Narazılıqların mənbəyi və perspektivləri haqqında qısa analiz
Hüseyn Abdullayev də «boykot» dedi və fəal etiraz hərəkatına qoşulmağa səslədi
2018- ci ilin prezident seçkiləri ciddi kampaniya kimi nəzərə alınırdı və bütün proqnozlara görə çətin kampaniya olmalı idi. Təbii ki, ilk növbədə hakimiyyət üçün çətin kampaniya kimi təsəvvür edilirdi. Bu ilin sonuna doğru sosial- iqtisadi durumun daha da kəskinləşəcəyi heç kimdə şübhə doğurmur. Digər tərəfdən, hakimiyyətdaxili idarəetmə böhranı da proqnozların daxilindədir. İstər seçki vaxtında keçirilsin, istərsə də növbədənkənar, fərq eləmir: həm sosial vəziyyət pisləşəcək, həm də idarəetmə böhranı dərinləşəcək. İndi seçkilərin 6 ay qabağa çəkilməsinin səbəblərini müzakirə edən bütün tərəflər bu arqumentləri əsas səbəblər sırasına daxil edirlər. Bir də qeyri- ciddi səbəblər var. Guya, «Rusiyadan hansısa təzyiqlər var», «Dağlıq Qarabağ münqaişəsinin həlli üçün hakimiyyətin hansısa reseptləri əmələ gəlir», bütün bunlar boş söhbətlərdir. İlham Əliyevin özü və komandası ilin sonunda keçiriləcək seçkiləri faktiki olaraq, hakimiyyət itkisi faktı kimi qarşıladılar və buna uyğun da addım atdılar. Bu ərəfədə, hakimiyyətin fəal təbliğat generatorlarından biri olan deputat Zahid Oruc isə bu hakimiyyət itkisi proqnozlarında daha qabağa gedərək maraqlı bir etiraf etdi. O bildirdi ki, əgər müxalifət seçkilərdə qalib gəlsə də, indiki hakimiyyət ölkənin valyuta ehtiyatılarında cəmlənmiş 42 milyard dolları yeni hakimiyyətə verməyəcək. Bu, bir daha onu sübut edir ki, ölkənin hakimiyyəti, onun trol və ya qeyri- trol mahiyyətli bütün yandaşları hakimiyyətə elə pul kimi baxırlar. Hakimiyyətin hətta dinc, siyasi proseslər nəticəsində itirilməsinə də külli- miqdarda pulun əldən çıxması kimi yanaşırlar. Və təkcə bu yanaşmaya görə bu hakimiyyətin hüquqi- siyasi mahiyyətinin olmadığını söyləmək olardı.
Milli Şura fəal etiraz aksiyalarını elan etdirəcək
İlham Əliyev isə gözlənilən və vaxtında keçiriləcək prezident seçkilərinə də pul itkisi ehtimalı kimi yanaşaraq oyun qaydalarını pozdu və ölkənin həyatı üçün ən böyük əhəmiyyət daşıyan bu siyasi kampaniyanı pozdu. Əlbəttə, onlar istəyirlər ki, müxalifət bütün spektrləri ilə birlikdə, bu pozulmuş oyun qaydalarını qəbul etsin və seçkilərdə iştirak etsin. Onlar qanunların və qaydaların olmadığı situasiyalarda öz üstünlüklərini yaxşı bilirlər. Amma müxalifət də bu oyunlara qatılmamaqla doğru hərəkət etməkdədir. Seçkilər lap bünövrəsindən haramlaşdırlırsa və onun saxtalaşdırılacağı, seçki kampaniyasının da qanunlara uyğun aparılmayacağı bəri başdan bəllidirsə bu inzibati dələduzluğun iştirakçısı olmağa dəyməz. İlk növbədə Milli Şura aktiv boykot qərarını verdi, eyni zamanda yaydığı bəyanatda bu qərarı geniş şəkildə əsaslandırdı. Xalq Cəbhəsi Partiyası da təbii ki, Milli Şuranın əsas hərəkətverici qüvvəsi olaraq boykot qərarının çıxarılmasında israrlı oldu, partiya sədri Əli Kərimli növbədənkənar seçki elan edilən kimi bir- birinin ardınca yaydığı videoçıxışları ilə həm seçkilərin vaxtının dəyişdirilməsinə, həm İlham Əliyevin özünün daha nə üçün namizəd ola bilməyəcəyi məsələsinə, həm də Xalq Cəbhəsinin və Milli Şuranın bu qanunsuz seçki faktı ilə bağlı mövqeyinə açıqlıq gətirdi. Milli Şura mart ayını kütləvi aksiyalar ayı elan etdi və aksiyaların yalnız bir tələbi olacaq ki, qanunsuz, növbədənkənar seçkilər ləğv edilməli, seçkilər qanunlara və Konstitusiyaya uyğun zamanda və şəraitdə keçirilməlidir.
