Çağdaş mübarizə tarixinin parlaq simalarından biri olan Məşədi Vaqif Pənahovun dünyasını dəyişməsi xəbəri bütün tanıyanlar kimi məni də dərindən kədərləndirdi. Məşədi Vaqif bəyi Milli Azadlıq Hərəkatının ilk illərindən tanıyırdım. Daim mübarizə meydanlarında ön sıralarda olan, şəxsiyyəti, əqidəsi və mənəvi zənginliyi ilə seçilən nurani, ağsaqqal insan idi.
O, sanki mübarizə meydanlarının canlı rəmzlərindən birinə çevrilmişdi. Elə bir tədbir olmazdı, orada onu görməyəydik. Ömrünü şərəflə yaşadı, haqsızlığa boyun əymədi, vəzifəlilərin qarşısında boynunu bükmədi, yaltaqlanmadı, qorxmadı… Özündən sonra doğmalarından, yaxınlarından, əqidədaşlarından kimsə ona görə heç vaxt xəcalət çəkməyəcək.
Məşədi Vaqif bəy, ömrünün ahıl yaşlarında vəfat etsə də, bu dünyadan nakam köçən mübariz insanlardan biri kimi xatırlanacaq. Onun ölkəmizlə bağlı çox böyük arzuları var idi. Qarabağın azadlığını, ölkə vətəndaşlarının demokratik, ədalətli, firavan bir cəmiyyətdə yaşamasını görməyi çox istəyirdi. Təkcə istəmirdi, həm də onun uğrunda yorulmadan real mübarizə aparırdı. Təəssüf ki bəzi dəyərli əqidədaşlarımız kimi Məşədi Vaqif bəy də ictimai-siyasi arzularına çatmadan bu dünyadan köçdü.
Məşədi Vaqif bəyin vəfatından duyduğum üzüntünü ifadə edir, doğmalarına, yaxınlarına, silahdaşlarına baş sağlığı verirəm. Onun əziz xatirəsi tanıyanların qəlbində daim yaşayacaq.
Çox uzun zaman keçməz, onun və onun kimi nakam dünyasını dəyişən mübarizə insanlarının əziz xatirəsinə bir dövlət muzeyi, abidə ucaldarıq. Hər birinin adı və xidmətləri orada əbədi yazılar. Biz çağdaş tariximizdə buraxılan səhvlərindən nəticə çıxarmalı, belə mübariz qəhrəmanların unudulmasına qətiyyən imkan verməməliyik. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!
Oxunub: 280