Bu sektorda yanacaq israfçılığı 24 milyon manatı üstələyib. Hər 1 kVts elektrik enerjisinin istehsalına yanacaq sərfiyyatı 10,4 qram (3,6%) artsa da, ölkə üzrə elektrik enerjisinin istehsalı 500 milyon kVts (2%) azalıb…
Energetika Nazirliyinin yaydığı hesabatdan məlum olur ki, elektrik enerjisinin istehsalına 2017-ci ildə 4 779 milyon kub metr təbii qaz, 312 min ton mazut sərf olunub. Halbuki bir əvvəlki ildə 4 352 milyon kub metr təbii qaz, 599 min ton mazut sərf olunmuşdur. Deməli, ötən il mazut sərfiyyatı 287 min ton azalsa da, təbii qaz sərfiyyatı 427 milyon kub metr artıb. Bu səbəbdən 2017-ci ildə ümumi sərfiyyat göstəricisi şərti yanacaq hesabı ilə 103 min ton artıb və bir kVts elektrik enerjisinin istehsalına 296,1 qram (2016-cı ildə 285,7 qram) yanacaq sərf olunub. Hər 1 kVts-a yanacaq sərfiyyatı 2016-ci illə müqayisədə 10,4 qram və ya 3,6% çoxalıb.
Belə olan halda elektrik enerjisinin istehsalı artmalıydı. Lakin artmayıb, azalıb. Elektrik enerjisinin ümumi istehsalı 22,7 milyard kVts-dan 22,2 milyard kVts-a düşüb. Su elektrik Stansiyalarının istehsalı 10,5 faizdən çox, İstilik Elektrik Stansiyalarının istehsalı isə 1,2 faizdən çox enib. Ümumiləşdirsək, energetika sektorunda yanacaq sərfiyyatının çoxalmasına baxmayaraq, ümumi istehsal göstəricilərinin pisləşməsi aydın olur.
İsrafçılığın əmələ gətirdiyi zərər məbləğini hesablayaq. İzafi yanacaq sərfiyyatı 103 min ton şərti yanacaqdır. Bu, 90 milyon kub metr təbii qaz deməkdir. 2017-ci ildə təbii qazın hər kub metri xaricə orta hesabla 16 sentə ixrac olunub (əsas: DGK-nin məlumatı). Bu hesabla, 90 milyon kub metr təbii qaz 14,4 milyon ABŞ dolları və ya 24,5 milyon manat deməkdir. Odur ki, yanacaq israfçılığının əmələ gətirdiyi zərərin məbləği 24,5 milyon manat məbləğindədir.
Elektroenergetika sektorunda belə hallar, demək olar ki, davamlı xarakter alıb və bu vəziyyət ciddi nəticələr çıxarılması üçün mühüm əsaslar yaradır. Böyük ehtimalla demək olar ki, az sonra burada baş verən rüsvayçılıqları ört-basdır etmək üçün yenə də elektrik enerjisinin qiymətinin bahalaşdırılması istiqamətində təşəbbüslər göstəriləcək və Tarif Şurasını hərəkətə gətirəcəklər. Fəqət belə təşəbbüslərin əhalinin sosial vəziyyətini daha da ağırlaşdıra biləcəyini nəzərdən qaçırmaq olmaz. Odur ki, bu sektorda təcili şəkildə idarəetmə islahatları həyata keçirilməlidir.
Oxunub: 186