Xocalı rayonundan məcburi köçkün, 2-ci qrup Qarabağ əlili, şəhid bacısı, hal-hazırda Bərdə rayonu, Yeni qəsəbə, bina 1, mənzil 18-də məskunlaşan Cavadova Telyanə Ədil qızının Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse-Prezidenti Mehriban Xanım Əliyevaya, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, Prezdent aparatının hüquqi siyasəti idarəsinin rəhbəri Fuad Ələsgərova, Azərbaycan Respublikasının baş Prokuroru Zakir Qaralova, Azərbaycan Respublikasının baş Prokrorunun birinci müavini Rüstəm Usubova göndərdiyi şikayət ərizəsinin bir nümunəsini də ərizəçi xural.com-a ünvanlayıb. Ərizəçi yazır:
“Cənab Prezident!
Qeyd edim ki, mənim oğluma məxsus mağazanın Cəlilabad rayonunda oğurluq və dələduzluğa məruz qalması ilə bağlı sizə və aidiyatı qurumlara davamlı olaraq müraciət etməyimə baxmayaraq, bir il altı (1.6 ay) aydır heç bir nəticə yoxdur. Bu məktubların sizə yetişmədiyi qənaətində olduğumdan yenidən sizə müraciət etmək qərarına gəldim.
Çünki sizin bir prezdent kimi ədalətli göstəriş verəcəyinizə ümidim böyükdür. Və sizin mərhəmətinizə sığınıram.
Qeyd edim ki, oğurluqla bağlı bütün fakt və dəlillər oğruların oğurluğu necə etdiyini sübut edən özlərinə aid səs yazıları və istintaq üçün digər əhəmiyyətli sübutlar olduğu halda Cəlilabad rayon prokurorluğu oğru tərəflə sövdələşərək cinayət işinin başlanmasına iki dəfə müxtəlif vaxtlarda xitam verdi, Cəlilabad rayon prokurorluğunun müstəntiqi Nurlan Rəhmanov polis idarəsindən gələn istintaq materialının arasından oğru dəstəsinin başcısı olan Quluyev İlqarın etiraf ifadələrini dəyişdirərək istintaqi fərqli istiqamətə apardı.
Bunu mən söz olaraq deyil, faktlarla sübuta yetirmişəm, çünki işi ilkin araşdıran Cəlilabad rayon polis idarəsinin əməkdaşı, Təhqiqatçı polis polkovnik-leytenantı Vidadi Əhədov dönə-dönə qeyd edir ki, İlqar Quluyev oğurluq etdiyini etiraf etdi, mən isə onun ifadələrini iş materiallarının arasına qoyaraq Cəlilabad rayon prokurorluğuna göndərdim.
İş burasındadır ki, Cəlilabad rayon prokurorluğunun əməkdaşı hələ də öz qanunsuz əməllərini davam etdirir və növbəti qanunsuzluqlar edir, bu boyda saxtakarlığa rağmən, heç bir cəza verilməyib. Eyni prokurorluq ikinci dəfə işin araşdırmasını müstəndiq Zöhrab Verdiyevə həvalə etsə də, eyni qərar çıxarıldı və oğru dəstə məsuliyyətdən kənarda saxlanıldı.
Yəqin ki, bu bir il altı ayda mənim nələr çəkdiyimi bir valdeyn kimi yaxşı başa düşürsünüz.
Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov mənim müharibə veteranı, 2-ci qrup Qarabağ əlili olan həyat yoldaşımı çərlədərək öldürdü, həyat yoldaşımın üzünə qarşı dedi ki, bu səs ortada olsa da, bu ailə oğru deyil və prokuror Tariyel Ələkbərovun otağında əsəbiləşərək yoldaşım müvazinətini itirərək yıxıldı və bir müddət xəstə yatdıqdan sonra dünyasını dəyişdi.
Sizə və dövlət qurumlarına etdiyimiz müraciətdən, sübutlarımızı ortaya qoyandan sonra Baş prokurorluq Cəlilabad rayon prokurorluğunun çıxardığı qərarın yanlış olduğunu anlayıb işin yeniden araşdırılmasını Lənkəran rayon prokurorluğuna həvalə etsə də, istintaqın hərəkətsizliyi məni çox narahat edir. Aldığımız məlumata görə, Tariyel Ələkbərov Lənkaran rayonuna işin ədalətli aparılmaması üçün müəyyən təsirlər edə bilir. Çünki artıq Tariyel Ələkbərov narahatdır ki, onun etdiyi saxtakarlıq tam çılpaqlığı ilə ortaya çıxacaq və özü cəzalandırılacaq.
Sizdən bir Şəhid bacısı kimi xahiş edirəm ki, bu Vətən uğrunda sağlamlığını itirib, əlillik həyatı yaşayıb və erməni gülləsi ilə deyil, bir rayonun prokuroru Tariyel Ələkbərovun təzyiqləri nəticəsində dünyasını dəyişən həyat yoldaşımın haqqını yerdə qoymayasız. Mənim 6 (altı) oğul övladım var. Mən onların hər birini bu xalq, bu millət, bu dövlət uğrunda qurban verməyə hazıram, amma necə? Balaca oğlum deyir ki, ana, çıxaq gedək bu ölkədən, mənim Qarabağ uğrunda sağlamlığını itirən atamın bir rayonun prokuroru öz qanunsuz əməlləri ilə ölümünə bais oldu və cəzasız qaldı. Mən isə ona izah etmişəm ki, bu qan yerdə qalmayacaq və sövdələşərək qərar çıxaran və atanın ölümünə bais olan o prokuror öz cəzasını alacaq.
Sizdən bir ana, bir Şəhid bacısı kimi çox xahiş edirəm ki, bizim ailəyə faciə yaşadan Cəlilabad rayon prokuroru Tariyel Ələkbərovun haqqında tədbir görülməsi üçün göstəriş verəsiniz.
Nə qədər ağır olsa da, bu fikrimi də sizə çatdırmaq istərdim. Bu Vətən mənə məzar, 6 oğlumun uğrunda can verəcəyi bir müqəddəsim olsa da, məcburən qeyd edim ki, əgər bu qanunsuzluqları edənlər öz cəzasını almasalar, 6 oğlumla birlikdə bu ölkənin vətəndaşlığından imtina etsəm, düşünürəm ki, kimsə məni qınamaz.”