Ölkəmizdə ana və uşaq ölümlərinin səviyyəsi dəhşətli həddədir. Bu sahədə biz Afrika ölkələrinin əksəriyyətindən də irəlidəyik. İki gün öncə növbəti acı xəbər Tovuz rayonundan gəldi. 21 yaşlı gənc, sağlam ana ilk doğuşda dünyasını dəyişib və körpəsi də ölüb. Gənc analarımızın və körpələrimizin qatili qismində hər dəfə bir həkimin adı hallansa da, onların ümumi qatili bəllidir: korrupsiya, monopoliya, yarıtmaz idarəçilik, səriştəsizlik, insan həyatına biganəlik. Adi soyuqdəyməyə görə hər il milyonlarla vətəndaşımız bir çox parametrlərilə inkişaf etmiş ölkə sayıla bilməyən İrana üz tutursa, ağır vəziyyətdə olan xəstələr banklardan soyğunçu faizlərlə kredit götürüb əməliyyaya girmək məcburiyyətindədirsə, təhsil məhv edilibsə, həkim təyinatı rüşvətlə həyata keçirilirsə, 30-40 min manat rüşvət verib işə düzələn həkim 150-200 manat maaş alırsa, ana və uşaq ölümlərinə niyə təəccüblənməliyik?! Bu axı Azərbaycan hakimiyyətininin səhiyyə idarəetməsinin məntiqi nəticəsidir! Budur, bu məntiqi nəticəyə, əslində isə dəhşətli insan faciələrinə, ailə dramlarına yol açan başqa bir reallıq: Beynəlxalq Əmək Təşkilatının son qlobal sosial müdafiə hesabatına görə Azərbaycan bir sıra əhali qruplarının sosial müdafiə tədbirlərilə əhatə dairəsinə görə 3-cü dünya ölkələrinin reytinqindədi. Məsələn, hesabata görə Azərbaycanda hamiləliyə və doğuma görə məzuniyyətlə əhatə olunan qadınlar övladı olan qadınların cəmi 14%-ni təşkil edir. Halbuki, bu göstərici region ölkələrindən Rusiyada 69%, Qazaxıstanda 45%, Gürcüstanda 24% təşkil edir, Avropa ölkələrində 95%-dən az deyil. Böyük-böyük iqtisadi sıçrayışlardan, analoqsuz uğurlardan danışan rəsmi və qeyri-rəsmi trollar! Buyurun, cavab verin! Niyə 150 milyard neft gəlirlərinə sahib olan, 8 milyard dollar pulu bircə Avropa Oyunları adı ilə küləyə sovuran, istisnasız olaraq bütün nazirlərinin, vəzifəli şəxslərinin övladları 200-300 minlik maşınlarda şütüyən bir ölkənin hamilə qadınlarının yalnız 14 faizi məzuniyyətlə təmin olunmalıdır?!
Oxunub: 184