Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, mədəniyyət sektoru büdcəyə gəlir gətirməlidir: “Mədəniyyət sektorunun imkanlarının genişləndirilməsi turizm axınının güclənməsinə təkan verəcək. Biz öyrəşmişik ki, mədəniyyət sektoru dövlətin çiyinləri üstündə olsun. Amma dünya təcrübəsində mədəniyyət sektoru dövlətə gəlir gətirir”.
Nazir düz deyir. 20-25 ildir mədəniyyət sektoruna böyük milyonlar xərcləyib turizm axınına təkan vermək istəyirlər, alınmır ki, alınmır. Necə alınsın ki? Axı gərək o milyonları hara, necə, hansı məqsədlə xərclədiyini dəqiq ölçüb-biçəsən. Gərək o milyonların kimin əlindən keçib, hara getdiyinə nəzarət edib, nəticəsini yoxlayasan. İşi bu sahənin bilicilərinə həvalə edəsən ki, ora ayrılan milyonların qazanc gətirməsinə də ümidin ola.
İndi baxaq, bizdə mədəniyyət və turizm adına dövlət büdcəsi nələrə xərclənir? Bu sahədə ən böyük pullar son illər ölkədə keçirilən əyəncə və oyunlara ayrılıb. Təkcə, son 3 ildə Bakı şəhərində Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlər üçün 4 milyarddan çox vəsait xərclənib. Hələ bunun başqa dolayı xərcləri də var. Təbii, bu oyunları idman sahəsinə aid edib, mədəniyyətdən ayıra bilərsiniz. Amma şanlı hökumətimiz bu tədbirlərin birmənalı olaraq ölkəyə turizm axınının artmasına hesablandığını deyir.
Başqa bir fakt. Ölkədə son illər muzeylərin təmiri adı altında da böyük pullar xərclənib. İtaliyanın rəsmi dövlət saytlarından əldə olunan məlumata görə Tarix muzeyinin ekspoziyasının bərpasını həyata keçirən İtaliyanın “ELECA” şirkətinin gördüyü işə 4 milyon 400 min manat pul ayrılıb. Azərbaycandakı Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyinə istinadən yaydığı məlumatlara görə, bərpa işinə daha sonra 3 milyon manat da ayrılıb. Yəni ümumilikdə təkcə muzeydəki ekspozisiyaların bərpasına 7 milyon 400 min manat xərclənib. Bəzi mənbələr Tarix Muzeyinin təmir və bərpasına dövlət büdcəsindən 15 milyona yaxın, digər mənbələr isə 18 milyon manat –təxminən 21 milyon dollar vəsait ayrıldığını yazmışdı. Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin təmirinə 20 milyon manatdan artıq vəsait ayrılıb. Ümumilikdə Azərbaycanda təmir olunan yeddi muzeyə dövlət büdcəsindən 50 milyondan artıq pul ayrılıb. Onlardan üçü iri, qalan dördü isə tanınmış şəxslərin ev muzeyləri və rayonlardakı tarix-diyarşünaslıq muzeyləridi. Xatırlayırsınızsa, bir neçə il əvvəl Ağdamda mədəniyyət ocaqlarının inkişafına ayrılan 152 min manat pulun mənimsənildiyi və ortaya heç nə çıxmadığı haqqında qalmaqallı yazılar getmişdi.
Dövlət büdcəsindən pul ayrılan başqa bir sahə də TV serial çəkilişləridir. 2011-2016-cı illər arasında dövlət tərəfindən bu sahəyə 11 milyon manat ayrılıb və TV-lər bu pulla 40 serial çəkib.
Sihaını bir xeyli uzatmaq olar. Amma ortadakı reallıq nədir? Reallıq odur ki, hazırda nə ölkədən kənara çıxaraca qbir filmimiz, nə güclü musiqi kollektivimiz, nə də o səviyyədə teatr tamaşamız var. Ölkəyə turizm axınından isə heç danışmağa dəyməz. Hara gedir illərdir dövlət büdcəsindən silinən milyardlarla vəsait o zaman? Cavab aydındır, ortada böyük pul yeyintiləri var və ayrılan pullar havaya sovrulub gedir. İndi pullar tükənib və nazir bərbad günə qalmış mədəniyyət və t urizm sahəsindən qazanc götürməkdən danışır. Məgər aydın deyil ki, hətta ölkə insanı da burda monopoliyaya alınmış bahalı istirahət ocaqlarında böyük pul xərcləməkdənsə, başqa ölkəyə getməyi üstün tutur.
Bizim kimi neft ölkəsi olan Norveçlə bir müqayisə aparaq. Son illərin məlumatına görə, Norveç dövləti 2006-cı ildən bəri mədəni tədbirlərin maliyyəsini iki dəfə artıraraq 1.2 milyard avroya çatdırıb. Növbəti iki ildə Norveç bu rəqəmə daha 100 milyon avro əlavə edəcək. Ölkə 2008-ci ildə Osloda 580 milyon avro xərclədiyi opera evini açıb, indi isə ölkənin ən tanınmış rəssamı Edvard Münhün əsərlərini saxlamaq üçün 500 milyon avroluq yeni muzey açmaq və ya köhnə muzeyi təmir etməyi düşünür.
Norveç ildə 7 milyon avro xərcləyəcəyi filarmonik orkestr yaradıb və bununla “dünyanı şimaldan fəth etmək” istəyir. Hökumətin Mədəniyyət Təşəbbüsü proqramına əsasən Norveçdə rəqs, film və yaşlı vətəndaşları mədəniyyətə cəlb etmək üçün “mədəni, yeriyən əsa” layihələrinə vəsaitlər ayrılır.
Bax belə. Mədəniyyəti inkişaf etdirmək və ondan qazanc götürmək istəyən konkret iş görməli və vəsaitləri təyinatI üzrə xərcləməlidir. Daha bizdəki kimi böyük yeyintilər hesabına yox…
azadliq.info