Vəkil Əsabəli Mustafayev martın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında cəza çəkən iki fəalı ilə görüşüb. Bu barədə mediaya Ə.Mustafayevin özü bildirib. Vəkilin deməsinə görə, bu gənclərə martın 7-də inzibati cəza verilib: “Görüşdüklərim Hikmət Əliyev və Yalçın Abdullayev idi. Onlar mitinq ərəfəsində, martın 5-dən yaşadıqları ərazilərdəki polis bölmələrinə çağrılıblar, polisin çağırışına görə də bölmələrə gediblər. Bununla belə, martın 7-də “polisə müqavimət” adı ilə cəzalandırılıblar”.
Vəkil deyir ki, ötən həftə ümumiyyətlə, 6 cəbhəçiyə inzibati həbs cəzası verilib. Onlardan 2 nəfərinə 20, 4 nəfərinə isə 15 sutka inzibati həbs verildiyi bildirilir. Vəkilin deməsinə görə, ittihamların hamısı polisə müqavimətlə bağlıdır. Amma vəkil gənclərə polisə müqavimət adı ilə inzibati cəza verilməsinin hüquqi əsası olmadığını söyləyir. O deyir ki, bu inzibati cəzalar cəbhəçilərə mitinqdə iştiraklarının qarşısını almaq məqsədilə verilib.
Oxunub: 150