Türkiyə və Rusiyada həkimlik fəaliyyəti ilə məşğul olan professor Oktay Rəhimli Bakıda ev almaq istəyərkən dələduzluğa məruz qaldığını iddia edib.
O.Rəhimli bildirib ki, 2013-cü ildə “Sahil-D” şirkətinin “Ramstore” yaxınlığında yerləşən binasından mənzil almaq üçün Ramin Nurəliyev adlı şəxsə 159 min 800 dollar ödəyib. Lakin 4 il keçsə də, mənzil ona təhvil verilməyib və araşdırma zamanı məlum olub ki, bu mənzil bir neçə şəxsə satılıb. Buna görə də problemli mənzil kimi məhkəmə predmetinə çevrilib. O.Rəhimli mənzil aldığı R.Nurəliyevin Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Arzu Daşdəmirovun bacısı oğlu olduğunu bildirib və əlavə edib ki, general bacısı oğlunu himayə etdiyi üçün məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərin heç bir nəticəsi olmur.
Həkim deyib ki, bu işdən general A.Daşdəmirovun da əvvəldən məlumatı olub:
“Ötən ilin ortalarında Arzu Daşdəmirov mənimlə əlaqə saxladı və qohumunun pulu ödəyəcəyini bildirdi. Biz noyabr ayında şikayət edəndən sonra isə general mənim vəkilimlə görüşüb və yenə də məsələnin həll olunacağını deyib. Amma heç bir nəticə yoxdur”.
Şikayətçi professorun vəkili İradə Cavadova bildirib ki, məsələ ilə bağlı ötən ilin noyabr ayında Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edilsə də, heç bir istintaq hərəkəti aparılmayıb: “Martın 16-da Baş Prokurorluqdan bildirdilər ki, mənim ərizəm Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindədir və orada cinayət işi başlanılıb. Lakin bu cinayət işi həmin binanın tikintisini həyata keçirən şirkətlə bağlıdır. Bizim şikayətimiz isə, şirkətə aid deyil, pulu alıb mənimsəyən məhz Ramin Nurəliyevlə bağlıdır”.
İrəli sürülən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. (Qafqazinfo)
Oxunub: 396