Azərbaycan-İran prezidentlərinin Bakı görüşü başa çatdı. Beynəlxalq ziddiyyətlərin dərinləşdiyi bir ərəfədə keçirilən bu görüşün təfərrüatlarını, imzalanan sənədləri hökumətə yaxın qaynaqlar geniş şərh etdiyi üçün biz ümumi şəkildə analiz etməyə çalışaq.
Azərbaycanın geosiyasi mövqeyi əlverişli olduğu qədər də mürəkkəbdir. Bu mövqelərin hansının daha üstün olmasını əsasən hökumətin yürütdüyü xarici siyasət müəyyən edir. Ölkəmizin qlobal və regional xarici siyasətinin doğru və yanlış olmasının təhlilinə vaxt ayırmadan mətləbə keçmək istəyirəm.
Azərbaycan hökumətinin hazırkı xarici siyasət öncəliyini əsasən hakimiyyətin korporativ maraqları təşkil edir. Əgər bu maraqlara azacıq təhlükə hiss edilirsə, o zaman uyğun reaksiyalar verilir. Hakimiyyətin maraqlarına təhlükə yoxdursa, dövlətin və cəmiyyətin maraqları ilə bağlı istənilən həssas məsələlərin üzərindən ya sükutla keçilir, ya da sadəcə qurban verilir.
Ölkəmizin quru və su sərhədlərinin təxminən yarısı İran və Rusiya arasındadır. Hər iki böyük qonşumuz antidemokrtik idarəetməsi ilə dünya gündəmindədir. BMT hesabatlarına görə insan hüquq və azadlıqlarının ən çox pozulduğu, siyasi azadlıqların məhdud olduğu, mətbuat və ifadə azadlğının boğulduğu qeyri-azad ölkələrdir.
Həm də bu ölkələr mütəmadi olaraq ikitərəfli və çoxtərəfli münasibətlərdə beynəlxalq hüququn prinsiplərini açıq şəkildə pozur. Ümumbəşəri dəyərlərə məhəl qoymur, daxildə öz vətəndaşlarına qarşı əzici siyasət yürüdür.
Bəzən Azərbaycan hakimiyyətinin nümayəndələri məhz belə qonşuların əhatəsində olduqlarını bəhanə edərək demokratik dünyanın haqlı çağırışlarına müsbət reaksiya vermir. Ölkəni bu iki antidemokratik rejimlərin əhatəsində daha da köməksiz duruma salır. Azərbaycanın demokratikləşməsinin önünü kəsmək üçün bu iki böyük qonşu ölkələri özünə əlverişli fürsət sayır.
Artıq heç kimə sirr deyil ki Azərbaycan iqtidarı özünü qorumaq üçün Rusiya və İran rejimləri ilə çox sıx münasibətlərə meyllənib. Qərbin bu regiondan tam sıxışdırılması Rusiya və İran rejimləri ilə yanaşı, Azərbaycan hakimiyyətinin də maraqlarına uyğundur. Hökumət belə hesab edir ki, demokratik dünya buradan nə qədər uzaq olsa, hakimiyyətini sürdürmək bir o qədər rahat olacaq.
Xatırlayırsınızsa, MDB dövlət başçılarının keçən il (26 dekabrın 2017-ci il) Moskvada keçirilən qeyri-rəsmi görüşündə Azərbaycan prezidenti Rusiya prezidentini az qala beynəlxalq hüququn qarantı kimi təqdim etmişdi. “Sizin beynəlxalq hüququn normalarına şəxsi sədaqətiniz beynəlxalq hüququn normalarının pozulmasından zərər çəkən bütün ölkələrə ədalətin bərpa olunacağına böyük ümid verir”, deyərək. Bu tezis özlüyündə hansı siyasi mahiyyəti ifadə edirdisə, İran prezidenti ilə görüşdə Azərbaycanın dövlət başçısının ifadə etdiyi, “Azərbaycan bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır” tezisinin siyasi mahiyyəti eynidir.
Hakimiyyətin Rusiya və İranla bağlı yanaşmasının heç biri ölkəmizin milli maraqlarına uyğun gəlmir. Bu günədək keçmiş sovet ərazilərində hökm sürən bütün qanlı münaqişələrin birbaşa müəllifi Rusiya olub. Rusiya nəinki sabitləşdirici faktor, əksinə öz siyasəti ilə qızışdırıcı, dağıdıcı, pozucu faktor olub. Beynəlxalq hüququn ən üstün prinsiplərini və normalarını tapdayaraq Gürcüstanın ərazi bütövlüyünü pozub, Ukraynanın ərazisini işğal edib, Orta Şərqdə diktatorları dəstəkləyir, Azərbaycanın Qarabağ və ətraf rayonlarının 25 ildir işğalda qalmasını açıq himayə edir və s. Son illər Rusiyanın beynəlxalq hüquqa etinasız münasibəti az qala qlobal siyasi böhrana çevrilməkdədi.
Eyni zamanda ölkə başçısının bütün beynəlxalq məsələlərdə daim İranın yanında olduğunu deməsi də çoxsaylı suallar doğurur.
Biz hansı beynəlxalq məsələlərdə İranın yanındayıq? Hökumət bu barədə hansı faktları sadalaya bilər?
Açığı bu barədə deyiləcək fakt bilmirəm. Çünki, siyasi məkan olaraq MDB və Avropa Şurası üzvüyük. Qarabağ probleminin nizamlanması ATƏT çərçivəsində aparılır. Ölkənin əsas ticarət tərəfdaşları arasında İran heç ilk onluqda da deyil.
Digər tərəfdən İran açıq şəkildə Orta Şərqdə məzhəbçi siyasət aparır. Azərbaycanın milli maraqlarına hörmət göstərərək Ermənistanla diplomatik əlaqələr qurmayan Səudiyyə Ərəbistanı və Pakistanla ziddiyyətləri var. ABŞ, AB, İsrail ilə gərgin münasibətlərdədir. Strateji müttəfiqimiz Türkiyənin zəifləməsində maraqlıdır və s.
Bir daha qeyd edirəm ki, Ermənistanla yaxın dost olan, Xəzərin statusu ilə bağlı Azərbaycana daim təzyiq edən İranla hansı beynəlxalq məsələdə bir yerdə olduğumuzu deyə bilmirəm.
Ortada görünən bu yaxınlıq iki faktorla bağlıdır.
Birincisi, Qərbin İran və Rusiya ilə bağlı sistemli təcrid siyasətində Azərbaycan hökumətinin kiminlə yaxın olduğunu göstərməkdir.
İkincisi isə İran və Rusiya hökumətlərinin Azərbaycan hakimiyyətinin özəl maraqlarına təminat verməsi ilə bağlıdır.
Təəssüf ki Azərbaycan hökuməti ölkəni hansı yeni təhlükələrə sürüklədiyini ya anlamır, ya da məqsədli şəkildə ölkəni bu təhlükəyə doğru çəkir.
Yaxın günlərdə bu təhlükələrlə bağlı fikirlərimi müzakirənizə təqdim edəcəm.