“Xoşbəxt insan” ifadəsilə, “xoşbəxt övlad” arasında körpəlikdən gəncliyə qədər fərq var. Bir çox hallarda uşaqlar ətraflarında zəngin ailələrin övladlarını görüb, onların yaşayış tərzinə həsəd aparırlar, onları xoşbəxt hesab edirlər və xoşbəxtliyin sirrinin maddi zənginliklə çözüldüyünü hesab edirlər. Məsələn, səhər evdən çıxıb, bağçaya və ya məktəbə marşrutla və ya başqa ictimai nəqliyyat vasitəsilə gedən uşaq məktəb binasının qarşısında atasının xarici maşınından düşən sinif yoldaşını görəndə istər-istəməz öz daxilində “kaş mənim də atamın xarici maşını olaydı” və ya “kaş mənim də atam varlı olaydı” deyir. Əslində isə uşaqların xoşbəxt olmasında iştirak edən əsas amil, doğulduğu ailənin maddi kasıblığı və zənginliyi yox, o ailəni quran fərdlərin-ata və ananın arasındakı münasibətin keyfiyyət dərəcəsi və dünyagörüşüdür. Ailədə qadın və kişinin arasında olan münasibət nə qədər mənəvi zənginlik potensialına malikdirsə, uşaqların da xoşbəxt olmaq şansı bir o qədər çoxdur. Şəxsiyyətin yetişməsində iştirak edən üç amildən ən başlıcası və ən böyük təsir gücünə malik olan amil ailə mühitidir. Uşaq dünyaya göz açıb ilk gördüyü və ən çox ünsiyyətdə olduğu insanlar valideynlər olduğu üçün, onun psixologiyasına və şüuraltına ən çox təsir edən də valideynlər arasındakı münasibətdir. Ailədə qadın və kişi arasında qarşılıqlı sevgi, hörmət, ən əsası da anlayış yoxdursa, o ailədə uşaqlar xoşbəxt ola bilmirlər. Məsələn, qadının şiddətə məruz qaldığı bir ailədə doğulan uşaq hər dəfə anasının atası tərəfindən kobud qarşılandığını, döyüldüyünü, söyüldüyünü gördükdə psixoloji travma alır. Bunu valideynlər hiss etmir, uşaq gəzməsə, danışmasa belə bunu elə bir formada öz şüuraltında yaşayır ki, o travma hətta onun gələcək həyatında da böyük təsirə malik olur, hətta psixoloji xəstəliklərə də çevrilə bilir. Uşaq bir az böyüdükdən sonra öz psixoloji durumundan asılı olaraq artıq müəyyən seçimləri özü edə bilir. Uşaqların daxili aləmi saf olduğundan, onlar böyüklərdən daha çox fədakar olurlar və zəif obraza kömək etmək üçün həmişə can atırlar. Ailədə şiddət olduğu zaman əksər hallarda zəif tərəf qadın olur və bu situasiyalarda uşaqlar qaçıb analarını qucaqlayırlar. Bu davranışın iki səbəbi var: 1. Öz qorxuları – atalarının qorxunc davranışlarından qorxub analarına sığınırlar…2. Zəif tərəf qadın olduğu üçün onu qorumaq məqsədilə sarılıb, analarının qarşısında qalxan rolu oynayırlar. Yaxın ailələrdən bir neçəsində psixoloji xəstəlik keçirən bir neçə uşaq var. Halbuki bu uşaqlarda həmin xəstəliklər anadangəlmə olmayıb, sonradan baş verib. Bir məsələ də var ki, bu uşaqlar dəfələrlə beynin rentgen müayinəsindən keçiblər və heç bir iz tapılmayıb. Həkimlər də nəzərə alıblar ki, bu uşaqlarda heç bir fiziki travma müşahidə olunmur. Bəs onların xəstə olmasına səbəb nədir? Təbii ki, psixoloji mənəvi-travma. Araşdırdım və müəyyən olundu ki, bu ailələrin hər birində münasibətlər normal qurulmayıb, evdə ata və ana arasında gündəlik anlaşılmazlıqlar yaşanır, qadın şiddətə məruz qalır, qarşılıqlı hörmət yox