Rövşən Ağayev
Mərkəzi Bank 2017-ci ilin tədiyə balansının məlumatlarını açıqlayıb. Devalvasiyadan sonra nəhayət ilk dəfə həm cari əməliyyatlarda, həm də bütövlükdə tədiyyə balansının ümumi saldosunda müsbət göstərici əldə edildi. Elə bu səbəbdən də 2015-2016-cı illərdən fərqli olaraq ötən il manatın məzənnə sabitliyini qorumaq (hətta 4%-ə qədər bahalandı) Mərkəzi Bankı qorumaq üçün çətin olmadı.
Cari əməliyyatlar üzrə 1.685 mlrd. dollar, tədiyyə balansının ümumi yekunu üzrə 1.971 mlrd. dollar müsbət saldo yaranıb.
Halbuki 2016-cı ildə cari əməliyyatlar üzrə 1.363 mlrd. dollar, tədiyyə balansının ümumi yekunu üzrə 539 mln. dollar mənfi saldo qeydə alınmışdı.
2017-ci ildə tədiyyə balansının göstəricilərinin yaxşılaşmasının 2 səbəbi olub. Əsas səbəblərdən biri budur ki, neftin orta illik qiymətinin təxminən 30%-dən çox yüksək olması neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabında 7.4 mlrd. dollar profisit yaradıb və bu 2016-cı ilin göstəricisindən 3 mlrd. dollar çoxdur. Qeyri-neft sektorunun bu prosesə töhfəsi olmayıb. Belə ki, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabında həm 2016, həm də 2017-ci ildə eyni məbləğdə defisit qeydə olub – 5.7 mlrd. dollar.
İkinci mühüm səbəb odur ki, əgər 2016-cı ildə maliyyə hesabının kəsiri 2.8 mlrd. USD olmuşdusa, 2017-ci ildə defisit 201 mln. dollara enib.
Maliyyə hesabının kəsirinin azalmasının səbəbləri isə hökumətin kənara kapital axınlarına nəzarəti gücləndirməsi nəticəsində aktivlər formasında ölkədən çıxan vəsaitlərin təxminən 30% azalması (xüsusilə konsiqnasiya yolu ilə ixraca görə vəsaitlərin ölkəyə 180 gün ərzində qaytarlması) və indiyədək görünməmiş həcmdə ölkəyə xarici borcun alınması olub. Müqayisə üçün deyim ki, təkcə portfel invesitisiya formasında xarici borclanma əvvəlki ilə nisbətən 6 dəfə artaraq 2.5 mlrd. dollara çatıb. Bu borclanma əsasən Cənubi-Qaz Neft dəhlizi ilə bağlı olub.
Yazı müəllifin fb səhifəsindən götürülüb