Müsavat başqanı Arif Hacılının müavini Tofiq Yaqublunu vəzifəsindən azad etməsi ictimai-siyasi çevrədə birmənalı qarşılanmadı. Sosial şəbəkədə A.Hacılının bu qərarı ciddi müzakirə mövzusuna çevrildi, onlarla fəal, tanınmış ictimai-siyasi xadim məsələyə münasibət bildirdi. Hələ də davam edən müzakirələrdə əsasən Müsavat başqanını bu qərarına görə qınaq və suallara məruz qalır, T.Yaqublu kimi prinsipial müxalifət mövqeyində olan, demokratik düşərgə və ümumən cəmiyyətdə yüksək nüfuza malik bir şəxsə qarşı belə seçimdən təəccüb ifadə olunur. Bu mövzuda daha çox tananmışlardan bir neçəsinin yazdırlaqını təqdim eidrik:
İstiqlalçı deputat, Miili Şuranın üzvü İbrahim İbrahimli:
Tofiq Yaqublu bu ölkənin ən fədakar və prinspial siyasətçilərindən biridir. Verdiyi çoxsaylı qurbanlara, yaşadığı məhrumiyyətlərə baxmayaraq, bu gün də şərlə mübarizənin ön cərgəsindədir. Tofiq Yaqublunun Müsavat partiyasında başqan müavinliyindən çıxarılması feysbukda haqlı olaraq ciddi etiraz doğurub. Bu qərarın ciddi ictimai etiraz doğurduğunu Müsavat rəhbərliyi də görməlidir. Ancaq təəssüf ki, dünən axşamdan mən Müsavat partiyasının bu qərarla bağlı hansısa bir izahatına rast gəlmədim.
Müsavat partiyası başqanının “bu sərəncamı verməyə hüququ var” söhbəti ciddi söhbət deyil. O məntiqlə İlham Əliyevin də növbədənkənar seçki təyin etmək hüququ var. Bəs biz niyə onu bu qərarına görə sərt tənqid edirik? Təbii ki, siyasətçisənsə, partiyasansa, hər bir qərarın ictimai müzakirəyə çıxarılacaq. İnsanlar düşünməyə haqlıdır ki, mənim səsimi istəyən bir siyasətçi öz qərarlarını hansı məntiqlə qəbul edir. Müsavat başqanı Arif bəy də ictimaiyyət qarşısına çıxıb, ona ünvanlanan suallara cavab verməlidir:
1.Hökumətlə mübarizəni heç həbsxanada da dayandırmamış, ölkənin ən fədakar siyasətçilərindən biri olan, partiyanıza nüfuz gətirən Tofiq Yaqublu hansı səbəbdən müavinlikdən çıxarılıb?
2.Qardaşınızın baş redaktoru olduğu, partiyanızın mətbuat orqanı hesab olunan basta.info saytı Tofiq Yaqublunu Milli Şura üzvü olduğu üçün müavinlikdən çıxartdığınızı yazıb. Bir tərəfdən Milli Şura ilə əməkdaşlıq etmək təklifləri irəli sürüb, o biri tərəfdən də Tofiq bəyi məhz Milli Şuradakı fəaliyyətinə görə cəzalandırmaq nə qədər səmimidir? Bu addımınızın Milli Şura ilə münasibətlərə kölgə salacağını düşündünüzmü?
3.Tutaq ki, ictimaiyyətlə bölüşmədiyiniz hansısa səbəblərdən Tofiq Yaqublunu partiya rəhbərliyindən uzaqlaşdırmaq qərarına gəlmişdiniz, bəs nə məqsədlə bu qərarı məhz indi – Müsavatın Milli Şura ilə münasibətlərini bərpa edəcəyinə ümidlərin yarandığı, gündəmdə saxta seçkilərə qarşı mitinq hazırlığının olduğu bir məqamda verdiniz?
Kinorejissor, Milli Şuranın üzvü Eldəniz Quliyev:
Reallıq budur ki, Tofiq Yaqublu bu gün tək canı, intellekti və mübarizə potensialı ilə on Müsavata dəyər!
İtirən əlbəttə ki, Müsavat oldu.Təəssüflər!
Yeri gəlmişkən, o vaxt – 2013-cü ildə yaranmış unikal siyasi imkandan yararlanıb çiyin-çiyinə mübarizə aparmaq anında… Müsavat Milli Şuranı tərk edərək, böyük birliyi pozdu. Üstəlik, MŞ-nın ünvanına olmazın günahlarını da yazmağa cəhd göstərdi. Özü də, üzr istəyirəm,- qeybət səviyyəsində!
Diqqət yetirin: Bu gün birgə dirəniş perspektivinin pozitiv nəticələr verəcəyi göz önündədi. Və hazırda bunu cəmiyyət də, yaranmış mövcud siyasi-ictimai şərait də tələb edir. Amma yenə də…
…Yenə də bu həlledici və həssas məqamda hörmətli Musvat rəhbərliyi, yumşaq desək, hamını təəccübləndirib məyus edən anlaşılmaz bir addım atır – fədakarlıq nümunəsi olan Tofiq Yaqublunu partiyanın başqan müavinliyindən xaric edir və bunu, onun MŞ da təmsil olunması ilə əsaslandırır.
Absurd və ekssentrik qərar!