dərəcəsindədir, eləsi var ki, o ailədə baba öz hökmranlığını göstərmək üçün evdə dava çıxarır, masaya yumruq vurur, pəncərənin şüşəsini qırır və s. Ümumiyyətlə ailəni quran tərəflər arasındakı münasibətlər bir-birini nə dərəcədə tamamlayırsa, uşaqlar da o səviyyədə xoşbəxt olur. Yəni uşaqların xoşbəxt olmasında ailənin maddi zənginliyi yox, valideynlərin anlayışı önəm daşıyır. Gəlin bunu analiz edək. İlk öncə nəzərə alaq ki, ailə, bir-birini tamamlayan iki əks cinsin birləşərək özlərindən üstün insan yaratmaqları üçün nəzərdə tutulan müəssisədir. Yəni bir ailədə dünyaya göz açan uşaq, ailə prinsipinə uyğun olaraq öz valideynlərindən üstün insan olmalıdır. Ailəni quran tərəflər- qadın və kişi şəxsiyyət, savad, dünyagörüşü, intellekt, əxlaq və sevgi baxımından nə qədər zəngindirlərsə, onların yeni bir insan dünyaya gətirib yetişdirmək potensialı da bir o qədər yüksəkdir. Çünki ata və ana arasındakı qarşılıqlı sevgi, hörmət, səmimiyyət-münasibət və onların həyata baxış tərzi birbaşa olaraq övladlarıyla aralarında olan münasibətə təsir edir. Uşaqların valideynlərindən gözlədikləri ilk davranış sevgi və qayğıdır. Sonrakı mərhələdə uşaqlar istəyirlər ki, valideynlər onların arzularını çin etsin, istəklərini təmin etsin. Valideyn o istəkləri təmin edə bilirsə və ya maddi gücü imkan vermədikdə bunu dolayısıyla uşağa aşılayıb, eyni maddi istəyin mənəvi qarşılığını təmin edə bilirsə uşaq xoşbəxt olur. Uşaqları xoşbəxt etmək o qədər də çətin deyil. Sadəcə valideynlər daim bunda maraqlı olmalıdırlar. Uşaqları xoşbəxt edən əsas amillərdən biri də valideyn uşaq münasibətləridir. Bizim toplumda əksər ailələrdə valideynlər uşaqlarla öz aralarına böyük bir sədd çəkirlər. Ailədə valideynlə uşağın dostluğunun mümkün olmadığını və bu məsafənin saxlanılmağının böyük bir əxlaq göstəricisi olduğunu zənn edirlər və üstəlik hesab edirlər ki, bununla uşaq valideynə daha çox hörmət bəsləyəcək. Kökündən yanlış olan bu tərbiyə üsulu sonra da böyük yanlışlıqlara səbəb olur. Get-gedə valideynlə uşaq arasındakı məsafə böyüyür və əskiklik uşağın həm psixoloji yetkinliyə qədər, həm də sonrakı dönəmdə qaçılmaz səhvlər etməyinə şərait yaradır. Buna görə də uşağın ən yaxın dostları onun valideynləri olmalıdır. Bu yerdə yazını ümumiləşdirib fikrimi tamamlamaq istəyirəm. Ailəni quran tərəflər öz seçimlərini nə qədər doğru etsələr, aralarındakı sevgi, hörmət, anlayış nə qədər güclü olsa, nə dərəcədə ailəni dərk etsələr, nə səviyyədə savadlı, intellektli, dünyagörüşlü olsalar, onların yetişdirdiyi uşaqlar da bir o qədər xoşbəxt olacaq. Eyni zamanda uşaqların xoşbəxtliyi, onların böyüyüb fərd olaraq xoşbəxt insan olmaqlarına da böyük təsir göstərir. Xoşbəxt övlad kimdir? Xoşbəxt övlad- bir-birini sevən, təqdir edən, qarşılıqlı hörmət və səmimiyyət bəsləməyi bacaran, ailəni dərk edən qadın və kişinin qurduğu ailədə dünyaya göz açan, böyüdüyü müddətdə anlayışlı ata və ananın qayğısından qidalanan övladdır. Unutmayın ki, xoşbəxt ailənin övladları xoşbəxt, bədbəxt ailənin övladları bədbəxt olurlar…
Oxunub: 328