Hüseyn Abdullayev etiraz aksiyalarına yeni qüvvələri səslədi
Bu ilki seçkilərdə namizədliyini elan edən başqa bir siyasi xadim də özünün unikal sosial bazası ilə fərqlənən sabiq deputat Hüseyn Abdullayev idi. Etiraf etmək lazımdır ki, onun namizədliyi hakimiyyət üçün sürpriz faktlardan biri idi. Hüseyn Abdullayev hakimiyyət daxilində yaxşı tanınan, oradakı informasiyaları və təbii ki, həm də əhval- ruhiyyəni də yaxşı bilən siyasi fiqurdur. Baxmayaraq ki, mühacirətdədir, onun ölkə daxilindəki ictimai- siyasi proseslərə təsir imkanları böyük olaraq qalır. Prezident seçkilərinə qanunsuz müdaxilə faktı elan edilən kimi Hüseyn Abdullayev də bu seçkiləri boykot etdiyi və həm də Azərbaycanda təşkil ediləcək etiraz aksiyalarını dəstəklədiyi barədə açıqlama yaydı. Hüseyn Abdullayevin sosial şəbəkələrdə yaydığı bəyənatda deyilir : «İlham Əliyevin heç bir səbəb göstərmədən seçkiləri oktyabrdan aprel ayına keçirməsi, total ve təcili saxtakarlığa hesablanmış bir addımdır. Belə bir düşünülmüş və şou məqsədi daşıyan seçkilərdə iştirak etməyin heç bir mənası və əhəmiyyəti yoxdur. Məhz buna görə bu seçkiləri boykot edir və bütün tərəfdarlarımı gözlənilən kütləvi etiraz aksiyalarında aktiv iştirak etməyə çağırıram. Bəri başdan onu da qeyd edim ki, bu seçkilərin nəticələrini legitim hesab etmirəm ve tamamilə qeyri-qanuni sayıram!».
Hüseyn Abdullayevin bəyanatındakı « bu seçkiləri boykot edir və bütün tərəfdarlarımı gözlənilən kütləvi etiraz aksiyalarında aktiv iştirak etməyə çağırıram » ifadəsinə bir qədər sonra qayıdacağıq, amma mühacirətdən ünvanlanan daha bir çağırışı da diqqətinizə təqdim edək.