“Birgə mübarizə aparın”, “Güc birlikdədir”, “Qələbə həmrəylikdə, vəhdətdədir”, “Bunlar niyə birləşmirlər?” deyənlər, bir qədər düşünsünlər…
Tanınmış tərcüməçi-yazar Araz Gündüz:
Müsavat Partiyası başqanının Tofiq Yaqublu barədə sərəncamı partiyanın daxili işidir və onu müzakirə etmək etik sayılmaz. Ancaq dünya siyasi praktikasında qəbul olunmuş belə bir etik prinsip də var: hansısa siyasi qurumun adını ucaldan tanınmış üzvləri ilə bağlı verilən qərarı onların könüllü addımı kimi təqdim etməklə məsələni daha az ziyanla həll edirlər. Bu baxımdan, Tofiq Yaqublu haqqında partiya başqanının qərarına münasibət bildirənləri anlamaq olar. Tofiq Yaqublu Müsavat partiyasının “konstruktiv müxalifətçilik” konsepsiyasının çərçivələrinə sığmadığı üçün ona qarşı bu addımın atıldığını düşünürəm və öz tərəfimdən, yolun düzünü və kəsəsini seçdiyi üçün Tofiq bəyi alqışlayıram.
Politoloq Nəsimi Məmmədli:
Tofiq Yaqublu müxalifətin parlaq simalarından biridir. Azərbaycanın çağdaş demokratik mübarizəsinin rəmzlərindən sayılır. Onun prinsipiallığı, cəsarəti, dürüstlüyü və ardıcıllıği nəinki müxalifət düşərgəsində, hətta kənar müşahidəçilər tərəfindən də etiraf edilir. Tofiq bəy Müsavat Partiyasının rəhbər strukturlarında yüksək vəzifə tutmasa belə, bu, onun ictimai-siyasi nüfuzuna və müxalifət daxilində yerinə mənfi təsir etməyəcək. Çünki o, şəxsiyyəti ilə fəaliyyəti bütövləşən azsaylı iradəli, fədakar siyasətçilərdəndir. Bu öz yerində…
Bu gün Bastainfo.com saytının “Report”a istinadən yaydığı xəbərdə deyilir: “Müsavat Partiyası başqanının müavini T.Yaqublu vəzifəsindən azad olunub. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb. Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. T.Yaqublu “Report”a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib”.
Bu xəbərin ardından yenidən Bastainfo.com saytında Müsavat başqanı A.Hacılıya istinadən yayılan xəbərdə deyilir: Başqan müavini konkret icra funksiyalarının həyata keçirilməsini nəzərdə tutan görəvdir. T.Yaqublu başqan müavini kimi bu funksiyalarının həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilmədiyi üçün vəzifəsindən azad edilib”. Tofiq bəy müavinlikdən azad edilməsini təsdiqləsə də hər hansı şərh verməyib.
İlk növbədə “Report”un xəbərinə istinad edərək Bastanın yaydığı ilk xəbəri şərh etsək, nəzərə almalıyıq ki istənilən partiya üzvü, xüsusilə də rəhbər strukturlarda çalışan şəxslər həmin partiyanın ali orqanlarının qərarlarına əməl etmək vəzifəsi daşıyır. Əks halda bu siyasi-təşkilati nonsesdir. Tofiq bəyin MŞ-ya görə tutduğu vəzifədən azad edilməsi bu səbəbdən qanunauyğundur və təəcüblü sayılmamalıdır.
Lakin məsələ ilə bağlı diqqət çəkən başqa bir məqam var.
Müsavat Partiyası Milli Şuradan 5 il öncə çıxıb və müstəqil siyasət aparır. Tofiq bəy isə 5 ildir MŞ üzvlüyündə qalırdı və bu hal partiya daxilində indiyə kimi ciddi problemə çevrilməmişdi. Hətta münasibətlərin ən gərgin çağında belə onun qarşısında seçim qoyulmamışdı.
Maraqlıdır, MŞ-nın növbədənkənar prezident seçkisini boykot etməsi qərarının ardından Müsavat Partiyası da bu seçkidə iştirakdan imtina etdi və müxalifətin birgə aksiyaları ilə bağlı müzakirələr xeyli aktuallaşdı. Cəmiyyətdə belə gözləntilər eşidilirdi ki, “seçki”yə bu oxşar yanaşma iki təşkilatın yaxınlaşması üçün psixoloji səddi qaldıracaq. Məhz Tofiq bəy də bu qurumlar arasında ən ehtimad göstərilən körpü sayılırdı. Partiyalararası psixoloji səddin ortadan qalxdığı bir vaxtda bu qərarın qəbulu çoxsaylı suallar doğurdu.
T.Yaqublunun Milli Şuranın üzvü olması faktı niyə məhz indi qabardıldı? Bu, düşünülmüş mesajdırmı? Kimə və nə üçün verilib? Məntiqlə axı bu mesaj indi yaxınlaşmaq üçün yaranmış yaxşı fürsətə kölgə sala bilər. Həm də nəzərə alsaq ki Müsavat məclisinin boykot qərarında əsas tərəfdarlardan biri kimi çıxış edən Tofiq bəyin hazırkı situasiyada partiyadakı və müxalifətdaxili mövqeyi proseslərdə birləşdirici amil hesab edilirdi.
Tofiq bəyin partiyada tutduğu yüksək vəzifədən kənarlaşdırılması hüquqi baxımdan problem deyil və bu başqanın müstəsna səlahiyyətindədir. Ancaq, siyasi və zamanlama baxımından məsələni təsadüfi hesab etmək olarmı? Ümid edirəm, bu barədə tərəflərin müvafiq açıqlamaları ilə məsələ aydınlaşacaq.
Oxunub: 1380