Yaxud Zahid Orucun gecikmiş müraciəti
Son dövrlər Avropada yaşayan mühacirlərin təşkil etdiyi aksiyalar hakimiyyəti bərk narahat edib. Bunun nəticəsidir ki, mühacirlərin Azərbaycandakı qohumlarına təzyiqlər olunur, qisas almaq üçün müxtəlif addımlar atılır. Hakimiyyətin əsas arqumenti budur ki, xaricdə yaşayan mühacirlər təhqir səviyyəsinə keçiblər və bu da yolverilməzdir. Əlbəttə, kimliyindən asılı olmayaraq şəxslərin şərəf və ləyaqətinin alçaldılması, mübarizənin təhqir formasına keçirilməsi qəbuledilməzdir. Yəni, biz təhqir müstəvisində mübarizəni qəbul etmirik.
Amma məsələyə biraz geniş aspektdən baxmaq lazımdır. Bugün hansısa paytaxtlardan hakimiyyət mənsubları təhqir olunursa, şəkilləri ayaq altına atılırsa bunun günahı kimdədir? Belə mübarizə vasitəsini kim legitimləşdirdi?
İlk növbədə qeyd etmək lazımdır ki, xaricdəki həmvətənlərimiz əsasən hakimiyyəti tənqid və ifşa edirlər. Yəni, onlara qarşı aqressiya təkcə hansısa təhqir elementiylə bağlı deyil. Sadəcə olaraq bu adamlar YAP hakimiyyətinin əsl mahiyyətini dünyaya çatdırırlar.
Amma yuxarıda da sual etdiyimiz kimi belə bir tendensiyanın yaranmasının əsl səbəbkarı hakimiyyətdir. Hakimiyyət uzun illərdi ki, sivil mübarizə yolu tutmuş rəqiblərinə qarşı ən iyrənc, ən qeyri-insani yollardan istifadə edir. Təhqiri televiziya ekranlarına, qəzet səhifələrinə, tribunalara daşıyan məhz YAP hakimiyyəti olub. İndi uzun illər boyu etdiklərinin 1-2 faizi özlərinə qayıdıb və buna görə də vay-şüvən salıblar. Hətta bugün deputat Zahid Oruc Şeyxülislam Allahşükür Paşazadəyə müraciət ünvanlayıb: “Təhqiri siyasi həyatın elementinə çevirirlər. Bu baxımdan, Azərbaycanın hər bir insanından, xüsusi ilə də mühüm ictimai missiya daşıyan insanlardan bu məsələyə reaksiya vermələrini istəyirəm. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət edirəm. Şeyx hər zaman dövlətin və dövlətçiliyin yanında olub. Ən müxtəlif dövrlərdə bunun şahidi olmuşuq. Bəli, din dövlətdən ayrıdır, amma hər zaman düşünürük ki, dövlət dinsiz, din də dövlətsiz ola bilməz. Ona görə də şeyx başda olmaqla, inanc sahiblərimizi aparılan bu kampaniyaya reaksiya verməyə çağırıram. Mədəniyyət və incəsənət xadimlərini kampaniyaya reaksiyaya verməlidirlər”-deyə Zahid Oruc bildirib.
Belə çıxır ki, başqalarını təhqir etmək, insanların şərəf və ləyaqətinə toxunmaq hakimiyyətin haqqıdır, amma bunu hansısa zərərçəkən edəndə qəbuledilməzdir?
Təhqirin siyasi həyatın elementinə çevrilməsi qəbuledilməzdirsə, Zahid Oruc niyə illərdi susub? Siyasi mövqeyinə görə adamların yaxınları polis bölmələrinə çağırılanda, günahsız adamlar şərlənərək həbs olunanda, telekanallar müxalifət liderlərinə təhqir yağdıranda, özünü satışa çıxarmış jurnalsitlər müxalifətçilərin ailələrini hədəf seçəndə Zahid Oruc niyə Şeyxülislamı köməyə çağırmırdı?
Hafiz Hacıyev kimi ikrah doğuran adamlar prezidentliyə namizəd kimi qeydə alınanda, bu adam ləyaqətli insanlara qeyri-etik sözlər ünvanlayanda niyə Zahid Oruc sənət adamlarını səfərbər etmirdi?
“Xəzər” telekanalı hər gün Əli Kərimlinin oğluyla bağlı şər-böhtan yayanda, mübariz insanları “ermənipərəst” kimi təqdim edəndə niyə “dur” deyən tapılmırdı?
Uzun illərdi hakimiyyətin sifarişiylə hədəf seçilən adamların hər biri qürurlu, mənəviyyatlı adamlardı və onlara qarşı bu mənəvi terrordan bütün hökumət komandası zövq alıb.
Bəli, hakimiyyət indi öz əkdiyini biçməklə məşğuldu. Bugün də hakimiyyətə bağlı səhifələr sosial şəbəkələrdə müxalifət funksionerlərin ətəhqir yağıdırır. Amma hər cür məhrumiyyətə düçar olan müxalifətçilər heç vaxt təhqir müstəvisinə keşməyib.
Müxtəsər, hakimiyyətin təhqir siyasəti bumeranq effekti verməyə başlayıb. Hakimiyyət hər kəsə göstərdi ki, mən sivil mübarizəni bəyənmirəm və rəqiblərimə qarşı qeyri-insani yollarla mübarizə aparıram. Ona görə də hansısa paytaxtdan “qara xəbər” gələndə hökumət özünü günahkar bilməlidir. Zahid Orucun müraciəti isə çox gecikmiş müraciətdi. Artıq hökuməti müdafiəyə qalxan istənilən adam ictimai rəyin daş-qalağı ilə üzləşir. Heç bir sənət adamı, heç bir din xadimi bu reallığı dəyişdirə bilməz. Həm də bu ölkədə onlarla dindar şərlənərək həbs olunub və Zahid Orucun müraciət etdiyi adamlar bu prosesə “dur” deyə biməyib.
Deməli, ilk növbədə rəqiblərin təhqir edilməsinə hakimiyyət son qoymalıdır ki, başqalarından da bunu tələb etsin.
Bir daha qeyd edirik ki, biz təhqiri birmənalı şəkildə qəbul etmirik. Amma bu təhqirlərin “memar”larını da göstərməyi özümüzə borc bilirik.
Samir
Oxunub: 488