Martın 28-də Ukrayna paytaxtı Kiyevdə ukraynalı hüquq müdafiəçiləri, Freedom Hous və Sərhədsiz Reportyorlar Təşkilatı jurnalist Fikrət Hüseynli ilə bağlı birgə brifinq keçirib.
Brifinqdə Fikrət Hüseynlinin vəkili Dmitri Mozurok çıxış edib və bildirib ki, jurnalistin ekstradisiyasını qanun qadağan edir.
Ukrayna İnsan Haqları Mərkəzindən Tatyana Peçonçuk Azərbaycandakı insan haqları ilə bağlı vəziyyətdən danışıb və deyib ki, bu ekstradisiya jurnalistin həyatına təhlükə yaradır. O, Ukrayna hüquq müdafiəçilərinin jurnalistin Hollandiyaya dönməsinə şərait yaradılması Ukrayna dövlətinə müraciət etdiklərini deyib.
Sərhədsiz Reportyorlar’ın koordinatoru Maksim Butkeviç çıxış edərək bildirib ki, ukraynalı jurnalistlər bu ekstradisiyaya qarşıdır. Butkeviç beynəlxalq qurumların Hüseynlini müdafiə etdiyini, onun məruz qaldığı ittihamların siyasi və jurnalist fəaliyyətindən qaynaqlandığını vurğulayıb.
Freedom House təşkilatının nümayəndəsi Metyu Şaaf Fikrət Hüseynlinin pozulmuş hüquqlarından danışıb və beynəlxalq hüquq müdafiə təşkilatlarının onu sonadək müdafiə edəcəyini bildirib.
Jurnalist Fikrət Hüseynli çıxışında xalq deputatı Mustafa Cəmilovun onunla bağlı Ukrayna baş prokuroruna yazdığı məktubu göstərərək bildirib ki, azərbaycanlı siyasi mühacirlər daim Ukraynanı müdafiə edib və bu səbəbdən o da Ukraynadan ədalətli mövqe gözləyir.
Tədbirdə Turan TV-dən Emin Əhmədbəyov və hüquq müdafiəçisi Leyla Yunus skype vasitəsilə çıxış edərək Azərbaycandakı vəziyyətdən söhbət edib və Ukrayna hakimiyyətini ədalətin, demokratiyanın yanında olmağa çağırıb.