Müsavatda da boykot tərəfdarları var
Bu, Müsavat partiyasının mühacirətdə olan üzvü, politoloq Ramis Yunusun yaydığı açıqlamadır. Amerikada yaşayan Ramis Yunus öz partiyadaşlarını seçkilərin boykot edilməsi çağırışlarına qoşulmağa səsləyir: «Əliyevlərin seçki prosesisini tamamilə aradan qaldırdığı, ölkədəki bütün seçkiləri əsl məzhəkəyə çevirdiyi bir zamanda müxalifətin məsuliyyəti kəskin şəkildə artır. Buna görə də, Müsavat Partiyasının mühacirətdən Vətənə dönməsinin təşkil edilməsinin başında duranlardan biri kimi, ölkəmiz və partiyamız üçün belə həlledici zamanda, partiya Məclisinin üzümüzə gələn şənbə keçiriləcək sessiyasına, bu seçki məzhəkəsində iştirak etməmək haqqında müraciət etməyi özümə mənəvi borc bildim. Bildiyiniz kimi 15 ildir ki ABŞ-da yaşayıram və buradakı yüksək siyasi dairələrlə sıx əlaqələrim var. Buna görə də əminliklə bildirirəm ki, real müxalifətin bu seçki məzhəkəsində iştirakı, rəsmi Vaşinqtonnun Əliyevlər rejiminə təzyiq etməsinə mane olacaq və həm də Bakı bizim iştirakımızdan öz legitimliyinin arqumentləşdirilməsində istifadə edəcək. ABŞ-da Azərbaycan iqtidarı ilə bağlı birmənalı mövqe var. Onun qeyri-legitim, repressiyaçı və oğru olduğunu hamı qəbul edir. Əlbəttə ki, hələlik ona qarşı sərt tədbirlərin görülməsi gündəmdə deyil. Bununla yanaşı, bu ölkənin prinsip və standartları Azərbaycanın iqtidar problemini tamamilə gözardı etməyə imkan vermir. Proseslər aşağı templə olsa da qəti mövqenin bildirilməsinə və tədbirlərin görülməsinə doğru gedir. Çünki Azərbaycan iqtidarının davranış və hərəkətləri, onun buradakı lobbisinin də əl-qolunu bağlayıb. Müdafiə üçün arqumentləri və izahları qalmayıb. İndiki növbədənkənar prezident seçkiləri burada ciddi diqqət mərkəzindədir. Azərbaycanın buradakı dostları hökumətdə, parlamentdə və ciddi QHT-lərdə ölkədə seçki mühitinin olmamasını əsas gətirərək, buna adekvat reaksiya istəyəcəklər. Azərbaycandakı demokratik siyasi təşkilatlar və fəallar da buna çalışmalıdırlar. Ona görə də özünə hörmət edən heç bir ciddi təşkilat, qələbə şansının sıfır olduğu bu qanunsuz seçkilərə qatılmamalıdır. Əks təqdirdə onlar, Azərbaycan iqtidarına və onun buradakı lobbiçilərinə ölkədə seçki mühitinin olmaması haqqında deyilənləri təkzib etməyə tutarqa vermiş olacaqlar. Bu gün heç vaxt olmadığı kimi, bütün şəxsi incikliklərin fövqündə dayanmağı və çətin anlarda müxalifətin birləşməyi bacardığını Azərbaycan cəmiyyətinə göstərmək lazımdır. Belə ki, Azərbaycan uçrumun kənarındadır və belə bir şəraitdə ölkə qarşısında məsuliyyətinizi yaddan çıxarmayın. Tarix bunu bizə bağışlamaz».
Müsavat partiyası seçkilərlə bağlı qərarını hələ bu həftənin 6 – cı günü açıqlayacığını bildirib, hələlik, bu partiya seçkilərdə iştirak etməyə meyllidir və partiyanın sabiq başqanı İsa Qəmbərin namizədliyi ilə bağlı məsələ qüvvəsindədir.
Əsas məsələ isə başqa bir mərhələnin üzərində qurulan ehtimallarla bağlıdır. Şübhəsiz, kimlərin qatılacağından- qatılmayacağından asılı olmayaraq bütün cəmiyyəti, eləcə də aparıcı müxalifət təşkilatlarını gözlənilməz oğurluq faktı ilə üzbəüz qoyan bu növbədənkənar seçki qərarının nəticəsi kütləvi saxtalaşdırma olacaq. Onsuz da ədalətli seçki keçirmək təcrübəsi olmayan Azərbaycan hökumətinin bu qərarı elə buna xidmət edir. Amma seçkilərdən sonrakı mərhələ daha maraqlıdır. Həm də, hətta seçki kampaniyası dövrü. Təəccüblü görünə bilər, amma birmənalı olaraq bütün müxalifət təşkilatları aktiv boykot qərarını dəstəkləsələr və etiraz prosesin qoşulsalar, növbədənkənar seçki qərarının dəyişdirilməyəcəyini hökm kimi söyləməmək də olar. Yəni, cəmiyyətin bütün fəal kəsimi bu qərarın ləğv edilməsi üçün gücünü birləşdirsə, pozitiv nəticə əldə etmək olar. Az ehtimal olunan versiya kimi görünə bilər, amma tamamilə mümkündür.
