Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyev yenidən məhkəmə qarşısına çıxır. Aprelin 17-də Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyilə onun işinə baxılacaq.
İki nəfərin ölümü, iki nəfərin isə yaralanmasıyla nətilənmiş yol qəzası törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü N.Allahverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Onun vəkilləri həmin hökmdən apellyasiya şikayəti verib.
Xatırladaq ki, N.Allahverdiyev ötən il avqustun 3-də Heydər Əliyev prospektində yüksək sürətlə idarə etdiyi “Mercedes Galendawagen” markalı avtomobillə yoldan keçən Vaqif Əsədovu və Türkiyə vətəndaşları olan ər-arvadı – Mutallib Tekiş və Songül Tekişi vurub. Nəticədə V.Əsədov dünyasını dəyişib, türk cütlük isə ağır yaralanıb. Onlar hadisədən sonra müalicə üçün Türkiyəyə aparılıb.
Xəsarət alan cütlüyün Türkiyənin keçmiş prezidenti Abdullah Gülün qohumu olduğu bildirilirdi.
Piyadaları vuran N.Allahverdiyevin maşını daha sonra başqa bir maşına çırpılıb, ardınca da alışıb yanıb. Bu zaman Allahverdiyevin sürücüsü, 31 yaşlı Mehdi Əliyev də onun yanında olub. O da qəzada dünyasını dəyişib.
Məhkəmədə zərərçəkmişlərin heç biri N.Allahverdiyevdən şikayətçi olmayıb.
Qeyd edək ki, bütün bu hadisələr N.Allahverdiyev “Maqa” ləqəbi ilə tanınan, 23 yaşlı Mirməhəmməd İsmayılovun idarə etdiyi “Mazda” ilə ötüşərkən baş verib. “Maqa”nın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşının həyat yoldaşı tərəfdən qohumu olduğu bildirilir.
M.İsmayılova isə 1 ay inzibati həbs verilib.
Azadliq.info