Anar Məmmədli
Növbədənkənar seçki təyin ediləndən bəri tez-tez eşitdiyim suallardan biri beynəlxalq müşahidəçilərlə bağlıdır. Əvvəlcə, beynəlxalq müşahidəçiləri fərqləndirək.
Azərbaycan ATƏT və Avropa Şurasının üzvü olduğu üçün bu qurumlara seçkilərin müşahidəsi üçün müraciət və dəvətnamə göndərilir. Avropa Parlamenti və NATO Parlament Assambleyası nadir hallarda Azərbaycanda müşahidə qrupu göndərirlər. Digər seçki qrupları bir qayda olaraq, Avropada mötəbər hesab edilmir və “saxta” müşahidəçilər adlandırılır. Amma ən mötəbər seçki müşhidə qrupları da Azərbaycana gələndə qüsurlara yol verirlər, bunun ən bariz nümunəsi 2010-cu ilin paralment seçkiləridir. ATƏT-ə gəldikdə bu qurumun iki strukturu seçki müşahidə missiyası göndərir – Parlament Assambleyası və Demokratik Təsistalar İnsan Hüquqları Bürosu (DTİHB). Bu qurumun maksimum şəkildə tərəfsiz olmağa çalışdığını, rəylərinin daha mötəbər və obyektib hesab olunduğuna əminəm.
Gələk bizim situasiyaya. Dünən DTİHB-in Qiymətləndirmə missiyası Bakıda görüşlər keçirib. Bu görüşlərin nəticəsi olaraq, yaxın iki həftə ərzində hesabat açıqlayacaqlar. Hesabatda Azərbaycana beynəlxalq seçki müşahidə missiyası göndərilməsinə dair tövsiyyə yer alacaq. Əslində bu tövsiyyə məhdud sayda müşahidəçidən ibarət missiya ilə bağlı ola bilər. Çünki geniş sayda müşahidə missiyası göndərmək üçün müddət ötürülüb. Konkret olaraq, DTİHB-in uzunmüddətli seçki missiyası fəaliyyətinə başlaması üçün Azərbaycan tərəfi onları əvvəlcədən məlumatlandırmalı idi. Amma nə yerli, nə də beynəlxalq ictimaiyət növbədənkənar seçki barədə əvəllcədən məlumatlandırılmayıb. Buna görə də ATƏT-i yubanmaqda qınamaq olmaz. Bəs az zamanda beynəlxalq missiyanın məhdud sayda olsa da göndərmək faydalıdırmı?
Nəzərə alaq ki, Azərbaycan hakimiyyəti DTİHB kimi qurumun nəinki uzunmüddətli və böyük seçki müşahidə missiyası ilə, ümumiyyətlə heç 50 nəfərlə də ölkəyə gəlməsini istəmir. Bunun ən bariz təcrübəsi 2015-ci il parlament seçkiləridir. İndi isə növbədənkənar prezident seçkisinin “tez-bazar” keçirilməsinin səbəblərindən biri də nəinki DTİHB-in, hətta AŞPA və Avropa Paralemntinin seçki müşahidə missiyası göndərmək üçün zamanın olmamasıdır. Hakimiyyətə sərf edir ki, seçkidə heç bir beynəlxalq qiymətləndrimə olmasın.
Bəziləri elə düşünür ki, ATƏT-in gəlişi seçkiyə legitimlik qazandıracaq. Seçkinin legitimliyinin şübhə altına alınmasında ilk növbədə daxili siyasi faktorlar olmalıdır. Nə qədər ki, Azərbaycanda seçkilərin legitimliyi üçün daxili siyasi faktorlar yoxdur, ATƏT-in rəyi bu məsələdə qarşı duran tərəflərdən birini haqsız və ya haqlı görünməsi üçün mənbə rolunu oynamayacaq. ATƏT-in rəyi əsasən beynəlxalq ictimaiyyət, xarici media və hüquq müdafiə təşkilatları üçün alternativ rəy rolunu oynayır.
Nəhayət, bizim üçün siyasi azadlıqların durumu və qeyri-demoratik seçki mühiti ilə bağlı hər şey ortadadır. Yəni gəlib bu situasiyanı müşahidə etməyə ehtiyac yoxdur. Bu seçki müşahidəçiliyinin prinsip və metodlogiyalarına ziddir. Heç bir mötəbər qurum müşahidə etmədiyi halda hansısa ölkənin seçkisi barədə rəy verə bilməz. ATƏT kimi bu qurum da gəlmədən və görmədən bunu edə bilməz. Əgər nəzərə alsaq ki, 2013-cü ilin prezident seçkisindən sonra bütün beynəxalq qurumlar ölkədən qovulub və AŞPA-dan savayı heç bir təşkilat bura nümayəndə göndərmir, indiki şəraitdə ATƏT-in gəlməsi bu ölkədə siyasi hüquqları tapdalananlara lazımdır.
Oxunub: 308