Etiraz hərəkatının perspektivləri
Bir də, seçkidən sonrakı mərhələ var. Buna görə də bir qədər əvvəl qeyd etdik ki, Hüseyn Abdullayevin xatırlatdığımız açıqlamasında «bu seçkiləri boykot edir və bütün tərəfdarlarımı gözlənilən kütləvi etiraz aksiyalarında aktiv iştirak etməyə çağırıram » ifadəsi nin üzərinə qayıdırıq.
Məsələ burasındadır ki, bütün müxalifət düşərgəsinin qeyri- legitim elan edərək, nəticələrinin də ləğv edilməsi üçün başlaya biləcəyi proses elə bu cür birmənalı mövqenin ümumən qəbul edilməsindən gedir.
Yəni, seçki kampaniyası dövründən başlayaraq qanunsuzluğu bəlli olan serçkilərin nəticəsinin ləğv edilməsini nəzərdə tutan bir hərəkat yarana bilərmi? İndi tərəddüd edən bütün qüvvələrin də mövqelərini birmənalı olaraq müəyyənləşdirənlərə qoşulması faktı həmin prosesi yarada bilər. Ölkədə ictimai narazılıq var və bu narazılıq gündən- günə artır. Doğrudur, seçki kampaniyası dövründə təbliğat materialı kimi istifadə edilmək üçün az qala bütün idarə və müəssiələrə, hətta özəl şirkətlərin əksəriyyətinə müvəqqəti iş yerlərinin yaradılması, 200-250 manat maaşla mavəqqəti ştatların əlavə edilməsi ilə bağlı sərt gösrtəriş verilib. Təsəvvür edin ki, hətta AZAL da ən azı 50-60 nəfərlik bağban ştatları artırıb. Amma bütün bunlar seçki kampaniyası başa çatana qədərdir. Yəni, ikicə aylıq. Ərizə formaları da, elə, «müvəqqəti işə götürülmə» şablonu əsasında tərtib edilib. Bu o deməkdir ki, seçkidən dərhal sonra həmin bu «müvəqqəti ştatların » da ləğv edilməsi hesabına on minlərlə yeni işsiz meydana gələcək. Bunu, xırda bir detal kimi əlavə edirik.
İnzibati böhran davam edəvcək və dərinləşəcək. İlham Əliyev seçkidən sonra yerdə qalan oliqarxların vurulması və onların həm səlahityyətlərinin, həm də mülk və sərvətlərinin öz ailə biznes şəbəkələrinin xeyrinə müsadirə olunmasını davam etdirəcək. Heç bir iqtisadi və siyasi islahatlar aparılmayacaq və buna görə də sosial narazılıqların, siyasi etirazların şiddəti artacaq. Seçki zamanı vəd edilən «suverenliyin möhkəmləndirilməsi », « Qarabağ probleminin həlli » kimi vicdansızcasına vədlərin hamısının yalan olduğu bir daha bəlli olacaq. Bax, elə həmin bu ərəfə üçün yeni- yeni qüvvələrin də qatılacağı fəal etiraz hərəkatının genişlənəcəyi ehtimalı böyükdür, bunun üçün geniş imkanlar da var. Yəni, növbədənkənar seçkilər hakimiyyətin bir daha qəsb edilməsi üçün profilaktik tədbirdir, amma həmin hakimiyyətin uzun müddət əldə saxlanıla bilməsi üçün heç bir zəmanət vermir.
azadliq.info
Oxunub: 1264