbədənkənar seçkilər qərarının arxasında iqtisadi durumun perspektivindən təlaş keçirildiyini əlavə edir:
“Ötən illərdə iqtisadi durum həm bərbad idarəçilik, həm dövlətin iqtisadiyyat üzərində artan nəzarəti, həm də ucuzlaşan neft qiymətləri ucbatından pisləşib. Neft qiymətləri sön dövrlərdə qalxıb, ancaq bu, iqtisadi dirçəliş üçün ikfayət etmir”.
O, ümumilikdə regionda müşahidə olunan mənfi tendensiyalardan narahatlığını dilə gətirib. Eyni zamanda ekspert Azərbaycanın gələcəyi ilə bağlı ümidlərini ifadə edib:
“Azərbaycan mühüm ölkədir. Mən Azərbaycanın müvəffəq olmasını, çiçəklənməsini və başqaları üçün nümunə olmasını istəyirəm. Ancaq Əliyevn rəhbərliyi altında ölkənin götürdüyü istiqamət onun gələcəyi ilə bağlı ciddi narahatlıqlara əsas verir”.
Oxunub: 1714