Ötən ilin enerji istehlak səviyyəsinə dair açıqlanan məlumatlar rəsmi müşavirələrdən, konfranslardan, forumlardan, daha neçə çeşid toplantılardan səslənən inkişaf nağılarını alt-üst edib. Məlumatların təhlili göstərir ki, heç demə, 2017-ci ildə ölkədə 0,1% iqtisadi inkişaf olması haqqında rəsmi dairələrin söylədikləri nağılıymış və bu nağılın real həyatla bağlantısı yoxuymuş…
DSK-nın enerji istehlak səviyyəsinə dair bu ilin fevral ayında yaydığı məlumatlardan məlum olur ki, 2017-ci il ərzində ölkə daxilində 20,9 milyard kVt.saat elektrik enerjisi, 10,1 milyard kub metr təbii qaz, 3,8 milyon ton neft məhsulları istehlak olunub (aşağıdakı cədvələ bax). Halbuki 2016-cı ildə 21,6 milyard kVt.saat elektrik enerjisi, 10,4 milyard kub metr təbii qaz, 4,2 milyon ton neft məhsulları istehlak olunub. Bu iki ilin göstəricilərini müqayisəyə gətirsək, məlum olar ki, 2017-ci ildə elektrik enerjisinin istehlakı 700 milyon kVt.saat və ya 3,2%, təbii qaz istehlakı 300 milyon kub metr və ya 3,3%, neftayırma məhsullarının istehlakı isə 400 min ton və ya 8,9% azalıb. Başqa sözlə desək, 2017-ci ildə ölkə iqtisadiyyatının enerjisi kəsilib, “havası”, “suyu”, “yeməyi” ixtisar edilib. Bu səbəbdən təbii qazla, elektriklə, benzinlə, dizellə, ağ neftlə, mazutla, sürtkü yağları və digər enerji növəri ilə işləyən bütün maşın və mexanizmlər, dəzgah, avadanlıq və qurğular və deməli sexlər, fabriklər, zavodlar, nəqliyyat vasitələri, ev təsərrüfatları, ticarət və xidmət sahələri, kənd təsərrüfatı, tikinti və sairə ötən il az işləməli olub. Ölkə üzrə ümumi işgüzarlıq səviyyəsi, faktiki iş əmsalı 2016-cı illə müqayisədə 2017-ci ildə aşağı düşüb. Yalnız ona görə ki, enerjisi – benzini, nefti, elektriki, qazı çatışmayıb.
Nəzərə almaq lazımdır ki, enerji sərfiyyat göstəriciləri istehsal göstəriciləri ilə düz mütənasib əlaqədədir. Odur ki, umumi enerji sərfiyyatının azalması (itkilər buraya aid deyil) məhsulların, iş və xidmətlərin istehsal həcminin azalması ilə müşayiət olunmalıydı. Bu səbəbdən 2017-ci ildə 0,1% iqtisadi böyümə olması haqqında irəli sürülən rəsmi iddiaların əsası yoxdur. Aparılan təhlil onu göstərir ki, ötən il iqtisadiyyatımız daha da kiçilmiş və ÜDM-in real səviyyəsi 2016-cı ildəki səviyyənin aşağısına düşmüşdür.
Oxunub: 266