17 yaşlı fəal Fatimə Mövlamova 5 gündən çoxdur ki, yoxa çıxıb, Bu barədə BBC Azərbaycancaya yeniyetmənin anası Vüsalə Mövlamova məlumat verib.
Onun sözlərinə görə, qızı 31 mart tarixindən Məhsul stadionunda olan mitinqə qatılmaq üçün gedib və ondan sonra evə gəlməyib. Aprelin 1-də isə Vüsalə Mövlamova dördüncü polis bölməsinə qızının itkin düşməsi ilə bağlı ərizəylə müraciət etdiyini deyir.
Xanım Mövlamova deyir ki, Vüsalə aprelin ikisində anasına fərqli bir nömrədən zəng vururaq, “dostunun xəstə olduğunu, səhəri gün evə gələcəyini” deyib. Fatimə anasına onu da deyib ki, əlaqə saxladığı nömrəyə zəng vurmasın.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı sualımızı cavablandırmaqdan imtina edib.
Fatimənin anası deyir ki, sosial şəbəkələrdə onun qızının tapılması haqqında “həqiqətə uyğun olmayan” məlumatlar yayılır, amma o qızının hələ də tapılmadığını bildirir.
Vüsalə Mövlamova qızı haqqında həqiqətə uyğun olmayan yazıların müəlliflərindən də polisə şikayət etdiyini deyir.
“Onun başı salamat olsa gələrdi, heç vaxt olmayıb ki, məni nigaran qoya. Həmişə başqasının telefonundan da olsa zəng edib deyərdi ki, telefonumun enerjisi bitib, gələcəm”- Vüsalə xanım deyir.
Yeniyetmənin anası deyir ki, Fatimə daha əvvəl martın 28 də 4-cü polis bölməsi tərəfindən saxlanılıb. O, “Diktatoru tanıdaq” aksiyasına qatılıb və onun plakatlarını yayıb.
Vüsalə Mövlamova deyir ki, bundan sonra polis bölməsində ona xəbərdarlıq ediblər və deyiblər ki, “uşaqsan belə işlərə qarışma”.
Fatimənin valideyini bildirib ki, onun qızı heç bir siyasi partiyanın üzvü deyil və AXCP-ə qarşı rəğbəti olub.
Azərbaycan Xalq Cəbhəsi partiyasından da BBC Azərbaycancaya bildiriblər ki, Fatimə Mövlamova partiyanın sıralarında təmsil olunmur, fəal gənc kimi bəzi tədbirlərə qatılıb.