ABŞ Azərbaycanın etiraz notasına cavab verib.
ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin Azərbaycan Xarici İşlər Nazirliyinin etiraz notası ilə bağlı sualının cavabında bildirib:
“ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ digər ölkələr, o cümlədən Ermənistan da daxil olmaqla de-fakto Dağlıq Qarabağ rejimini tanımır. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktının prinsipləri – gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək”, səfirliyin cavabında qeyd edilir.
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İçlər Nazirliyinə çağırılıb.
“Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycanın ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb”, Hacıyev qeyd edib.
Oxunub: 1116