Azərbaycan hakimiyyəti maliyyələşdirdiyi bir sıra mətbuat orqanlarının əməkdaşlarından “facebook” sosial şəbəkəsində tənqidçilərə qarşı qarayaxma işində yararlanmağa bağlayıb. Başqa sözlə, indiyədək “mirzəlik” eləyənlər bir müddətdir ki, həm də “facebook”da “trolluq” edirlər. Bu haqda “Azadliq.info”ya məlumat verən mənbənin sözlərinə görə, onların “trol” fəaliyyəti göstərməsi üçün konkret yerlər də ayrılıb. Belə yerlərdən biri də YAP-ın Nizami rayon təşkilatının yerləşdiyi binadır.
Mənbə bildirir ki, missiyası “facebook”da saxta adlarla profillər açıb, hakimiyyəti tənqid edənləri söyməkdən ibarət olan jurnalist-trollar arasında vaxtilə MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş, 2015-ci ilin oktyabrında nazirlikdəki əməliyyat nəticəsində həbs olunub, iki ay sonra təcridxanada dünyasını dəyişmiş İlqar Əliyevin kurasiyasında olanlar da var.
“Azadliq.info”ya məlumatı verən mənbə “trolluq” edən “jurnalist”lərin bir neçəsinin özlərinin və onların təmsil etdiyi mətbuat orqanlarının adlarını da təqdim edib. Mənbənin sözlərinə görə, əvvəllər onların hər biri öz evlərindən və ya redaksiyadan bu işlə məşğul idilər. Amma müxtəlif tənqidçilərin, müxalifət liderlərinin statuslarının şərh bölməsinə yazılmaq üçün göndərilən mətnləri onların bir-birindən xəbərsiz şəkildə yayması “facebook” istifadəçilərinin gözündən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri müxtəlif profillərdən nöqtə-vergülünə qədər eyni olan mətnin yayılmasını qeydə alaraq, trolları ifşa ediblər. Bu cür səbəblərdən onları bir yerə toplayıb, vahid mərkəzdən idarə etmək qərara alınıb.
Onu da qeyd edək ki, hər “trol”-jurnalistə bir neçə profil işlətmək barədə göstəriş verilib.
azadliq.info
Oxunub: 312