Masallı rayonu Təzəkənd sakini, 2-ci qrup əlil Fuad Ağayevə bayramqabağı ərazi nümayəndəliyi tərəfindən vaxtı keçmiş ərzaq “hədiyyə edilib”. Bu haqda Masallı rayonunda çıxan “Cənub xəbərləri” qəzetinin redaktoru Zahir Əmənov sosial şəbəkədə yazıb. “Təzəkənd sakini, 2-ci qrup əlil Ağayev Fuad bayramqabağı redaksiyaya “əli dolu” gəlmişdi. Fuad bildirir ki, Novruz bayramı ərəfəsində ərazi nümayəndəliyi ona və kənddəki digər əlillərə bu ilin fevralında vaxtı bitmiş dondurulmuş toyuq hədiyyə edib. Hansı ki, bu toyuqlardan istifadə müddəti şəkildə göründüyü kimi, fevralın sonunda bitib. Bayramqabağı bu məsələni daha çox qurdalayıb, çoxlarının qanını qaraltmaq istəmirəm. Amma hələlik bəlli olan odur ki, yardım üçün pullar “xüsusi əməliyyatla” bir cibə yığılır, buradan da bir şirkətə yönəldilir. Həmin şirkət də nə “brak” malı var, sırıyır əlilə, veterana.
Qeyd: qonşuluğumuzda RAF maşınlarını Muğan zonasına yönləndirən, hərdən də tənqidimizə tuş gələn bir şirkət var-20-dən artıq işçisinin hər birinə 50-60 manatlıq bayram payı hədiyyə etdi. Nəhəng təşkilatlar isə pulu 5 yerdən yığsalar da, hər adama 15-20 manatdan artıq hədiyyə etməyə ürəkləri gəlmir.
Oxunub: 294