Vaxtilə Azərbaycanda şəxsin həbsinə sanksiya vermək səlahiyyəti prokurorluqda idi. Hansısa cinayətdə təqsirləndirilən şəxsin həbs olunub-olunmaması məsələsini prokurorluq özü həll edirdi. Amma 2000-ci ildə qanunvericilikdə köklü dəyişikliklərdən sonra bu səlahiyyət artıq məhkəmələrdədir. Müstəntiq cinayət törətməkdə suçlanan şəxsin istintaq dövründə mütləq həbsdə saxlanmalı olduğunu hesab edirsə, bu halda ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən prokuror qarşısında vəsatət qaldırır, həbsi niyə məqsədəuyğun saydığını əsaslandırır. Əgər prokuror həmin əsaslandırmalarla razılaşıb, vəsatəti qəbul etsə, o zaman ərazi üzrə rayon məhkəməsinə təqdimat verir. Təqdimatı təmin edib-etməmək isə işə baxan hakimin səlahiyyətində olan məsələdir. Yəni məhkəmənin qərarı olmadan kimisə həbs etmək mümkün deyil.
Həbsdə olan MTN generalları ilə bağlı cinayət işində bir xeyli zərərçəkmiş var ki, onlar vaxtilə həbsdə olublar. İndi prokurorluq da, məhkəmə də belə nəticəyə gəlib ki, həmin adamlar (Hüseyn Səfərov, Nizami Kazımov, Mətləb Mustafayev və s.) qanunsuz həbs olunublar. Keçmiş MTN-çilərə də bu adamların pulunu, əmlakını ələ keçirmək, onlara təzyiq göstərmək məqsədilə qanunsuz həbs edilməsinə görə ittiham verilib. Məsələn, MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyevə, nazirliyin İstintaq İdarəsinin şöbələrindən birinə rəhbərlik etmiş Vüsal Ələkbərova… Bakı Hərbi Məhkəməsi də sabiq MTN-çilərlə bağlı hökmdə onlara verilmiş bu ittihamı əsaslı sayıb, təsdiqləyib.
MTN-çilər həmin şəxsləri təkbaşına həbs ediblərmi? Cinayət işinin materiallarından görünür ki, bu zərərçəkmişlərin həbsi üçün prokurorların təqdimatları, hakimlərin qərarları olub. Bu həbslərin qanunsuzluğu məhkəmə hökmü ilə təsdiqlənib, amma həmin qərarları vermiş hakimlər haqqında heç bir ölçü götürülməyib. Hətta onların arasında elələri var ki, vaxtilə sözügedən qərara imza atanda birinci instansiya məhkəməsində hakim idisə, hazırda apellyasiya məhkəməsində eyni vəzifəni tutur, aşağı instansiyada çıxarılmış hökm və qərarların qanuni, ədalətli olub-olmadığını müəyyənləşdirir.
«Mənə haqsızlıq edənlər cəzalandırılmalıdır»
MTN generalı E.Quliyevə verilən ittihamlardan biri də zərərçəkmiş Mətləb Mustafayevə təzyiq məqsədilə onun evinə silah qoyulub həbs edilməsiylə bağlıdır. M.Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda qərar Səbail, hökm isə Nəsimi Rayon Məhkəməsində çıxarılıb. O, CM-nin 228.1 (qanunsuz silah saxlama) maddəsiylə təqsirli bilinib 2 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.
2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələr baş verəndən, nazirliyin vəzifəli şəxsləri, o cümlədən general E.Quliyevin həbsindən sonra Ali Məhkəmə bu işə baxıb və M.Mustafayev haqqında hökm ləğv olunub. İş baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Bu dəfə isə apellyasiya məhkəməsi M.Mustafayevə bəraət verib. Həmin vaxt paralel olaraq, E.Quliyevin də məhkəməsi gedirdi.
«Haqqımda qanunsuz qərar çıxarmış hakimlərin, bu işdə əli olan prokurorların cəzalandırılması üçün mütləq lazımi addımları atacağam. Həmin hakimlərdən Məhkəmə-Hüquq Şurasına da şikayət edəcəm. Mənə qarşı haqsızlıq edənlər cəzalandırılmalıdır», – M.Mustafayev bildirib.
O həm də qanunsuz həbsdə saxlandığı müddətdə ona dəymiş ziyana görə məhkəmədə iddia qaldırmaq niyyətindədir.
Qanun nə deyir
Hüquqşünas Aslan İsmayılov deyir ki, keçmiş MTN-çilər və bu qurumda baş vermiş olaylarla bağlı araşdırmalar hərtərəfli və ədalətli olmadı. Əks halda, həmin cinayətlərdə rolu olanların hamısı cəzalandırılardı: «MTN işi ilə bağlı dəfələrlə səsləndirdiyim fikri bir daha təkrarlayıram. Bu işdə ədalət o vaxt olar ki, tək MTN işçiləri yox, həmin qanunsuzluqları təsdiqləyən prokurorlar və hakimlər də cəzalandırılsın. MTN işçisi özbaşına tək heç kimi qanunsuz həbs edə, haqqında istintaq apara və hökm verə bilməzdi. Əgər o iş tam, hərtərəfli, obyektiv aparılsa, o zaman gərək məhkəmə, hüquq-mühafizə sisteminin rəhbərləri başda olmaqla, çoxları həbs oluna…».
Cinayət Məcəlləsinin 295-ci maddəsi birbaşa hakimlər haqqındadır. Bilə-bilə ədalətsiz hökm və qərar çıxaran hakimlər üçün 5 min manatdan 8 min manata qədər cərimə və ya 3 ilə qədər həbs nəzərdə tutulur. Çıxarılmış qanunsuz hökmlə şəxs azadlıqdan məhrum edilibsə, bu halda qanun həmin hakim üçün 5 ildən 8 ilə qədər həbs müəyyənləşdirib.
Hakimlərin fəaliyyəti ilə bağlı məsələlərə Məhkəmə-Hüquq Şurası nəzarət edir. AzadlıqRadiosu MTN işindəki zərərçəkmişlər haqqında hökm və qərar çıxarmış hakimlərlə bağlı sualları telefon vasitəsilə Məhkəmə-Hüquq Şurası Aparatına ünvanlasa da, cavablandırmaqdan imtina etdilər. (azadliq.org)